Əllər göyə uzanıb vurulan duaları göydə saxlamaq üçün… – Emin PİRİ – yeni şeirlər

“Sənsizm”

N.H-nı tanıdıqdan sonra

Səni sevmək

zülm bir iş,

burda doğulmaq kimi.

Alın yazısını

sondan əvvəlinə

oxumaq kimi…

Səni sevmək

müsəlman orucunda iftara gələn

çoxillik şərab kimidi…

bu qədər vazkeçilməz

bu qədər günah…

Bir az da

qabırğasını çimdikləyib

oynadığım əzrailin

kölgəsində sürünməkdi.

Tellərinin havasına

barmaqlarımın oynaması,

əllərimin hörüklərinlə

əl-ələ tutub yallı getməsidi

səni sevmək…

Saçlarımın qarasını

sığalında itirib,

nağıldakı qurbağanın

dodağından öpməkdi –

bəlkə, sənə çevrildi.

Öpüşlərimi qızılgül ləçəkləri kimi

boynundan asmaq,

çiynimdə mələklər yerinə

saçlarının rəqs etməsidir

sənə tapınmaq.

əllərim darıxmasın deyə

Tanrı yaratdı səni.

Qapımızın cəftəsinə çevrilib əllərim

bəlkə, döyəcəksən qapımı.

Heç nə istəmirəm,

Hər sabah zəngli saata çevrilsin

yatağımda “oyan” deyən öpüşün.

Yetişməmiş göyəmlər

hədiyyəm olar boynuna

aldığım hər öpüşün əvəzində.

dillərimizin yerini dəyişərik

ağzımızda “fransızca”.

İndi Adəmlər

yoldan çıxır bir yox, “cüt alma”ya.

Ya özün gəl,

ya da qaytar qabırğamı.

Orda

həbsxana divarları ucalır,

bir ağac boylanır həyətindən.

hər mövsüm gözətçi budayır

divarlardan

azadlığa çıxan budaqlarını.

Azadlığı

məftillərdən kənara çıxan

kölgəsi dadır bu ağacın.

Sənə uzanan əllərimdi o budaqlar…

Getdiyin bütün yollar kölgəmdi mənim.

Heç bir quruluş ovutmur məni

nə kapitalizm, nə də kommunizm

indi hər yer “Sənsizm”di.

Tanrılar məbədi qadın

Öpüşümlə dərərəm barmaqlarını bir-bir,

çobanyastığı ləçəkləri kimi sayaram

sevir, sevir

və…

Sevir.

Unutmaq

yeri yaddan çıxan basdırdığın

mina kimidir.

bir gün üzər ayaqlarını həyatdan

gözləmədiyin anda.

Küsər,

Baxışları –

Şimal buzlu okeanın sahilə vurduğu

sərt, dondurucu ləpələr kimi.

Yeddi yox,

bütün notların sayı cəmi birdi.

təbəssümündən qopmadı hər bəstə.

Gözlərin

dənizlərin şahı,

görsə

Poseydon utanardı məqamından.

Ürəyim yerindən çıxıb

düşər ovuclarına.

Sən Tanrı Kukulkan

mənsə yağış duası.

Qəlbim əllərində döyünər

rahib taxçasındakı ürək kimi.

İndi anlayırsan ki,

yollar qovuşmaq yox, ayırmaqçündü.

Bütün yolları dağıtmaq lazım,

körpüləri uçurtmaq…

Xatırladınmı,

ata-anası savaşarkən

oyuncağının gözlərini tutan

qızcığaz

bu gün “xilaskar” kimi

“Can qurtarırdı” abort masasında.

Burda anlayırsan ki,

Sevmək – solunda qəlbin döyüntüsü yox,

hər sabah oyandığında

sağında

bir ürəyin yatdığını görməkdir.

Qurmaq istərsən

o uşaq kimi dünyanı.

Divardan endirib ata rəsmini

silib qoltuq ağaclarını onun şəklindən,

ayaq çəkirdi atasına

Mərmilərin acığına.

Bilirsənmi, necə dəhşətlidir

ilk kərədən qınanmaq.

Başının üstünü kəsdirən qızın:

“Niyə ayağa qalxmır,

bu mədəniyyətsiz” baxışı.

Deyə bilməzsən

ayaqlarının iki il öncə

mina üstündə centlmenlik etdiyini…

Protez ayağın utanar özündən

qayıda sənə:

“Xahiş edirəm, daha mənsiz get”

Məktəbdə kökə bölüşdürən uşaqları

burda mərmilər bölüşdürür

öz aralarında, sevgili.

Bəlkə də, dönərəm,

hər duamı tellərinə deyərəm

bütün arzularımı ovcuna pıçıldayaram

dodaqlarında alaram dəstəmazı,

Tanrılar məbədi qadın.

