Onun adı ilə…

…qapını döyürəm, soyuqdan titrəyən barmaqlarımla. Əgər ki, qapı açılmasa soyuq nəfəsimi kəsəcək, bu həyat oynunu ərkən bitirməli olacam. Necədə romantik bir mənzərə var çöldə. Tam sevgililərin qar topu oynayacağı, üşüyəcəyi və daha sonra birlikdə gəlib sobanın kənarında bir-birilərini öpüşləri ilə isidəcəkləri… Di gəl ki, bu romantika mənim sonum ola bilər. Romantik bir ölüm – əslində istədiyim elə bu deyildimi, bir düşünsənə son nəfəsini verirsən və göz qapaqlarına bir birindən gözəl qar dənələri qonur, baxışların sonuncu dəfə sonsuz göy üzünə baxır, sevdiyin qadını düşünüb kövrəlmək istəyirsən, ancaq gözlərindən yaş gəlmir, gözlərin çoxdan ölüb-quruyub. Bax bu olmadı ki, romantik xəyal qurduğum yerdə… Ancaq reallıq da var əzizim, reallıq! Görəsən insanın gözləri özündən öncə öləndə nə düşünür, düşünə bilirmi?!

Gücümü toplayıb bir kəz daha döyürəm qapını, bu döydüyüm qapı… elə həyatın da qapısıdı. Və möcüzə baş verir. Budur qapı açıldı. Xatırladığım, daha doğrusu gördüyüm sonuncu şey bir kölgənin, xəyalın məni sürüyüb içəri salması olur. Gözlərim ölməsə də, beynimdən öncə yuxuya dalır… Gözlərim yuxu görür, ancaq düşüncəm hələki yerindədir, düşünə bilirəm. Qaranlıqdı, ancaq balaca bir işıq gəlir sinəmdən. Bəli, bəli yalan danışmıram ürəyimlə bir işıq görürəm. O işıq mənə ilk insandan bu günə qədər yaşamış, sevmiş insanların ümid nəğməsini söyləyir. Qəlbimlə görürür, duyuram, hətta gözlərim yuxuda olduğundan ürəyimlə kövrəlirəm. Hər zaman qan vuran ürək, bir neçə anlıq yaş axıdır damarlarımla bədənimə. Elə, o yaşlar da isidir məni, dirildir. Yavaş-yavaş gözlərimin, qulaqlarımın buzu, donu əriyir.

Əl-ayağımda bir istilik, dodaqlarımda isti bir nəfəs hiss edirəm. Səhv başa düşməyin, bu öz nəfəsimdi. Qəlbimin göz yaşı damarlarımda dolaşdıqca mən nəfəsimi duyur, öz gözlərimə baxıram. Artıq gözlərim ətrafımda olanları kölgəli şəkildə də olsa görür. Bax budur, kimsə bir nəfər qarla bədənimi ovur, məni həyata qaytarmağa çalışır. Gözlərimi açan kimi də sevinir, bunu görmürəm hiss edirəm təbii ki, bədənimdə gəzən əllərindən. Əvvəlcə qorxa-qorxa gəzən əllər indi sevinc, sevgi ilə dolanır bədənimdə. Deyəsən yavaşca ölümdən həyata tərəf iməkləyirəm. Ətraf aydınlanmağa, düşüncəm durulmağa başlayır. İndi sadəcə öz nəfəsimi deyil, məni həyata qaytaran insanın da nəfəsini tənimdə duyuram. Bu nəfəsdə sevgi, mehribanlıq, həyat var. Elə bunlardan anlayıram bunun bir qadın nəfəsi olduğunu. Sonuncu dəfə haçan tənimə bir qadının nəfəsi toxunmuşdu, haçan bir qadınla ölümünə sevişmişdim və ya sevişmişdimmi?! Bu nəfəsi tanıdığıma görə, bədənimdə dolaşan bu əllər qəlbimin atışını dəyişdirdiyinə görə yəqin ki, mənim də haçansa dəli kimi sevdiyim bir qadınım olub. Bəs, indi onu niyə xatırlamıram?! Hər halda düşüncəmin buzu hələ əriməyə təzə-təzə başlayır. Onun üçün xatirələrim dumanlı havada azan canavar kimi ulayır. Yerə uzadıblar məni – yerdən salınmış bir yatağa. Balaca bir otaqdı. İçində iki çarpayı, balaca bir masa, bir də alovlu yanan odun sobası. Mənim yatağım sobanın yaxınlığındadı. Odunun yanarkən çıxardığı səs, bayırda özünü qapı-pəncərəyə vuran küləyin səsi. Ölüm və həyat kimi bir-birinin əksi… İndi bədənimi ovan qadının qara uzun saçlarını seçə bilirəm. Yatağın yanına əyləşib, əlindəki qarla tənimə həyat verməyə çalışır. O, əyildikcə saçları, sinəsi bədənimə toxunur. Qulağıma incə bir səs gəlir, "adın, adın nədir?" – dodaqlarımı hərəkətə gətirməyə çalışıram. Soyuqdan göyərən dodaqlarımın hərəkət etmədiyini görüb, mənə tərəf əyilir. İsti dodaqları utana- utana dodaqlarıma həyat verir. Buna öpüş demək olarmı, bilmirəm, ancaq dodaqlarımın yavaş yavaş isindiyini, ağzımın dada gəldiyini hiss edirəm. Lakin onun dodaqlarına cavab verəcək gücüm hələ də yoxdu. Bir qədər dodaqlarımı ağzında oynatdıqdan sonra başını qaldırır – Murad, adım Muraddı deyə bilirəm asta bir səslə. Gülümsəyərək, "Mənim adım da Nadejdadı, qorxma həyata qayıtdın" deyir. Yenə bir duman çökür gözlərimə. Bu dəfə istidən bədənim boşalır, yuxuya gedirəm… Özümü hiss etdiyim zamanca ağzımda Nadejdanın dodaqlarının dadı, qəlbimdə qəribə bir hiss…

