Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İstiqlal əsgəri…”

Bir körpə dağ qartalıydı,

uçuşları xatalıydı.

Dövrə vurub nə gəzirdi? –

zirvədə zirvə gəzirdi.

Sinəm şeir qaynağıdı,

uçuşların oylağıdı.

Uç, havalan sənə baxım,

sənə qurban!

Sənə baxım.

Gələn-gedən mənimkidi,

ölən-itən mənimkidi.

Vətən,

Vətən mənimkidi.

***

Mübarizin ruhu safdı,

yazılmamış bir kitabdı,

toxunmamış ipək gəvə,

ömür yolu – bir səhifə

Həyatının bircə anı, –

o da Nuhun bir tufanı.

Unudulmaz o bircə gün,

sənin üçün,

mənim üçün.

Arayıb-axtardım onu,

Şumerlərin qəhrəmanı.

Gilqamışa qohum çıxdı,

yerdən təzə toxum çıxdı, –

türk toxumu!

qitə – türkün qitəsiydi.

***

Neçə min il bundan qabaq,

yarı insan, yarı Allah!

Qılınc-qalxan gəzdirərmiş,

qurbanlıqlar kəsdirərmiş.

Qoruyarmuş ədaləti,

yaşadığı məmləkəti.

Bir kəsin xətrinə dəyməz,

Boyun vurar,

boyun əyməz.

ağlayanla ağlayarmış,

gülənlə gülərmiş o da,

ər oğlu əriymiş o da,

əsl əsgəriymiş o da.

Mübariz də oxşamışdı,

deyirdilər Gilqamışdı.

Seçilirdi tay-tuşundan,

yerişindən-duruşundan.

Fərqliydi boy-buxundan da,

azından da, çoxundan da.

Baxıb fəxr eləyirdilər,

göz dəyməsin deyirdilər.

***

Qonşuda bir mərdimazar,

erməni kirvə – Bağdasar.

Evlərinə gedib-gələr,

nə oturar, nə əl çəkər,

iti-qurdu misal çəkər,

Sancar arı iynəsini,

körükləyər çənəsini:

Amazaspı, lalayanı,

ev-eşiyi talayanı,

Qırğınları törədəni,

o gədəni, bu gədəni, –

kərəqulaq bir paşanı,

Zəngəzuru, Naxçıvanı,

tutub kənd-kənd yandıranı…

“Yan”ları yan-yana düzər,

bizimkinə ağız büzər.

Nuru Paşa deyən kimi,

göyərər kal göyəm kimi.

Türkün türkə köməyini,

desən, tutar ürəyini.

Türkün İslam ordusunu,

pisləyər ömrü uzunu.

Mübarizə bu, dəyərdi,

açıq, gizli inciyərdi.

***

Ermənilər gəlməydilər,

Qafqaz əhli deyildilər,

İrandan köçürmüşdülər,

Turandan köçürmüşdülər.

Bəlkə də, qovlamışdılar,

gətirib paylamışdılar:

Naxçıvana,

İrəvana,

bir də bütün Qarabağa,

içimizdə “yaşamağa”.

Naxçıvan – bir xanlığıydı,

İrəvan – bir xanlığıydı,

Qarabağ da – ayrı xanlıq.

Adətimiz, ənənəmiz,

ata-baba bünövrəmiz

göz çıxartdı, gözə gəldi,

gələn guya, təzə gəldi,

gələndə mərkəzə gəldi!

***

“Yersiz gəldi, yerli qaç!” –

erməni – boynunda xaç,

hazırın naziriydi,

Kiminsə əsiriydi,

kiminsə xəfiyyəsi!

Burda da “ev yiyəsi!”

Dağıl, dağıl, a dünya!

Orda başıdaşlısan,

burda ikibaşlısan,

yoxsa nağıl, a dünya?!