13-cü gecə etüdləri

Xınalı əllərin, xanım əllərin,

Gündüzlər qızının qara telini,

Gecələr yuxumu qarışdıracaq.

Sabir Yusifoğlu

Evimə oğru girdi,

kimsə görmədi.

Qəlbimə sən girdin,

hamı gördü,

gördü, Leyla…

Mən qapımı döyən əzrailə

Otur çay iç, dincini al –

deyən adamam,

sənimi sevməyəcəm?!

Bilyard şarıtək düzüb planetləri

nə qədər ki, Tanrı

vurmayıbdı kilini,

əlini ver əlimə,

çıxaq taleyin süfrəsindən

qalxaq Allahdan yuxarı.

Daha mövsümüdü gəlişinin,

Qapımdan əl izlərini dərirəm.

Hansımız tez çatacaq sənə

yollar ayaqlarımla qaçır, yarışır.

Qulaqların dodaqlarımdan oğurlayar

hələ deyilməmiş sözləri

saçların əsir düşər darağıma.

Dodaqların təzə açmış yaz çiçəyi

mənsə bal arısı…

Ayaqlar getmək üçün yox,

Qayıtmaqçündü, Leyla.

Düşünmə qəlbə gedən yolları,

O yol bəlkə, elə özünsən.

Səni qısqanan göyərçinlər

həyətinizdən

ayaq izlərimi dənləyir.

Bezər cüt çarpayılıq təklikdən

Hayqırar:

“Daha göyə baxanda ulduzları yox,

səni görmək istəyirəm”.

Sənin Adəmin mənəm,

inanmırsan bax…

Qabırğamdakı yerinə…

Daha sənlə yaşamaq yox,

səni yaşamaq istəyirəm.

Düşmən ölkələr arasındakı

səngərə çevrilər

aramızdakı adamlar.

Atlantik və Aralıq kimi

qarışmağa qoymazlar.

Yalnız bir var

iki birin kölgəsidi.

nifrət qəlbindəki boşluq,

sillə sığalın aqressiyasıdı.

Dünyanın ən qulaqbatırıcı səsidir

sevdiyin adamın sükutu.

Barmağındakı üzük də soğan kimi

dil açar gözlərində

xatirələr boğaza dirənmiş ülgücə çevrilər.

Nə fərqi var, Bakı

Ya da ki, Ərdəbil

indi sinəm bütöv Azərbaycandı,

Rahat qoy başını.

Vətəninə…

Diqqətsiz

Bir az sərxoşluqdan,

bir az da söhbətin şirinliyindən

qırıldı şərab badəsi

yıxılıb əlimdən.

Baxıb

Köks ötürdü

xidmətçi xanım:

“cənab leytenant,

bu da qadın ürəyi deyil ki,

diqqətsizlikdən qırasız!”

Puşkinlə Yesenin arasında

Kəsilən günləri üst-üstə gəlsək,

Ömrümün neçənci ili eləyir?!

Ağappaq qovaqlar hayandan çıxdı,

Adamı heç nədən dəli eləyir.

“Saxla” işarəsin verir polislər,

Yenə düz keçməyib küçəni külək?!

Cibindən saralmış yarpaqlar çıxır,

Çəkir qorxusundan içini külək.

İçinə çəkilib, yığılıb sular

Daha hava udmaq da havayı deyil.

Deşilib gedibdi dənizin dibi,

Üzün dimdikləyən qağayı deyil!

Hələ də arzular dumana düşüb

Yenə də ümidlər bir yol axtarır.

Bu tənha adamlar, bu tək adamlar

Qoluna girməyə bir qol axtarır.

Yolları palçığa batmış o kəndin

Baca tüstüsünə isinir bulud.

Təndirdə küt gedib bir kündə sevgi,-

Bir azdan başlayar işini bulud.

Ağappaq qovaqlar hayandan çıxdı,

Adamı heç nədən dəli eləyir.

Kəsilən günləri üst-üstə gəlsək,

Ömrümün neçənci ili eləyir?!

Üzü çopur səhralar

Burda nə dərd-sər bitir,

nə din-kitab davası.

Göydə quştək vurulur

müsəlmanın duası.

Göydən dualar düşür

ətəyi, üzü qanlı.

Analar ağzı dualı,

analar diz çökübdü,

analar dizi qanlı.

Uşaqlar bələyə yox,

qana bələnir burda.

Timsahların göz yaşı,

başdakının iştahı

seyfə sığmır banklarda.

Anaların ağzından

qanlı dualar qopur.

Üzün yırtır səhralar,

səhralar çopur-çopur.

Əllər göyə uzanıb

vurulan duaları

göydə saxlamaq üçün.

…Yer kürəsi əlində

qanlı duayla uçur.

Mənbə: http://edebiyyatqazeti.az