İkinci Dünya müharibəsi illəri, faşistlərin hələki irəllədiyi vaxtlar. Bütün cəhdlərə baxmayaraq düşmənin qarşısı alına bilmir. Hər gün bir az daha torpaqları tuta-tuta gəlir. Qara kağızın getdiyi ailələrinsə sayı-hesabı yoxdu. Bax o qanlı savaşların birində bütün döyüş yoldaşlarımı itirərək, təkcə mən sağ qaldım. Qarlı-çovğunlu gün, göz gözü görmür. Həyatda qalmaq üçün meşənin olduğu tərəfə doğru getməyə başladım. Bütün ümidimi itirmiş, ölümün gələcəyi anı gözləyirdim. Elə bu vaxt meşənin içində balaca bir kənd gördüm. Qıraqdan baxmaqla heç vaxt tapmaq olmazdı buranı. Çox yox, 10-15 ev ancaq olardı. Onlar da balaca komalar. Hiss olunurdu ki, burada yaşayan insanlar ya çox kasıb, ya da savaşdan qaçıb buraya sığınan insanlardı. Bədənimi hiss etmirdim. Güc bəla ilə sürünüb, ilk evin qapısını döydüm. Bax məni həyata qaytaran Nadejda həmin o qadındı. Bir-iki gün sonra özümə gəlməyə başladım. İndi onunla danışır, dərdləşirdik. 35 yaşı vardı. Əri savaşa gedib, qayıtmamışdı. Bu daxmada tək qalırdı. Bu balaca kənddə demək olar ki, heç kişi yox idi. Bəzilərinin qara kağızı gəlib, bəzilərindən arada-sırada da olsa məktub gəlirdi. Elə əvvəldən kasıb kənddə yaşayırdı bu insanlar. Müharibə başlamamışdan əvvəl kasıb olsalar da xoşbəxt idilər. Kiçik əkin sahələri, bağları vardı. Cavan oğlanlardan bəziləri şəhərlərə işləməyə də gedirdi. Uzun sözün qısası yaşayırdılar. Belə anlarda insan sadəcə yaşamaq istəyir. Deyir ki, kaş kasıblıq olaydı, bir tikə quru çörəyim olaydı, ancaq yaşaya biləydim. Nadejda danışdıqca çox uzaqlarda olan ailəmi, qadınımı, balaca uşaqlarımı xatırladım. Bəli, indi yadıma düşdü mənim də sevdiyim bir qadınım vardı, iki də balaca oğlum. Demək ki, bədənimi nəfəsi ilə isidən qadınım üçün çox darıxmışammış. Bunu Nadejdanın üzünə baxdıqca, sözlərini dinlədikcə hiss edirdim. Bizim kəndimiz də, elə balaca bir kənddi. Meşənin içində olmasa da, qırağında yerləşirdi. Sapsarı taxıl zəmilərimiz vardı. Yay aylarında uşaqlarla göyərçin ovlamağa gedərdik, sünbüllərin içində gizlənə-gizlənə. Hərdən qoruqçu bizi görər, qovalayardı. O zamanlar ən böyük düşmənimiz bozan atı, ceyran ayağından qamçısı olan qoruqçu Abbas kişi idi. İndi isə dünyanı qana bulayan faşistlər….

Daha sağalırdım. Bir neçə gündən sonra buradan çıxmalı, böyük vətən üçün savaşmağa davam etməliydim. Bir aydan artıqdı buradayam. Kim bilir nələr baş verib… Nadejda ilə keçən bu bir ayda çox yaxınlaşmışdıq. Utanmasam bir-birimizi sevirik deyərdim. Ehhh, nə bilim bəlkə də sevirdik. Bu qanlı savaşın ortasında, qanlı bir sevgi olardı bu. Getmək vaxtıma azaldıqca ürəyim sancır, Nadejdanın gözlərindəki kədər isə qara bir deşik kimi böyüyürdü. Nəhayət zaman gəlib keçdi. Sabah yola çıxmalıyam. Bu gecənin bitməsini heç istəməzdim, ancaq bitməliydi. Axşam oldu. Ətrafı ışıqlandıran sadəcə sobanın atəşi idi. Nadejda mənə yaxınlaşdı, boynumdan qucaqlayıb dəli kimi üzümdən, dodaqlarımdan öpdü… İlk gün gəldiyim zamankı yer yatağını sərdi mənim üçün… Bədəni bu dağlar, meşələr, qış kimi təravətli idi. İlk gündən ağzımda qalan dodaqlarının dadını bir daha duydum. İndi o dodaqları bütün gücüm ilə öpürdüm – sanki varlığıma hopdurmaq istəyirdim. Bu öpüşlər qanlı savaş kimi atəşli idi…

Sabah oradan ayrılıb, partizanlara qoşuldum. Düz üç il böyük vətənin başqa-başqa yerlərində savaşdım. Dəfələrlə yaralandım, ancaq Tanrı mənə ölməməyi, uzun illər yaşamaq, xatırlamaq kimi bir əzab verdi. Uşaqlar böyüdü, nəvələr evləndi. Yaşıdım olan bütün insanlar öldü. O günləri, sonu qələbə ilə bitən savaşı anlatacağım kimsə qalmadı. Ancaq ən çox canımı acıdan Nadejdanın xəyalıdı. Hər qış çovğunlu gecələrdə pəncərəmi küləklə döyür. "Gəl, Murad, gəl artıq" deyir, ancaq hələki gedə bilmirəm…