Nizami Gəncəvi (fars. نظامی گنجوی; tam adı: Əbu Məhəmməd Cəmaləddin İlyas ibn Yusif; d. təxm. 1141, Gəncə, Eldənizlər (hazırkı Azərbaycan Respublikasının ərazisi) – təxm. 1209, Gəncə) — Dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri; Orta əsr şərqinin ən böyük şairlərindən biri; farsdilli ədəbiyyatın ən görkəmli nümayəndələrindən biri kimi də o, farsdilli poeziyanın klassiki, farsdilli epik ədəbiyyatın ən böyük romantik şairi, farsdilli epik poeziyaya danışıq dili və realistik stili gətirmiş sənətkar hesab olunu.

Şifahi xalq ədəbiyyatı və yazılı tarixi salnamələrin ənənəvi mövzularından istifadə edən Nizami, islamdan əvvəlki və islam dövrü İranını birləşdirmişdir.[1] Nizaminin qəhrəmanlıq-romantik poeziyası sonrakı əsrlər boyunca, fars dilinin istifadə olunduğu bütün ərazilərdə özünü ona oxşatmağa çalışan gənc sənətkarların yaradıcılığına təsir etmiş, nəinki Persiyada, həm də Azərbaycan, Ermənistan, Əfqanıstan, Gürcüstan, Hindistan, İran, Pakistan, Tacikistan, Türkiyə və Özbəkistan kimi müasir ölkələrin mədəniyyətinin formalaşmasında rol oynamışdır. Nizaminin yaradıcılığı, Hafiz Şirazi, Mövlana Cəlaləddin Rumi və Sədi Şirazi kimi böyük sənətkarların yaradıcılığına təsir etmişdir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun” və “İsgəndərnamə” kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınır.

Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən “Nizami ili” elan edilmişdir.[2]

Tarixi-mədəni mühit

Nizami Eldənizlər dövlətinin hökmdarı Qızıl Arslanın qəbulunda. 1481-ci ilə aid əlyazmadan miniatür, Uolters Sənət Muzeyi
1135/1136-cı ildən 1225-ci ilə kimi Azərbaycan (əsasən indiki Cənubi Azərbaycan ərazisini əhatə edirdi) və Arran əyalətləri səlcuq sultanlarının İraqi-Əcəmdəki Böyük atabəyləri kimi Eldənizlər sülaləsi tərəfindən idarə olunmuşdur. Eldənizlər (bəzən Eldəgəzlər və ya Eldəgizlər də adlandırılır) sülaləsinin əsası, İraqi-Əcəmdəki səlcuq sultanının azad edilmiş qulamı (döyüşçü-qul) olmuş qıpçaq mənşəli Şəmsəddin Eldəniz tərəfindən qoyulmuşdur. Səlcuq imperiyasının dağılması dövründə Azərbaycan atabəyləri (yəni, səlcuq taxtı varislərinin regenti) olmuş Eldənizlər, 1181-ci ildən etibarən müstəqil yerli hakim kimi ərazini idarə etməyə başladılar. Eldənizlər dövlətinin varlığına, 1225-ci ildə daha əvvəl gürcülər tərəfindən ələ keçirilmiş ərazilər də daxil olmaqla, dövlət ərazilərinin Cəlaləddin tərəfindən tutulması ilə son qoyulmuşdur.[3] Ehtimal ki, Şəmsəddin Eldəniz Azərbaycan üzərində nəzarəti 1153-cü ildə, Sultan Məsud ibn Məhəmmədin sonuncu favoriti Qass bəy Arslanın ölümündən sonra əldə etmişdir.[4]

Həmin dövrdə Arran və Azərbaycanla qonşuluqda yerləşən Şirvan ərazisində Kəsranilər sülaləsi tərəfindən idarə edilən Şirvanşahlar dövləti mövcud idi. Kəsranilər sülaləsi ərəb mənşəyinə malik olsa da, farslaşmış və bu sülalədən olan şahlar özlərini qədim Sasani şahlarının varisləri elan etmişdilər.[5]

Nizaminin doğum tarixinə kimi türk-səlcuqların İran və Cənubi Qafqazı ələ keçirməsindən yüz il keçmişdi. Fransa tarixçisi Rene Qrussenin fikrincə, özləri türkman mənşəli olan Səlcuqlular, İran taxtını ələ keçirdikdən sonra, ölkədə türkləşdirmə siyasəti aparmamış, əksinə, “könüllü şəkildə fars oldular və qədim böyük Sasani şahları kimi İran əhalisini köçərilərin hücumlarından, iran mədəniyyətini isə türkman təhlükəsindən xilas etdilər.” [6].

