İradə AYTEL.”Şirin Xosrovun virtual sevgilisi idi”

Olmuş hadisədir: evlərinin dəcəl, nazlı-duzlu, gözəl-göyçək qızı olan Almaz heç vaxt inanmazdı ki, gün gələcək könlünü üzünü görmədiyi, tanımadığı birisinə – Arifə verəcək. Bu sevgi həm də Almaz ali təhsilə yiyələnəndən sonra, işlədiyi müddətdə doğulacaq. Bəli, o sevirdi, yalnız səsini eşitdiyi bir nəfəri – Arifi.

İş saatında işlədiyi idarə, evdə isə ev telefonu ilə əlaqə saxlayar, bir-birindən xəbərdar olardılar. Arif özünü Almaza belə tanıtmışdı: ali təhsillidi, işləyir, subaydı.

Zaman keçir, Almaz evlərinə gələn bütün elçilərə “yox”, – deyərək, üzünü görmədiyi Arifin adamlarının yolunu gözləyirdi. Almazın Arifi görmək arzusu artanda isə Arif ona dəhşətli bir sirr açdı: “Mən yeriyə bilmirəm, ayağımın birini qəzada itirmişəm”. Almaz bu sözdən sarsılsa da, Arifi belə halda da sevəcəyinə və onun sevgisinə Arifin fiziki qüsurunun heç bir xələl gətirməyəcəyinə söz verdi. “Sənin mənəviyyatına bələdəm, təki mənəvi qüsurlu olma, fiziki qüsur qüsur deyil”, – söylədi.

Almaz Arifin ev ünvanını bilirdi. Onu da bilirdi ki, Arif yaşlı bir xalası ilə yaşayır. Hətta Arifin xalası bayramlarda, Almazın ad günlərində Arifin adından qıza hədiyyələr gətirir, kəlmə belə etmədən geri dönürdü.

Arifin şirin vədləri, Almazın gözüyolda sevdiyi adamın elçilərinin yolunu gözləməsi düz on bir il davam etdi. Artıq bütün şəhər bilirdi ki, Almazın gözlədiyi var.

Son günlər Arifdən şübhələnən Almaz gizli yolla onun telefonunun paralel xəttini öz evlərinə çəkdirmişdi. Gələn və gedən zəngləri izləyərək dəhşətli bir hadisənin şahidi oldu: Arif Əslində Arifin xalası adlandırdığı qadın imiş…

Keçirdiyi stressdən ağır xəstəliyə düşən Almaz gənc ikən vəfat etdi. Amma “Arif”i bağışladı. O, bilirdi ki “Arif” bu neçə illər ərzində ona bu qədər zərbə vursa da, özü də acı çəkib, çünki, “Arif” Almazı həqiqətən sevirdi…

Almazın ölümünün bir ili tamamlanmamış, “Arif” də dünyasını dəyişdi….

Bu hadisə mənim gözlərimin qarşısında baş verib – inanılası olmasa belə!

Bir dostum var; altı il virtual olaraq bir qızla münasibətdə olub. Təbii ki, müasir zamanda sosial şəbəkələrdə yazılı görüşmələr, mobil telefonla danışıqlar, gecələr şirin pıçıltılar, virtual sevişmələr bunların hər ikisinin ürəyində böyük bir məhəbbətə çevrilib. Qızın müxtəlif uydurmaları – ürək xəstəsiyəm, atam rəhmətə getdi… və. s. bəhanələr dostumun onunla görüşmək arzusunu əngəlləyirdi. Və altı ildən sonra dostuma məlum oldu ki, bu, əslində gözəl bir qız şəkli altında onunla virtual sevgi yaşayan, fiziki qüsurlu yaxın tanışı imiş… Bu hadisə dostuma ağır zərbə oldu. Və suçunun üstu açılan qız müxtəlif yollarla dostumla əlaqə saxlamağa çalışsa da, dostum onunla münasibətə son qoydu. Bu isə qarşı tərəfin – qadının ciddi aqressiyasına səbəb oldu. Bu altı il müddətində onu gizli sevgi yaşamasına vadar edən isə, qadın kimi qadınlara qoşula bilməməsi (qüsurlar), lakin bu arzuyla yaşaması idi. Təbii ki, o da başadüşüləndir. Qadın bütöv olmayınca ətrafına çox aqressiv olur. Bu aqressiyanı isə yalnız güclü iradəyə malik olanlar içində boğa bilir.

Bundan başqa, virtual tanışlıqların insanı hansı fəsadlarla qarşılaşdırdığının şahidi çox olmuşuq. Sevib ayrılanlar, aldadılanlar, pulunu itirənlər, real həyatdan uzaq düşənlər, intihar edənlər və s… Amma bütün bunlarla yanaşı, mən virtual tanışlığı dəstəkləyirəm. Bəzən üzünü görmədiyin bir insanla virtual olaraq münasibət qurursan, onun iç dünyasına bələd olursan, xasiyyəti, dünyaya baxışı səni o qədər qane edir ki, görüş zamanı onun xarici görünüşü heç bir önəm daşımır. Bu isə, münasibətlərin özülünün daha möhkəm qurulmasına gətirib çixarır. Surət dəyişkən olduğu kimi, ilk görüşdən – surətdən qurulan münasibətlər də dəyişkən olur, əbədi olmur. Əsas olan, hisslərin, duyğuların – Ürəyin bir-birini tamamlamasıdır. Bu barədə şair Elşən Əzimin söylədikləri də maraqlıdır: “Virtual sevgi mümkündür. Əslində bizim dastanlarımızda da, klassiklərimizin əsərlərində də indiki virtual sevgiyə bənzər məqamlar yer alıb. Məsələn: Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində Xosrov Şirini görməmiş ona vurulur. Şapur Bərdədə olan Şirin haqqında danışır və Xosrovda bu gözəli görmək istəyi yaranır. Şirin də Xosrovun şəkillərini görüb vurulur. Fərhad isə Şirinin pərdə arxasından səsini eşidib vurulur. Və bu sevgilər dünyaca məşhur bir dastanın yaranmasına səbəb olur. Dastanlarımızdakı buta verilməsini də buna bənzətmək olar. Əslində sevgi bu cür yaranmalıdır”.

Mənsə bu qənaətdəyəm ki, virtual münasibətlər, virtual sevgi alqışlanandır, o kəslərdə ki, psixologiyası pozulmuş olmasın, iradəli, məntiqli olsun, addım atanda düşünüb-daşına bilsin, nəhayət ağılla sevə bilsin. İradəli insana real aləm zərbə vura bilməyəcəyi kimi, virtuallıq da təsir etməyəcək!