Nizami CƏFƏROV.”Aristokratiyanın dili”

Qədim dövrlərdən başlayaraq, demək olar ki, bütün xalqlarda, cəmiyyətlərdə ümumxalq dili ilə yanaşı, aristokratiyanın, yaxud yüksək təbəqənin geniş xalq kütlələri üçün ya tamamilə, ya da qismən yad elə bir özünəməxsus ünsiyyət vasitəsi olmuşdur ki, çox hallarda həmin xalqların, cəmiyyətlərin klassik bədii, elmi, rəsmi-işgüzar və s. mədəniyyət tarixini məhz bu özünəməxsus ünsiyyət vasitəsindən istifadə miqyası (və məharəti!) müəyyən edir. Qədim türk aristokratiyası yalnız türkcədə ünsiyyət saxlamış, lakin türklərin I minilliyin sonu, II minilliyin əvvəllərindən etibarən bir-birindən müstəqil xalqlar olaraq ayrıldıqları yeni dövrün əvvəllərinə qədər üç aristokratik dildən istifadə etdikləri məlumdur: ərəb, fars və türk dilləri.
Ərəbcənin islam dininin, eləcə də bu möhtəşəm dinin ideya-metodoloji təsiri altında təşəkkül taparaq orta əsrlər boyu inkişaf edən elm, farscanın isə zəngin poetik təfəkkürün dili olduğu barədə çox yazılsa da, türkcənin tarixi aristokratizmi haqqındakı təsəvvürlər elə də mükəmməl deyil. Və əlbəttə, bunun səbəbi türk dilinin həmişə xalq dili, folklor dili (və nəticə etibarilə, “türkün sözü”) səviyyəsinə endirilməsi olmuşdur ki, bunun da əsas “günahkarlar”ı, ilk növbədə, türklərin özləridir. Mahmud Kaşğarinin məşhur dildə türkçülük təəssübkeşliyindən, Yusif Balasaqunlu, Əhməd Yəsəvi və Əhməd Yüqnəkinin həmin təəssübkeşliyin mükəmməl fakt-mətnlərini təqdim etmələrindən sonra türk aristokratiyasının istər ərəbcəyə, istərsə də farscaya meyli yalnız sosioloji amillərlə izah olunmalıdır. Hər şeydən əvvəl ona görə ki, I minilliyin sonu, II minilliyin əvvəllərində ən azı min illik zəngin etnolinqvistik qaynaqlar əsasında formalaşmış Türküstan (Kaşğar) türk ədəbi dilini, professor Əhməd Bican Ərcilasun tamamilə haqlıdır ki, səlcuqlar Anadoluya gətirə bilmədilər. Niyə?.. Türk aristokratiyası Şərqdə (Türküstanda!) qalmışdı, Qərbə axın edənlər isə türk cəmiyyətinin o hissələri idi ki, hərbi-siyasi gücə əsaslanırdılar. Və elə ki, həmin güc sayəsində geniş bir coğrafiyaya hakim oldular, dərk etməyə başladılar ki, istər ərəb, istərsə də fars aristokratiyası qarşısında dayanacaq “kadr”ları, demək olar ki, yoxdur… Türküstanda monqollar türk aristokratiyasının axırına çıxanda Qərbdə türk hökmdarları ərəb-farsdilli aristokratiya (və mütəfəkkirlər!) yetişdirməyə məcbur idilər. Lakin “türk dili yaraşmaz şah nəslimizə, əskiklik gətirər türk dili bizə” düşüncəsi yuxarı təbəqədə nə qədər aparıcı olsa da, türkcə türk cəmiyyətində yalnız ümumxalq- folklor dili olmaqla qalmayıb, öz etnolinqvistik enerjisi (və ehtirası!) ilə “yuxarılar”a – saraylara can atırdı ki, bunun üçün ərəbcə və farsca kompromisə girmək lazım gəlirdi. Ona görə də türk aristokratiyası türkcənin leksikasını ərəbcə və farscaya güzəştə gedib qrammatikasına sahib çıxdı.