Nizaminin “Xəmsə”yə daxil olan poemalar üzərində işləməyə başladığı XII əsrin sonuncu rübündə, Səlcuqların ali hakimiyyəti parçalanma dövrünü yaşayır, siyasi və sosial narazılıqlar isə artırdı. Lakin, fars mədəniyyəti, mərkəzləşdirilmiş hakimiyyətin mövcud olduğu dövrlə müqayisədə yerli hakimiyyətlərə parçalanma dövründə daha yaxşı inkişaf edir, fars dili isə əsas ədəbiyyat dili olaraq qalırdı. Bu xüsusiyyət, o zaman fars mədəniyyəti forpostu[7] xüsusiyyəti daşımış, Nizaminin də yaşadığı və irandilli əhalinin üstünlük təşkil etdiyi[8] Qafqaz şəhəri olan Gəncəyə də aid idi. Həmin dövrdə Gəncədə irandilli əhalinin üstünlük təşkil etməsinə, Nizaminin müasiri olmuş və onun kimi Gəncə şəhərində yaşayıb-yaratmış tarixçi Kirakos Qandzaketsi (təxm. 1200-1271) də şahidlik edir.[9] Qeyd etmək lazımdır ki, orta əsr ermənidilli ədəbiyyatda bütün irandilli xalqlar “parsik” – farslar adlandırılırdı ki, bu da Qandzaketsinin əsərinin ingiliscə tərcüməsində də əksini tapmışdır.[10] Nizaminin yaşadığı dövrdə Gəncənin fars mədəniyyətinin çiçəkləndiyi şəhərlərdin biri olmasını göstərən faktlardan biri də, XIII əsrə aid Nüzhət əl-Məclis antologiyasında, XI-XII əsrlərdə şəhərdə yaşayıb-yaratmış 24 farsdilli şairin əsərinin toplanmasıdır.[11] XI-XII əsrlər Gəncəsinin irandilli əhalisi arasında xüsusilə kürdləri qeyd etmək lazımdır ki, onların da burada məskunlaşmasına vaxtilə şəhəri idarə etmiş kürd mənşəli Şəddadilər sülaləsi təkan vermişdir. Nizaminin atasının Qumdan Gəncəyə köçməsi və valideylərinin bu şəhərdə məskunlaşmasını da bəzi tədqiqatçılar şəhədə kürdlərin üstünlüyə malik olması və Nizaminin anasının kürd mənşəli olması ilə izah edirlər.[12] [13]

Nizamidən yüz il sonra yaşamış İran tarixçisi Həmdullah Qəzvini “xəzinələrlə dolu” Arran şəhəri Gəncəni İranın ən zəngin və çiçəklənən şəhəri kimi təsvir edir.[14] O dövrdə, Azərbaycan, Arran və Şirvan Xorasandan sonra fars mədəniyyətinin ikinci ən böyük yeni mərkəzi idi. Mütəxəssislər fars poeziyasının Xorasan stili daxilində qərb məktəbini ayırırlar ki, bu da Azərbaycan məktəbi, bəzən isə Şirvan, Arran və ya Qafqaz məktəbi adlandırılır. Bu məktəb mürəkkəb metaforik və fəlsəfi məzmunu, həmçinin xristian ənənəsindən alınmış obrazların istifadəsi ilə seçilir.[15] Nizami, Qərb məktəbinin ən mühüm nümayəndələrindən biri hesab edilir.[16][17]

Həyatı
Nizaminin həyatı haqqında çox az məlumat var; şairin həyatı haqqında yeganə məlumat mənbəyi onun əsərləridir ki, bu əsərlərdə də kifayət qədər aydın informasiya verilməmişdir.[18] Buna görə də Nizaminin adı və şəxsiyyəti ətrafında çoxlu əfsanələr yaranmış və onun bioqrafiyasını bəzəmişdir.[19]

