Hələ günəşin dünyaya gəlməsinə xeyli vardı. Gecə olmasına baxmayaraq, sentyabr öz isti nəfəsi ilə üşüməyə qoymurdu bu şəhəri. İsti yay havası, şəhərin kənarından keçən çay; hər şey mükəmməl idi. Təbiət insanlardan fərqli olaraq kirlətmir, məhv etmir. Şəhər öz adını elə yaxınlığından axan bu çaydan götürmüşdü. Çay şəhəri olaraq tanınır, sevilirdi. Çay şəhəri ölkənin paytaxtı olmasa da, ən böyük və əsas şəhərlərindən biri idi. Ətraf rayon və kəndlərdən minlərcə insan bura işləmək üçün gəlirdi…Bu şəhərdə minlərcə ümid və ya hüsranla bitən hekayə yaşanırdı…

Yağışlı bir iyun səhərində başlayıram yeni romanımı yazmağa. “Ləman”ı yazmadan öncə roman mənim üçün Qaf dağı qədər uzaq görünürdü. Sonra “Ləman”ı yazdım və hər sözü, cümləsi ilə romanın ruhuma nə qədər yaxın olduğunu anladım.
Hekayələrimi oxuyan hər kəs onlarda olan yarımçıqlığı hiss edirdi, elə özüm də. Hekayə ilə fikrimi çatdıra bilmirəm. Həqiqi yazmağı bacaran hər kəs mənim sözümü təsdiqləyər ki, roman hekayədən asan başa gəlir. Səhv etmirəmsə, Drayzerin sözləridi: “Öncə şeir yazırlar, alınmır, sonra hekayə, o da alınmır, bu zaman başlayırlar roman yazmağa. Bu, bütün böyük romançılara aiddir”.
Yazmaq yaşamaq qədər gözəldi, bunu yazan hər kəs bilir. Bir yazarın xoşbəxt olduğu anlar öz obrazlarını yaradarkən hiss etdiklərində gizlidir.Əsər bitdikdən sonra o, artıq yazarın deyil, oxucunun olur. Əsər uğurlu və ya uğursuz olsun, yazara şöhrət gətirsin, ya da əlində olanları da alsın; bunun heç biri yazarın vecinə deyil. Çünki, yazmaq yaratmağın balaca bir parçasıdır. Yaratmaq- bilinmək, tanınmaq o qədər gözəldir ki, hətta, Tanrı özü də kainatı; dünyanı, bizləri yaratdı. Sənətkar da bilinmək istədiyi üçün yazır, yaratmaq istəyir. Ölümsüzlüyün insanlara deyil də, sözlərə aid olduğunu bilir. Mən öldükdən sonra düşüncələrim yaşayırsa, deməli, ölümsüzlük şərbətindən içməyi bacarmışam. Baxın, biz Tanrının özünü görə bilmirik, ancaq bir yaradıcının varlığını çox insan qəbul edir. Yaradan görünmür, lakin yaratdıqları göz önündədir.
Gözəl olan dağın zirvəsinə çıxmaq deyil, o yolda çəkilən əziyyətlərdir. Zirvə son dayanacaq yeridir, ora yanlızlıq, ora ölümdür…
İnsan həqiqətə çevirəcəyi bir xəyalı qalmadığı zaman ölür. Zirvə isə bütün xəyalların həqiqət olduğu yerdir. Bir yazarın zirvəsi şan-şöhrətdir. Bunu “zirvəyə” çatdıqdan sonra intihar edən yazarlar sübut ediblər.