***

Çiyələk bitən yerləri,

kəkliklər ötən yerləri,

havası – loğman yerləri,

bulaqlar axan yerləri,

meşələrin ətəyini,

arıların pətəyini,

təzə qalxan biçənəyi,

gülün üstə kəpənəyi,

bizim yaylaq yerimizi,

yay vaxtı – dağ yerimizi,

seçib “qonşuya” verdilər.

sənəyi suya verdilər.

Nikolay şahın işiydi,

bəlkə, Allahın işiydi?

Vətənsizə “vətən” verdi,

böldü yarıya,

tən verdi!

Çar onlara yaxın oldu,

Qafqazdan “arxayın” oldu.

Əvvəl bir az dolandılar,

bizimkilər inandılar.

Dedik ki, insan-insandı:

taxılbiçən,

otçalandı,

Çərçivəyə ayna salan,

çəkmə tikən, zurna çalan,

rəsm çəkən… ta nə deyim,

dediyimi kimə deyim?!

Yer bizimdi, torpaq bizim!

deyir yox,

Qarabağ bizim!

Nə deyirəm, yiyə çıxır,

bibər yeyib göyə çıxır.

Bizim Azıx mağarası!

İki qədim dağ arası!

O yeri axtaran, tapan,

Yolu açan, daşı çapan,

o alimin özü, adı,

mənim yaxşı yadımdadı.

onu danır ermənilər,

əsər yazır,

“elmi” əsər?!

Bu torpaqda bu gəlmələr,

bir divar da hörmüşdülər.

Abidəydi –

İri divar,

ermənicə üstə şüar.

Guya bizə hörmət-izzət,

“Minnətdarlıq”,

“Əbədiyyət”,

“Yüz əlli il dostluq”… filan,

uçuruldu o, sonradan.

Elə söküb-süpürdülər,

kərpiclərin sayı qədər

Yaşamadı nə o divar,

nə şüarda yazılanlar.

Xalq mat qaldı,

– Nəyə görə?

Açdığı süfrəyə görə?

Kəsdiyi çörəyə görə?

Verdiyi torpağa görə?

İsti od-ocağa görə?!

Biz onlara nə demişik,

dost bilib, “Kirvə” demişik,

Qızları gəlnimiz olub,

bunların nəyi pis olub?!

Orda-burda alimləri,

ya da alimkimiləri,

“Göstərdilər” özlərini,

Allah yumdu gözlərini.

***

Hələ onda ulu öndər,

o rəhmətlik o mötəbər,

çox dedi, az eşitdilər,

yolu – tərsinə getdilər.

Səni – özündən oxudu,

astar üzündən oxudu,

Ayaqlandı hörmət-izzət,

bu da ermənixasiyyət:

çörəyi dizinin üstə,

durmadı sözünün üstə.

Xəyanətə əl atdılar,

süfrəyə çəngəl atdılar.

***

Dillərini sürüdülər,

üstümüzə yeridilər.

Xeyir dedik, şər yeridi,

buynuzlu divlər yeridi.

Böhtan, xəyanət yeridi.

sərhəddən sərhəd yeridi.

Bizi, gəlmə ermənilər,

“Qaçqın”, “Köçkün” elədilər.

Külək vurdu, ləpələndik,

qəbir-qəbir səpələndik.

biz ölən, itən axtardıq,

vətəndə vətən axtardıq.

Mübariz onda qaynadı,

göydə şimşəklər oynadı.

Yerdə tufanlar başladı,

dəhşətli anlar başladı.

***

Mübariz ad istəmirdi,

Silah-sursat istəmirdi,

Səngər-filan istəmirdi,

Ölüm, ya qan istəmirdi.

Bu şöhrəti,

bu hörməti, gözləmirdi.

heykəl, gəmi, küçə, dastan,

Gözləmirdi o, heç zaman.

Orta məktəb illəriydi,

dərslərindən irəliydi.

Rəssam olmaq istəyirdi,

çəkdiyini gizlədirdi.

Saçında lent, üzündə nur,

Sinifdə bir qız oxuyur.

Çəkdiyi də o qızıydı,

qız da bir Ay parçasıydı.

Mübariz getdi cəbhəyə,

Getdi hünər göstərməyə.