Adı və ləqəbi
Şairin əsl adı İlyas, atasının adı Yusif, babasının adı Zəki olmuşdur: oğlu Məhəmmədin doğulmasından sonra onun da adı şairin tam adına keçmiş və onun tam adı Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd olmuşdur.[8] Ədəbi ləqəb kimi şair “Nizami” sözünü seçmişdir[20] ki, bunu da bəzi təzkirəçilər, şairin ailəsinin ənənəvi olaraq tikməçiliklə məşğul olması ilə izah edirlər; Nizami ədəbiyyatla məşğul olmaq üçün ailə sənətindən imtina etmiş, toxuyucu səbri ilə əsərləri üzərində çalışmışdır.[21] Şairin Nizam əd-Din Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki ibn Müəyyəd olmuşdur.[22] Yan Rıpka şairin rəsmi adının Hakim Camal əd-Din Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki ibn Müəyyəd Nizami olduğunu qeyd edir.[23]

Doğum tarixi və yeri

Nizami Gəncəvinin Gəncə şəhərində 1946-cı ildə (heykəltəraş:Fuad Əbdürrəhmanov) və 2012-ci ildə (heykəltəraş:Şərif Şərifov) ucaldılmış heykəlləri.
Nizaminin dəqiq doğum tarixi bilinmir.[24] Məlum olan odur ki, şair, 1140-1146-cı (hicri 535—540) illər arasında doğulmuşdur. Nizaminin bioqrafları və müasir tədqiqatçılar, onun dəqiq doğum tarixini altı il arasında göstərirlər (535-40/1141-6).[25] Formalaşmış ənənəyə əsasən və UNESCO-nun da qəbul etdiyi tarixə əsasən şairin doğum tarixi kimi 1141-ci il qəbul olunur.[2] Bu tarixə şair özü də, “Xosrov və Şirin” poemasının “Kitab üçün üzr” bölməsində işarə edərək deyir:

” Fələk yaradırkən deyib mənə “şir”,
Lakin bu vücudum bir yun heykəldir,
Deyiləm düşmənlə vuruşan şirdən,
Yetər ki, özümlə döyüşürəm mən.
(R.Rzanın tərcüməsi) ”
Bu beytlərdən məlum olur ki, şair Şir bürcü altında doğulmuşdur. Həmin bölmədəcə Nizami bildirir ki, poema üzərində işə başlayarkən onun qırx yaşı olmuşdur, poemanı yazmağa isə şair, hicri təqvimlə 575-ci ildə balamışdır. Bu hesaba əsasən belə nəticə alınır ki, Nizami hicri 535-ci ildə (miladi 1141-ci il) doğulmuşdur. Həmin il ulduzlar 17-22 avqust tarixlərində Şir bürcü altında düzlümşüdür ki, buna əsasən də Nizaminin 17-22 avqust 1141-ci ildə doğulması güman edilir[26].

Şairin doğum yeri də uzun müddət mübahisə mövzusu olmuşdur. Lütfəli bəy Azər (XVIII əsrdə yaşamışdır) “Atəşgədə” adlı təzkirəsində Nizaminin aşağıda göstərilən və “İsgəndərnamə” poemasından olması iddia edilən (poemanın Abdulla Şaiq və Mikayıl Rzaquluzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və nəşr olunmuş variantında həmin beyt yoxdur) beytə istinadən Nizaminin mərkəzi İrandakı Qum şəhərində doğulmasını iddia edir:/

Gəncə şəhərində yerləşən Nizami məqbərəsi
” Mən mirvari kimi Gəncə dənizində qərq olsam da,
dağlarda yerləşən Qum şəhərindənəm.
(Əhməd İsayevin tərcüməsi[27]) ”
Nizaminin orta əsr bioqraflarının hamısı (Aufi Sədidəddin (XIII əsr), Dövlətşah Səmərqəndi (XV əsr) və s.) şairin doğulduğu şəhər kimi, onun bütün ömrü boyu yaşadığı və vəfat etdiyi Gəncə şəhərini göstərirlər. Akademik Y.E. Bertels qeyd edir ki, Nizaminin ona məlum olan ən yaxşı və qədim əlyazmalarında belə Qum haqqında məlumata rast gəlməmişdir.[28] Hazırda, akademik müəlliflər tərəfindən qəbul edilmiş ortaq fikrə əsasən, Nizaminin atasının Qumdan olmasına[22], lakin Nizaminin özünün Gəncədə doğulmasına, onun əsərlərində Qumda doğulması ilə bağlı iddianın isə mətn səhvi olmasına[8] inanılır. Nizaminin yaşadığı dövrdə Gəncə şəhəri, 1077-1307-cü illərdə mövcud olmuş Böyük Səlcuq imperiyasının[29] (və onun yerli təmsilçiləri olan Azərbaycan Atabəylərinin) hakimiyyəti altında olmuşdur.

