”Nəriman Həsənzadə yaradıcılığında “ölüm” və “həyat” anlayışı”

1902788_614529541965133_896121757_n

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

Dünya yarandığı gündən qiyamət gününə qədər bəşər övladları dünya, axirət, ölüm, cənnət, cəhənnəm məsələləri ətrafında fikir mübadiləsi aparacaq, öz fikir və düşüncələrini bir-biri ilə bölüşəcəklər. Çağdaş dönəmdə belə məsələlərin bir qismi ya ədəbiyyatda, ya da dini əsərlərdə öz əksini tapır.

Müasir dövrdə də daha çox insanları düşündürən məsələlər ədəbiyyatımızdan da yan keçmir. Lap elə keçən əsrin 80-ci illərində bədii yaradıcılığında həyat, ölüm, qəbristanlıq məsələlərinə dəfələrlə müraciət edən və insanları düşündürən sevimli Xalq şairimiz Nəriman Həsənzadənin “Mənim nigahımı pozdu təbiət” kitabını nümunə göstərmək olar. Şeirlər və mənzum dramlardan ibarət olan kitabda erkən yaşlarında həyata vida edərək, gözlərini əbədi yummuş ömür-gün yoldaşı Sara xanım Həsənzadəyə ithaf etdiyi şeirlər bu yönümdən öz aktuallığını qoruyub saxlayır.

Ümumilikdə, kitabda-topluda yer alan bədii yaradıcılıq nümunələrini, poeziya örnəklərini “Qəbristan şeirləri” adlandırmaq daha doğru olardı. Kitab vərəqlərini səhifələdikcə də bu hisin kitaba heç də yad olmadığını duymaq mümkündür. Xüsusilə də, xalq şeiri üslubunda qələmə alınan bu nümunələr oxucu qəlbini kövrəldir, adı çəkilən məsələlər ətrafında dərindən düşünməyə sövq edir. “Mənim nigahımı pozdu təbiət”, “Yuxun qaçdı evdə yata bilmədin”, “Dağı sevəməliyik biz indən belə” şeirləri şairin illər boyu qəlbinin dərinliyində gizlətdiyi duyğuları oxucuya çatdırmaq üçün ərsəyə gətirdiyi nümunələr kimi xarakterizə olunmalıdır:

Yenə qəbristana düşübdü yolum,
Daş yonur, qum tökür burda ustalar.
Anana baş daşı qoyurlar oğlum,
Səndən xatirədi məndən yadigar

Və ya

Qəbirlərin içində
Sadə bir qəbir sənin.
Familim mənimkidir,
Ad sənin, ömür sənin.

Çün hər bir şeirində hər şeydən öncə səmimiliyiə yer ayıran şair-dramaturq, filosof Nəriman Həsənzadə həyat və ölüm anlayışlarını qarşılaşdırır, hər birinə özünəməxsus surətdə qiymət verir, bəzən isə müqayisələr aparır:

Son mənzil deyirlər, mən orda gördüm,
Nədir sənlə gedib, sənsiz qayıtmaq.
Kağızı qorudum, səni itirdim,
İndi səni məndən qoruyur torpaq…

Geniş yaradıcılıq yolu keçən və müxtəlif illərdə nəfis tərtibatla şeirlər kitabı nəşr olunan şair-publisist Nəriman Həsənzadə ömrün keçməkeşli yollarında addımlamağı bacardı. Yaşanılan bu həyat lirik və səmimi şeirlər müəllifi Nəriman Həsənzadə üçün məktəb rolunu oynadı. Bu həyatda isə sevimli şairimiz “həyat” və”ölüm” anlayışını ömrü üçün bir deviz seçdi:

Yuxun qaçdı evdə yata bilmədin,
torpaqda yat, torpaq quzum, a laylay.
Gizli-gizli ufuldadın, inlədin,
Oyaq qalan yuxusuzum, a laylay.

Beləliklə, ən yeni dövr Azərbaycan ədəbiyyatının sonuncu-ikinci mərhələsində yaşayıb, bədii yaradıcılığını uğurla davam etdirəm ədəbiyyatsevərlərin sevimlisi lirik şeirlər müəllifi, şair-dramaturq hələ sovet hakimiyyəti dövründə həyat, ölüm, qəbristanlıq ilə bağlı qələmə aldığı əsərləri ilə ədəbiyyatmız üçün yeni bir ənənənin-“həyat və ölüm məsələləri“ silsiləsindən olan əsər yazmaq ənənəsinin əsasını və bünövrəsini qoydu.