O qız qaldı, qələm qaldı,

O qızdan gizli qəm qaldı, –

İlk görüşün əmanəti!

Tanrım, pozma bu ülfəti.

Qarşıda – düşmən gülləsi,

arxada – doğma ölkəsi.

Ortada – hərbi and durur,

silahlı əsgər və qürur!

Ölüm – həyat üz-üzəydi,

Ölüm də bir möcüzəydi,

həyat da bir möcüzəydi.

onu tale səsləyirdi.

Onu səngər gözləyirdi

***

Altdan-üstən qıfıllandı,

yerlər-göylər ufuldandı.

Ləngi! –

dedi bu səfərə,

böyüdüyü təpə-dərə.

Suyundan içdiyi bulaq,

yürdəyi asılan budaq.

Öz içindən gələn bir səs,

dedi: yubanma, get, tələs!

Neçə şəhid məzarından,

səslər gəldi, get, qəhrəman.

Gilqamış uzaqdan gəldi,

dedi artıq zaman gəldi.

Əsirlikdə çürüyənlər,

çəlik tapıb yeriyənlər.

ona “Xilaskar” dedilər.

Get! – açıq-aşkar dedilər.

Bir səs də gəldi, rəsmi səs,

aydın səma, isti nəfəs.

Ümid dolu, qürur dolu,

Haqdan gələn bir haqq yolu.

– İgid dönməz! –

dedi o səs.

– Bizimkidi o torpaqlar,

azad olsun gərək onlar.

Gərək erməni əsgəri,

tərk eləsin bu səngəri.

Əgər ölmək istəmirsə,

təslim olsun gərək bizə.

Vətəni varsa, rədd olsun!

O səs deyirdi mərd olsun.

Gördü Ali Baş Komandan,

özü gəlir arxasından.

Yanındadı, səngərdədi,

səngərdəki –

Sərkərdədi!

Görməmişdi heç yaşından,

Tanıdı bir baxışından.

Çiynindəki paqonundan,

bayraq boydakı boyundan.

Bir şəklini saldı yada,

dəftərinin arasında.

Xəlvət, kəsib bir qəzetdən,

saxlayırdı evdə ikən.

Tez farağat görkəm aldı,

bir güc aldı,

bir kam aldı.

Bir də gəldi səsi haqdan:

– Cənab Ali Baş Komandan!

Mən hazıram!

Minnətdaram!

– Mübarizsən, tanıyıram.

Burda sizə inanıram!

Arxanızda dayanıram…

Mən də sizə minnətdaram!

Bu, bəsiydi əsgər üçün,

hünər üçün, zəfər üçün.

ya qəhrəman olmaq üçün,

təzədən doğulmaq üçün.

Atəş açdı o, düzünə,

tülkü, çaqqal sürüsünə.

Torpaq yeyən, daş gəmirən,

cilddən çıxıb, cildə girən

Buqələmun dəstəsinə.

dünya oyandı səsinə.

Göründü Yer kürəsindən,

tanıdılar kölgəsindən.

Möcüzələr söylədilər,

tarixdə –

tarixi hünər!

Yazılmamış yeni əsər.

Mübarizin zəfəriydi,

o, İstiqlal əsgəriydi.

Vaxt dayandı hörmət üçün,

qəhrəmanı görmək üçün.

***

Bir heykəl qalxdı meydanda,

bir məşəl yandı tufanda.

Bir bayraq qalxdı əllərdə,

bir şüar gəzdi dillərdə.

Üfüq yandı, səhər güldü,

beşikdə körpələr güldü.

Göydə ağ-ağ göyərçinlər,

uçuşurdu səhər-səhər.

Mübarizin o ruhuymuş,

bütün gecə yuxuluymuş.

sərhəd boyu ər oğlu, ər

dolaşırdı səngər-səngər

Şəhidlərin varisiydi,

amma gəlib öz adından, –

Sizə raport verəsiydi

Cənab Ali Baş Komandan!

Bakı, 2018

Mənbə: http://edebiyyatqazeti.az