Nizami şəhərdə doğulmuş[30] və ömrünün sonuna kimi şəhərdə yaşamışdır. Onun doğma şəhəri olan Gəncədə o dövrdə irandilli əhali üstünlük təşkil etdiyinə[8] görə fars mədəniyyəti hakim olmuşdur.[8] Həyatı haqqında az məlumat olmasına baxmayaraq, şairin ömrünün sonuna kimi Cənubi Qafqazda yaşaması güman edilir.[8] Nizaminin həyatı haqqında cüzi məlumatlar onun əsərlərində verilmişdir.[31]

Valideynləri və qohumları
Nizaminin Qumdan (Mərkəzi İran) Gəncəyə köçmüş atası Yusif ibn Zəki ehtimal ki, dövlət işçisi olmuşdur.[32] Nizaminin iran mənşəli[33] anası Rəisə, şairin özünün sözlərinə görə kürd[34][35] olmuşdur. Ehtimal ki, kürd sülalə başçısının qızı olan həmin xanım[36], bəzi ehtimallara görə, Atabəylərdən əvvəl Gəncədə hakim olmuş Şəddadilər sülaləsindən olmuşdur.

Nizami valideynlərini erkən itirmişdir.[37] Atasının ölümündən sonra İylası anası tərbiyələndirmiş, anasının ölümündən sonra isə uşaq dayısı Xoca Ömərin himayəsində qalmışdır.[38]

Dövlətşah Səmərqəndi (1438—1491) özünün “Təzkirət ət-şüəra” adlı traktatında (1487-ci ildə tamamlanmışdır) Nizaminin, Qivami Mütərrizi adlı şair qardaşı olmasını qeyd etmişdir.

Təhsili
Yaşadığı dövrün standartlarına görə Nizaminin parlaq təhsili olmuşdur.[39] Nizaminin yaşadığı dövrdə belə hesab edilirdi ki, şair müxtəlif fənnlər üzrlə bilikli olmalıdır. Lakin, buna baxmayaraq, Nizami öz savadı ilə şairlər arasında seçilə bilmişdi: Nizaminin əsərləri onun ərəb və fars ədəbiyyatının şifahi və yazılı ənənələrinə gözəl bələd olmasına, riyaziyyat, astronomiya, astrologiya[40], əlkimya, tibb, botanika, teologiya, Quran təfsiri, şəriət, xristianlıq, iudaizm[41], İran mifləri və əfsanələri[42], tarix, etika, fəlsəfə, ezoterika, musiqi və təsviri sənəti[19][43] yaxşı bilməsinə dəlalət edir.

Baxmayaraq ki, Nizamini mənbələrdə tez-tez “həkim” (müdrik)[44] adlandırırlar, o, Fərabi, İbn Sina və Sührəvərdi kimi filosof və ya İbn əl-Ərəbi və Əbdürrəzzaq əl-Kaşani kimi sufizm nəzəriyyəçisi olmamışdır. Buna baxmayaraq, daha sonrakı dövrdə yaşamış, müxtəlif elm sahələrində fəaliyyət göstərmələrinə baxmayaraq fəlsəfə, qnosis və teologiyanı birləşdirməyə çalışmış Qütbəddin Şirazi və Baba Əfzəl Kaşani kimi, İslam fəlsəfi fikrinin müxtəlif sahələrinə yaxşı bələd olan filosof və qnostik hesab edirlər.[45]

Şəxsi həyatı

Nizami Gəncəvi şahın qəbulunda, 1570-ci ilə aid miniatür, Azərbaycan Tarix Muzeyi
Nizaminin həyatı haqqında çox az məlumat saxlanılsa da, dəqiq bilinir ki, o, saray şairi olmamış, çünki bu halda dürüstlüyünü itirəcəyindən qorxmuş və ilk növbədə azad yaradıcılıq imkanı arzulamışdır.[46] Buna baxmayaraq, Nizami əsərlərini müxtəlif sülalələrdən olan hökmdarlara həsr etmişdir. Məsələn, “Leyli və Məcnun” poemasını Nizami, şirvanşaha, “Yeddi gözəl” poemasını isə Eldənizlərin rəqibi Ağsunqurilər sülaləsindən Əlaəddin Körpə Arslana ithaf etmişidr.[47]

