Əziz MUSA.Yeni şeirlər

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

BACIM ROZANIN XATİRƏSİNƏ

Son dəfə boylandın, baxdın üzümə,
Dilin söz tutmadı, göz yaşın axdı,
Bir cavab vermədİn mənim sözümə,
Elə bil başımda şimşəklər çaxdı.

Məni həsrət qoydun şirin səsinə,
Susdu bir dəfəlik can deyən dilin.
Baxa -baxa qaldım ay bacı sənə,
Əlimin içində soyudu əlin.

Dəyməz tay üzümə odlu nəfəsin,
Boynumu bir daha qucaqlamazsan,
Gəlməz qulağıma mehriban səsin,
Məni qəmli görüb sən ağlamazsan.

Haraya baxıram görürəm səni,
Bir anda çıxmırsın sən xəyalımdan,
Qoydun bu dünyada göz yaşlı məni,
Niyə tez apardı səni Yaradan?

Aldı qanadına mələklər səni,
Üzünə açıldı cənnət qapısı,
Bu gediş ağlatdı, sızlatdı məni,
Köçdü bacıların vallah yaxşısı.

MÜƏLLİM

Sevimli müəllim, müqəddəs insan,
Hər yerdə əzizdi, ucadır adın,
Sənsən bir şam kimi alışıb yanan,
Qayğılar içində keçir həyatın.

Bizlərə həsr etdin nurlu ömrünü,
Vətən sevgisindən dərs keçdin bizə.
Sevdirdin nur saçan o ayı, günü,
Səadət gətirdin sən ömrümüzə.

Dahilər, şairlər səndən dərs alıb,
Hər uğur adınla bağlıdır sənin,
Səndən öyrənənlər qalxıb, ucalıb,
Gücü, qüvvətisən doğma vətənin.

Sən bizə göstərdin nurlu səhəri,
Tutub əlimizdən yol açdın bizə.
Gül açır qəlbinin barı, bəhəri,
Həyatda hər zaman borcluyuq sizə.

Şanlı- zöhrətlisən əziz müəllim,
Sənin varlığınla öyünürük biz,
Hər zaman qarşında baş əyir elim,
Səninlə fəxr edir doğma ölkəmiz.