Şair-filosof Əlişad QARAQASIMLI.Şeirlər

* * *

Vətəni, torpağı olmayanların
Fikrini deməyə sözü də olmaz.
“Torpaqdan pay olmaz” deyən bir xalqın
Özgə torpağında gözü də olmaz.

Göylərə baş vuran çinardır Vətən,
Biz doğuçağında yaşıl budağıq.
Səmaya qalxanda-əlçim bulud,
Torpağın üstündə gəzən torpağıq.

Günəş gülümsəsin Vətən göyündə,
Nurlu torpaqları hər an var olsun.
Qəlbim dilə gəlir bir dost görəndə:
“Torpaqdan torpağa salamlar olsun!”.

Bir qəfil küləkdən şam kimi sönüb
Qartək ağ kəfənə büküləcəyəm.
Ölərkən bir ovuc torpağa dönüb
Özüm öz gözümə töküləcəyəm.

Zirvə

Zirvə, zirvə-deyir yerindən duran,
Görəsən, zirvənin sonun varmıdır?!
Zirvənin məskəni o uzaq ulduz,
Yoxsa, göylərdəki buludlarmıdır?!

Şöhrət bayrağını qaldırıb yerdən,
Biz hansı zirvənin başına sancaq?!
Zirvəyə ucalmaq, zirvə deyildir,
Zirvəni ucaltmaq zirvədir ancaq!