Şükür ŞƏNOL.”…nə gözəl onu andı, sevdi, düşündü hər türk”

Türklüyü ən böyük qürüru oldu çocuqkən
…Atası Əli Rza əfəndi
anası Zibeydə bəyim
doğulduğu ev Salonikidə Qocaqasım məhəlləsi
sübhün üzü qızılgüllər kimi qırmızı
buludların üzü qar kimi bəmbəyazıdı
səkkiz yaşı vardı, atası vəfat edəndə
türklüyü ən böyük qüruru oldu çocuqkən
bunu duyan və sezən yüzbaşı Mustafa əfəndi
isminin sonuna “Kamal” yazdı…
…………………………………………….
Hərbçi oldu, natiqliyi və ədəbiyyatı sevdi
hər sözünün başı Vətən
o, türkün alp ərəni
dünənin, bu günün, sabahın qəhrəmanı
öpə-öpə məmləkətin torpağını, daşını
əngin üfüqdən doğan
qızıl şəfəqlər kimi
onun bağrından qopan
yaşa Vətən nidası qabaqladı zamanı…
…………………………………………….
Dənizdən və qurudan
gələn bir dev ordunun, önündə
o, bir savaş yolçusu
onun üstü, köynəyi mərmi, barıt qoxulu
daş, qaya, qala oldu
düşmənə Çanaqqala
keçilməz sipər kimi
uzaq tutdu düşməni
saxladı və qorudu minarələr şəhəri
qənirsiz gözəl olan sevgili İstanbulu…

Fəqət, sultan, saray və
hökumət Antanta ilə
şərəfsiz sülh müqaviləsi imzalayıb
birinci dünya savaşından çıxdı.
Ağır şərtləri olan Mudros müqavıləsi
ulu bir məmləkəti yıxdı
düşmən istədiyini aldı
ordusu buraxılmış ölkənin qədəri
quyu dibi kimi qaranlıq qaldı…
…………………………………………….
Başsız millət və başsız məmləkət
türk insanının qəlbində
bütün hər şeyin kədəri
sıra-sıra, umudsuz qarşıladı
açılan hər günü, hər səhəri
önə, qabağa çıxdı Mustafa Kamal Paşa.
Türklüyü başının tacı, onun dövləti, varı
türkü və türkəm deyəni
döyüşə apardı Vətən uğrunda
bu dühanın “Ya istiqlal, ya ölüm!” şüarı…
…………………………………………….
Bir millətin ölüm-qalım müharibəsinin
istiqlaliyyət savaşında mübarizəsinin
önündə gedən böyük
səsinə millət və məmləkət oyandı
ormanlardan- ormanlara
yeriyən aslanlar kimi
səngərdən- səngərə yeriyən
türkün əsgəri
birinci İnönü qələbəsiylə
düşmənin sinəsinə süngü kimi dayandı
bir qələbəsi də Sakariya meydan savaşı
ardından zəfər saatı gəldi
məmləkət yenidən
qanadlarını çırpdı
bəmbəyaz mələklər kimi
onun çiyinlərindən yüksəldi…

Mustafa Kamal Paşa

…Böyük öndər
fikir və düşüncələrində
inancı “Ya istiqlal, ya ölüm!” şüarı
qəlbini açdı, ürəyini verdi
millətinə, məmləkətinə
bir müqəddəs
hürriyyət nəğməsi kimi ötdü rüzgarı
türkün tarixinə
yazdı “Nə xoşbəxtdir, türkəm deyən!” səsini
o səsdə, o səsin ahəngində
bütün uçurumları yenən
qüdrət və qüvvət axdı ruhlara
o səs “Yurdda sülh, cahanda sülh!” söyləyən
bir könüldən havalandı
yazılmaz və
sığmaz uzun-uzun dastanlara…
…………………………………………….
Min doqquz yüz iyirmi ikinci il
otuz avqust savaşı
türk tarixinin şanlı səhifəsi
bu zəfər
hədəfə yönəlmiş
fədakarlığın, milli birliyin ən gözəl misalı
yenidən dalğalandı Vətənin hər yerində
türkün Ay-ulduzlu bayrağı
yekdilliklə Böyük Millət Məclisi
yaratdığı, qurduğu cümhuriyyətə
prezident seçdi
min səkkiz yüz səksən bir
təvəllüdlü Mustafa Kamalı…
…………………………………………….
Min doqqus yüz otuz dördüncü ildə
ona, Atatürk adını verdi məclis
el-el, oba-oba
dolaşdı məmləkəti
oldu Vətənin hər köşəsində
böyük öndər Mustafa Kamal Paşa
könüllərə yazdı
məslək və amalını
istək dolu bir qəlbnən
bu yollarda uçurum keçdi, dağ aşdı
bir aydın gerçəyə çevirdi
uzaq-uzaq
üfüqdən ötən arzu və xəyalını…
…………………………………………….
Nə gözəl, onu andı
sevdi, düşündü hər türk
son mənzili Anıtqəbir
aydın səma altındakı
böyük, gözəl, xoş xatirat
gözümüzdən iri-iri
süzülsün isti damcılar
dönüb-dönüb onu anaq
o, bir dünya, bir kainat
gedək, onu – türkün böyük
atasını ziyarətə
önündə mən, sən əyilək
başımızı bir an əyək
içimizdə, ona sayğı
ruhuna dualar deyək…

Atatürk sevgisi
…Unudulmuş sevgilər
çox-çox əski sevgilər
yaşıl biçənəyin, iydə çiçəyin
havasına tutulan
yaz günlərindən oyandı üzümüzə…
…………………………………………….
uzaq üfüq qaşında
günün bata-batında
dan üzü qaranlıqdan qalxan aydınlığa
oxşadı bir belə sevgi, bir belə istək…
…………………………………………….
Bir belə sevgiyə, belə istəyə
məmləkətin ağacları çiçəklədi
çiçəklədi heyvaları
çiçəklədi gilənarı
gözdolusu Təbrizdə, Ankarada, Şuşada
və Gəncədə…
…………………………………………….
Bir belə sevgiyə, belə istəyə
dağların göyü açıldı
açıldı torpağın üzü
açıldı daş qönçənin gözü
evlərin banı açıldı alapaxta qanadına
bu sevginin yiyəsiydi and içən
damarımızda axan dopdoğma qan adına…
…………………………………………….
Bir belə sevgi, bir belə istək
bəlkə, bir də yüz il, min il sonra
yaşıl biçənəyin, iydə çiçəyin
havasına tutulan
yaz günlərindən oyandı üzümüzə…