Orta əsrlər türk aristokratiyasının dil- ünsiyyət mədəniyyətinin göstəricisidir ki, ərəbcəni, farscanı və türkcəni – tamamilə müxtəlif sistemli dilləri bir-birindən ayırmadı, hətta üç dildə yazan dahi türk mütəfəkkirləri yetişdirməklə yanaşı, türkcədə bu üç dili “birləşdirmək” kimi unikal bir təcrübəyə müəlliflik etdi.
Orta əsrlərin sonu, yeni dövrün əvvəllərində – XVI-XVIII əsrlərdə türklərin differensiasiyası (və müasir türk xalqlarının formalaşmağa başlaması) nəticəsində milli aristokratiya türkcənin yerli təzahürlərinə xüsusi önəm verir.
Rus dilinin türk aristokratiyası arasında yayılması nə mədəni, nə də siyasi deyil, məhz inzibati tələblərdən irəli gəlir. Və heç də bütün Türk dünyasını əhatə etmir… XIX əsrin əvvəllərindən başlayaraq Rusiya imperiyasının müxtəlif xalqlara bölünmüş türklərə hərbi-siyasi təcavüzü qarşısında Qərbdə Osmanlı türkləri, Şərqdə isə uyğurlar davam gətirə bilir. Azərbaycan ikiyə parçalanır… Və Azərbaycan aristokratiyasının dil taleyi o baxımdan kifayət qədər mürəkkəbləşir ki, Rusiya imperiyasının yerini Sovetlər Birliyi tutanacan rus dili türk- fars- ərəbdilli ziyalı mühitinə birbaşa yox, fransız ədası və ya elitarlığı ilə nüfuz etməyə başladığından Azərbaycan aristokratiyası Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundzadədən başlamış Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadəyə qədər həm Şərq, həm də Qərb (ən azı rus) dillərini mənimsəmələri (və yaradıcılıq-fəaliyyət praktikasında birbaşa istifadə etməli) olurlar. Odur ki, biz XIX əsr Azərbaycan ziyalısının mədəni səviyyəsini göstərmək istərkən tez-tez belə bir ifadə-formuldan istifadə edirik: “O, ərəb, fars və türk dilləri ilə yanaşı, rus-Avropa dillərini də bilirdi”… Lakin müşahidələr göstərir ki, milli azadlıq hərəkatının gücləndiyi 1910-cu ildən, xüsusilə AXC-nin mövcud olduğu 1918-1920-ci illərdə Azərbaycan aristokratiyasının dili, əsasən, Azərbaycan türkcəsidir. Və biz bunu, ilk növbədə, Cümhuriyyət Parlamentinin nitq təcrübəsində görürük. Birincisi, millət vəkilləri Azərbaycan türkcəsində danışmağa çalışırlar; ikincisi isə bu dili yaxşı bilməyənlər Məclisdən üzr istəməyə, tezliklə dövlət dilində danışmağı öyrənəcəklərinə söz verməyə məcbur olurlar.
Sovet hakimiyyətinin ilk illərində – 1920-1930-cu illərdə Azərbaycan aristokratiyası artıq siyasi-inzibati deyil, ədəbi-mədəni ziyalılar təmsil edir ki, onları “köhnə” və “yeni” olmaqla iki nəslə ayırmaq lazım gəlir. “Köhnə” nəslə, məsələn, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Abdulla Şaiq, Əliağa Şıxlinski, Bəkir Çobanzadə, “yeni” nəslə isə Cəfər Cabbarlı, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Mehdi Hüseyn, Məmməd Arif, Həmid Araslı, Mir Cəlal, Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə… daxildirlər ki, bu nəsillərin dil aristokratizminə artıq daha doğru olar deyək, elitarizminə münasibətdə mövqeləri fərqlidir. O mənada ki, “köhnə” nəsil öz mövqeyini müəyyən etməkdə daha sərbəst olduğu halda, “yeni” nəslin qarşısında müəyyən ideoloji məhdudiyyətlər dayanır ki, onlardan birincisi xalq danışıq (“proletar”) dilini ədəbi səviyyəyə yüksəltməkdən, ikincisi isə rus dilini yeganə beynəlxalq ünsiyyət vasitəsi (gələcək kommunizm cəmiyyətinin dili!) olaraq mənimsəməkdən, ona xüsusi ehtiram göstərməkdən ibarətdir.
