İbrahim İlyaslını doğum günü münasibətilə təbrik edirik! (10 mart 1963-cü il)

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, İbrahim İLYASLInı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə,bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

Mətbuat xidməti

İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub[1]. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır.

Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı “Dəniz” Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı 1998-ci ildə “Ağrıdağ” nəşriyyatında çap olunub. “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə “Adiloğlu” nəşriyyatında, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı isə 2011-ci ildə “Avrasiya Press” nəşriyyatında “Çağdaş Azərbaycan poeziyası” seriyasından nəşr edilib.

Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

2008-ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Bilgələr Gənəsi”nin qərarı ilə türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi San Yarlığı ödülünə layiq görülüb.

Şeirləri 2009-ci ildə Dünya Gənc Türk Yazarları Birliyinin xətti ilə Türkiyədə nəşr olunmuş “Çağdaş Azərbaycan şiiri” antalogiyasına daxil edilib.

Hal-hazırda Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubunun direktoru vəzifəsində çalışır.

Kitabları

“Hamı bir körpüdən keçir”, 1998-ci ildə “Ağrıdağ” nəşriyyatı
“Mən bir söz bilirəm”, 2004-cü ildə “Adiloğlu” nəşriyyatı
“Yuxuma söykənmiş adam”, Bakı, “Avrasiya Press”, 2011., 64 səh. Tiraj 1000. ISBN 978-9952-442-35-9

SALAM-ƏLEYKÜM

Ustad Molla Cumaya
Salam sahibi haqqdı,
Haqqa Salam-Əleyküm!
Ədlü-Adil əyləşən
Taxta Salam-Əleyküm!
Küllü-aləm bir ola,
Bir anı əylədəmməz,
Vaxt bir Allah görküdü,
Vaxta Salam-Əleyküm!

Ötəridi hər nə var –
Dərddi, məzədi, meydi,
Onu bir bilən bilir-
Nə yamandı, nə yeydi.
Göz görür, ağıl kəsir,
Baxt-yığval ayrı şeydi,
Həm olan, həm olmayan
Baxta Salam-Əleyküm!

Yaz, İbrahim İlyaslı,
Söylə sözün ilkini,
Nə zamandı sinəndə
Bir həqiqət silkini.
Ustad, bir əməl yıxır
Könüllərin mülkünü –
Saxta Əleyküm-Salam,
Saxta Salam-Əleyküm!

İNDİ

Çəkdim qəmini də, nəşəsini də,
Tükətdim, dünyada bekaram indi.
Nə qəlbim ağrıyır, nə könlüm gülür,
Heç nəynən uyuşmur heç haram indi.

Yamanı, yaxşısı qalsın özünə,
Hərə qandığını təpsin gözünə.
Bir də inanmaram adam sözünə,-
Öz ali-Ağama nökərəm indi.

Dərviş olamadım, dərvişmisalam,
Ayıbıma koram, ağlıma lalam.
Hörülüb hasarım, qurulub qalam,-
Adım İbrahimə şikaram indi.

NƏ BİLMİŞDİN…

Nə baxarsan ağ varağa umudla –
Görmürsənmi, ilham səndən qaçaqdı?
Əlin saza, könlün sözə yatmırsa
Şair qardaş, demək, ruhun naçaqdı.

Demək, qəlbin qələminlə düz deyil,
Deyəcəyin sağəməlli söz deyil…
Görmürsənmi, göylər «hələ döz»- deyir,
Qanmırsanmı, qara damın alçaqdı?!

Niyyətini qat gözüyün yaşına,
Sürt üzünü torpağına, daşına.
Bir də dolan, beş də hərlən başına,
Nə bilmişdin… Şeir – Pirdi, Ocaqdı!!!

BİLİRƏM

Bilən dostlar bilir, mən də
Bir para şeylər bilirəm.
Nə tufan eləyir sazlar,
Nə oxur neylər, bilirəm.

Daşlara dirənir yolum,
Tətikdədi sağım, solum.
Sormayın, fədanız olum,-
Daş dizə neylər, bilirəm.

Ömürdən çəkdiyim ahdı,
Nəfim nəfsimə padşahdı.
Bilib dinməmək günahdı,
Bilirəm, bəylər, bilirəm!