Nizami, bütün həyatı boyunca Gəncədə yaşamış və üç dəfə evlənmişdir.[48] Şairin ilk və ən sevimli həyat yoldaşı Afaq adlı qıpçaq qul olmuşdur. Ona bir çox şerlər həsr edən Nizami, “ləyaqətli görünüşlü və gözəl ağıllı” adlandırmışdır. Afaq, Nizamiyə Dərbənt hakimi Dara Müzəffərəddin tərəfindən hədiyyə edilmiş, Nizami isə onu azad edərək evlənmişdir. 1174-cü ildə onların oğlan övladı dünyaya gəlmiş və şair oğlunu Məhəmməd adlandırmışdır. 1178-1179-cu illərdə “Xosrov və Şirin” poemasının tamamlanması zamanı Afaq vəfat etmişdir. Nizaminin sonrakı iki həyat yoldaşı da vaxtından əvvəl vəfat etmiş, onların hər birinin ölümü, şairin yeni epik poemasını tamamlaması ilə üst-üstə düşmüşdür ki, bu münasibətlə də Nizami yazmışdır:

” İlahi, nəyə görə, mən hər poemaya görə bir həyat yoldaşı qurban verməliyəm[49][50] ”
Nizami, siyasi qeyri-stabillik və intensiv intellektual aktivlik dövründə yaşamışdır ki, bu da onun şerlərində və poemalarında əks olunmuşdur. Şairin himayədarları ilə qarşılıqlı münasibəti, əsərlərinin dəqiq yazılma tarixi haqqında məlumatlar yoxdur, bilinən tarixlər isə Nizamidən sonrakı dövrdə yaşamış təzkirəçilərin verdiyi məlumatlardan əldə edilmişdir.[51] Hələ sağlığında Nizami böyük hörmət və izzət sahibi olmuşdur. Atabəylər dəfələrlə Nizamini saraya dəvət etmiş, lakin, şairin israrla imtina etmişdir, buna baxmayaraq, Nizamini müqəddəs hesab edən hökmdar ona beş min dinar və 14 kənd bağışlamışdır.[52]

Dini inancına görə Nizami sünni müsəlman olmuşdur.[53] Şairin doğum tarixi kimi, vəfat tarixi də mübahisəlidir. Nizaminin vəfat tarixini qeyd edən orta əsr bioqrafları bir-biri ilə 37 il (575—613/1180-1217) fərqi olan müxtəlif rəqəmlər göstərirlər. Hazırda dəqiq olan yeganə məlumat odur ki, Nizami XIII əsrdə vəfat etmişdir.[54] Nizaminin vəfat tarixinin hicri 605-ci ilə (miladi 1208/1209) uyğunlaşdırılması, Gəncədən tapılmış və Bertels tərəfindən nəşr edilmiş ərəb dilli kitabəylə əsaslandırılmışdır.[55] Şairin vəfat tarixi ilə bağlı ikinci məlumat isə, Nizaminin ölümündən sonra ehtimal ki, onun oğlu tərəfindən yazılmış və “İsgəndərnamə” poemasının “İqbalnamə” adlı ikinci hissəsində antik filosoflar Platon, Sokrat və Aristotelin ölümü ilə bağlı şerə əlavə edilmiş beytlərdir. Bu beytlərdə şairin yaşı müsəlman təqviminə əsasən göstərilmiş və buna uyğun olaraq da, onun vəfat tarixi hicri 598-ci (1201/1202) il kimi hesablanmışdır.[56]