XX əsrin ortalarından, ilk növbədə, Stalin rejiminin çökməsindən etibarən Azərbaycan ziyalı elitasında rus dilinin get-gedə süni şəkildə yüksəldilən nüfuzu qarşısında Azərbaycan dilinin milli-mənəvi, eləcə də siyasi-ideoloji hüquqlarını qorumaq hisslərinin güclənməsi, əlbəttə, tarixi bir zərurət idi. Mirzə İbrahimovun şəxsində baş qaldıran “ana dili qiyamı”, “mərkəz”in sərt reaksiyası öz yerində, “daxil”də də müəyyən müqavimətə rast gəlsə də, tamamilə aydın idi ki, bu, məhdud dünyagörüşlü bir millətçinin deyil, dünya mədəniyyətinə yaxşı bələd olan milli kommunistin ümumbəşəri dəyərlərə zidd olmayan təşəbbüsüdür. Və Azərbaycan ziyalı elitasının ümumi mövqeyini əks etdirir.
Mirzə İbrahimovun “ana dili qiyamı” və ya Azərbaycanın dövlət idarələrində Azərbaycan dilinin nüfuzunu gücləndirmək təşəbbüsü milli ziyalı elitasının dilə münasibəti baxımından ən azı üç səbəbdən irəli gələ bilərdi:
1) Sovetlər Birliyi yaranarkən kifayət qədər qədim mədəniyyəti olan xalqlar müttəfiq respublikaların timsalında onun tərkibinə o şərtlə daxil olmuşdular ki, milli mədəni varlıqlarına, yaxud mənliklərinə toxunulmasın, lakin həmin şərtə nəinki əməl olunur, hətta zaman-zaman zatı-kökü naməlum bir xalqdan – “sovet xalqı”ndan bəhs edilməklə digər xalqların ruslar daxilində əriməsi tendensiyası dövlət siyasəti səviyyəsinə qaldırılır;
2) Azərbaycan xalqı ikiyə parçalandığından onun dili iki fərqli ictimai-siyasi şəraitdə mövcud idi ki, milli ziyalı elitası bunu nə Şimaldakı, nə də Cənubdakı “ağa”lara güzəştə gedə bilmirdi;
3) Stalin rejiminin çöküşü millətin təbii hüquqlarını təmin etmək üçün müəyyən ümidlər doğurur, perspektivlər vəd edirdi.
Mirzə İbrahimovun sələfləri, müasirləri ilə yanaşı, onlardan geri qalmayan xələfləri də meydana çıxdı: Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Anar, Elçin, Sabir Rüstəmxanlı…
Və heç şübhəsiz, milli dil elitarizmi problemini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həll etdi. Sadəcə, bir-iki “qiyam” və ya təşəbbüsdən ibarət olmayıb ümumən milli dövlət quruculuq strategiyasının üzvi tərkib hissəsi səviyyəsinə yüksəldən dil məsələsinə bu gün millət və milli elita münasibətləri sistemində (və tamamilə təbiidir ki, beynəlxalq ünsiyyət, mədəniyyət kontekstində baxılır. Azərbaycan Prezidenti İlham Əliyevin dami nəzarətdə saxladığı, zəruri proqram, fərman sərəncam və göstərişlərlə işlənməsi, saflığı, inkişafı ilə yanaşı, elitar nüfuzunu da ardıcıl müdafiə (və təmin) etdiyi Azərbaycan dili xalqımızın (və dövlətimizin) tərəqqisinin həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda ən mühüm göstəricisidir.
O dövrdə ki, xalqın dilinə onun güclü dövləti qayğı göstərir, onda yad dillər, yaxud təsirlər həmin dili öz kökündən ayıra, mehvərindən çıxara bilməz. Və ana dilinə münasibətdə bütün xalq elitaya (aristokratiyaya) çevrilmək imkanı əldə edir.
Ümummilli lider Heydər Əliyev nə etdiyini bilirdi. Və Dünya azərbaycanlılarının lideri İlham Əliyev də nə etdiyini bilir…

Mənbə: http://edebiyyatqazeti.az