” Altmış üç yaşından altı ay qədər
Keçmişkən, istədi eləsin səfər.
Keçmiş alimlərdən danışdı bütün,
O da onlar kimi yatacaq bir gün.
Mikayıl Rzaquluzadənin tərcüməsi ”
Yaradıcılığı
Nizami dövrü fars mədəniyyəti, qədim köklərə, əzəmət və dəbdəbəyə malik olması ilə məşhurdur. Davamlı olaraq, ölkə ərazisinə yürüş edən yadelli xalqların təsirinə məruz qalmasına baxmayaraq, islamaqədərki fars mədəniyyəti, musiqi, memarlıq və ədəbiyyatda zəngin özünüifadə ənənələri formalaşdıraraq, özünü saxlamaq, qismən dəyişilmək və yad elementləri özünə uyğunlaşdırmaq xüsusiyyətinə malik idi. Nizaminin də sonuncu poemasını həsr etdiyi Makedoniyalı İskəndər, fars mədəniyyətinin əsirinə çevrilmiş çoxsaylı tarixi şəxslərdən biridir.[57] Nizami, Şərq mədəniyyətinin səciyyəvi məhsulu idi. O, islamaqədərki və islamdansonrakı İran, həmçinin İran və Qədim dünya arasında körpü yaratmışdır.[58] Nizami Gəncəvi, Persiyanın periferiyası olan Qafqazda yaşayıb-yaratmasına baxmayaraq, öz yaradıcılığında bütün fars mədəniyyəti üçün ənənəvi olan vahid dil və vətəndaş fikri ənənəsinə sadiq qalmış, “Yeddi gözəl” poemasında isə İranı “dünyanın ürəyi” adlandırmışdır[59][60][61][62][63]:

” İran, bir ürəkdir, bu aləm bədən,
Olmaz xəcalətli, belə söz deyən.
Çünki, ürəyidir bu yerin İran,
Ürək yaxşı olar bədəndən, inan!
Orijinal mətn (fars.) [gizlə]
همه عالم تن است و ایران دل

نیست گوینده زین قیاس خجل
چونکه ایران دل زمین باشد
دل ز تن به بود یقین باش
Məmməd Rahimin tərcüməsi[64] ”
Ədəbi təsir
Professor Çelkovskinin fikrincə, Firdovsinin “Şahnamə” əsərini oxumaq Nizaminin sevimli məşğuliyyəti olmuşdur.[65] Qətran Təbrizi, Sənai, Fəxrəddin Əsəd Gurgani, Təbəri kimi müəlliflərin Nizami yaradıcılığıa təsir etmələrinə baxmayaraq, Firdovsi yaradıcılığı, şair üçün əsas ilham mənbəyi və “İsgəndərnamə” poemasının yazılması zamanı əsas mənbə olmuşdur. Nizami, öz əsərlərində, xüsusilə “İsgəndərnamə”nin girişində tez-tez “Şahnamə”yə istinad edir. Belə hesab etmək olar ki, Firdovsinin əsərinə heyran olan Nizami, qarşısında həmin əsərə layiq olan epik poemalar yaratmaq məqsədi qoymuş və həmin poemalardan üçünün – “Xosrov və Şirin”, “Yeddi gözəl” və “İsgəndərnamə”[66] – yaradılması üçün mənbə kimi “Şahnamə”dən istifadə etmişdir. Nizami Firdovsini “həkim” – “müdrik”, “daana” – “bilgin” və orator sənətinin “sözü təzə gəlin kimi bəzəyən” böyük ustadı adlandırmışdır. O, oğluna “Şahnamə”ni oxumağı və müdrik insanın dəyərli fikirlərini yadda saxlamağı tövsiyə edirdi.[67] Yevgeni Bertelsin fikrinə görə isə, “Nizami öz əsərlərini Firdovsinin əsərindən üstün hesab edir”, “palaz”ı “ipəyə”, “gümüş”ü “qızıl”a çevirdiyini bildirir.[68]

XI əsr fars şairi Fəxrəddin Əsəd Gurganinin yaradıcılığı Nizami yaradıcılığına böyük təsir göstərmişdir. Poemaları üçün bir çox süjetləri Firdovsi yaradıcılığından alan Nizami, poeziya yazı sənəti, obrazlı danışıq və kompozisiya qurma texnikasını əsasən Gurganidən almışdır. Bu, “Xosrov və Şirin” poemasında, xüsusilə, Gurganinin “Veys və Ramin” poemasından əsas səhnənin təkrarı olan “Aşiqlərin mübahisəsi” səhnəsində açıq görünür. Bundan başqa, Nizami poemanı, Gurganinin də poemasını yazdığı həzəc bəhrində yazmışdır. Gurgani yaradıcılığının Nizami yaradıcılığına təsirini həm də ikincinin astrologiya elminə olan marağı ilə izah etmək mümkündür.[69]

İlk monumental əsəri olan “Sirlər xəzinəsi”ni Nizami, Sənainin “Hədiqət-ül-həqaiq” poemasının təsiri ilə yazmışdır.[70][71].