Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər

Əgər ayrılmağa meylin vardısa…

Əgər ayrılmağa meylin vardısa –
sıxılma, çəkinmə… gəl salım yola!
Get, səni ömrümdən qəlbin alırsa,
qaldın nə oldu ki, getsən nə ola?

Daha ürəyimi çarmıxa çəkmə,
daha qaş qaralır, yığış, gecikmə,
ölən pöhrələri tanıtma mənə,
soldun nə oldu ki, bitsən nə ola?

Təkcə mən deyiləm tapıb-itirən,
qismət gətirdiyin-yanlış gətirən,
onsuz da var-dövlət, sərvət sevmirəm;
tapdım nə oldu ki, itsən nə ola?

Xatirə qalmağın bəsimdir, yetər,
yanımda solmağın hicrandan betər
dönmərəm, lap izlə üfüqə qədər!
qısqandın nə oldu, güdsən nə ola?

Ərimiş şam kimi yanmaram yenə,
bənzəsin sevgimiz uğursuz günə,
bir yol etməyinlə nə oldu mənə,
yenidən bəxtəvər etsən nə ola…

26.04.2019

Öz evində

Biri-çəkən, biri-geri qaytaran,
nə cürədir hansı, necə biləsən?
Yollar çoxdur ora-bura aparan,
qayıdanda – öz evinə gələsən.

Fərq eləməz – uzun ola, ya qısa,
qırılmaya – dağlara da dolansa,
kövrələrək, “Can” – deyən də olmasa,
dərdlərini öz evində böləsən.

Dağılmaya nə pəncərən, nə qapın,
evin bilə – nə itirdin, nə tapdın?
öz qaşığın, öz qazanın, öz qabın…
öz evində ağlayasan, güləsən.

Səsləsə də yad ellərin gülşəni,
atıb – getmə doğma çölü, çəməni,
öz mülkündə sındıraraq düşməni,
öz evində əllərini siləsən.

Çox görmüşəm “qovanlarla – qaçanı”,
küyə gedib qanadlanıb uçanı,
vaxt varikən dolaşasan cahanı,
köç edəndə – öz evində öləsən…

26.05.2019

Oluram

Hər dəftərdə adım bu cür yazılır;
ya birinci, ya sonuncu oluram.
Duyğularım havalardan asılı –
ya “dilənçi”, ya “milyonçu” oluram.

Kotan kimi ya gümüşü, ya paslı,
yetim kimi hər an başı qapazlı,
duyğularım havalardan asılı,
ya “milyonçu”, ya “dilənçi” oluram.

Kimdir görən bu dünyanın yiyəsi?
cavablardan min qat artır: “niy”əsi,
haqsızlığa iti qılınc tiyəsi,
xain gözə nizə ucu oluram.

Bir qüvvə var – daşı, dağı qum edən,
əriməyən poladları mum edən,
ya kotana bağlanaraq şum edən,
ya bostançı, ya da suçu oluram.

Ümid sınar, inam qopub qırılar,
aciz insan yaşamaqdan yorular,
təkidimlə məhkəmələr qurular –
son qərarda özüm suçlu oluram!

Yazıq sərçə, nə cılızmış bədənin?
qarğa çalar artıq çıxsa bir dənin,
bəzən, yadlar məclis quran Vətənin
qapısında “qarovulçu” oluram.

Bu bazarda köhnədirsə məzənnə,
gidi dünya, piştaxtında təzə nə?!
hamılıqla el səadət gəzəndə,
qoşularaq mən də yolçu oluram.

28.05.2019

Nə biləydim – dünya belə dayazdı

Mən getməzdim, özü məndən yoruldu.
əməlimdə nə artıqmış, nə azdı?
Baş vurmaqla – qayıtmağım bir oldu,
nə biləydim – dünya belə dayazdı?

Günlərimin gərəksizmiş bir çoxu,
yüz min aca üstün gələr bir toxu!
kaş, olaydı yaşantılar bir yuxu,
həyat-zəmi, ötən anlar – dəryazdı,
nə biləydim – dünya belə dayazdı?

Kimisini “yarıyaşda” sındırar,
teli-başda, gözü – yaşdı sındırar,
əyri gedər, düz olana pəl vurar;
ya vaxtı az, ya – sayqacı nasazdı!
Nə biləydim – dünya belə dayazdı?

Yaşatdıqca – can boğaza dirənər,
yaratdığı – yaşamağa ərinər,
çətinində – məndən ağıl öyrənər,
çarəsini tapan kimi – yol azdı!
Nə biləydim – dünya belə dayazdı?

Canım çıxdı hər nəğməmi yazınca.
şərik çıxdı pay verdiyi qazanca,
iştah – böyük, bu “Heçnəli qazança!”
baş açmadım – qismətimə nə yazdı,
nə biləydim – dünya belə dayazdı…

05.05.2019

Sahildə nə işin, ay qızıl balıq

Arılar əl çəkmir çiçəklərindən,
baxır heyran-heyran yasəmən sənə
O çıxıb gedəndən qəmlisən nədən,
çəmən, nə söylədi o duman sənə?

Sahildə nə işin, a Qızıl balıq?
Dəniz – qaçağına verməz halallıq,
mənə bax: gör nə cür olur azadlıq,
olmaya dar gəldi o ümman sənə?

Üstündə didərgin olanlar artır,
açanlar azalır, solanlar artır,
üzündə günbəgün yarğanlar artır,
Torpaq, nə söylədi bu dövran sənə?

Kotanlar şumladı, səpənlər keçdi,
Zəmidə buğdalı sünbüllər şişdi,
Acları yaşatmaq şərəfli işdi,
Versə bu imkanı dəyirman sənə!

Xəyalən gəzərəm hər yanı ev-ev,
hərdən şən olaram, arabir bikef,
bir yarımda matəm, bir yarımda kef,
Vətən, bənzəyirəm nə yaman sənə…

14.05.2019

Soruşdum: “Nə cürdü nənəmiz Həvva?..”

Dəyişib bazarı, nırxı dünyanın,
satdığı meyvəsi, barı xarabdı.
Geriyə fırlanır çarxı dünyanın –
yarı salamatdı, yarı xarabdı.

Atıram, sularda daş niyə batmır,
dolu-dibdə qalır, boş niyə batmır?
dövranın çaldığı ürəyə yatmır –
kamanı, qavalı, tarı xarabdı.

Əl tutdum namərdlə – əli yandırır,
suları altından lilli yandırır,
çeşmə var – içində dili yandırır,
deyəsən dağların qarı xarabdı!

Buna gücmü yetər, əfv elə, Tanrım,
nə cürə bunları mən barışdırım?
eynini açmaqçün nə qarışdırım?
qəlbi pak eləyən duru xarabdı.

Bu, nə cür mənzildir, bu nə cür yuva?
minnətlə verilər havayı hava,
soruşdum: “Nə cürdür nənəmiz Həvva?”,
Adəm cavab verdi: “Qarı xarabdı!”.

Bir zaman çobanın çaldığı tütək,
yırtıcı qurdu da edərdi mələk,
ellər var – şahları ağıldan gödək,
yerlər var – başdakı çarı xarabdı!

Harda, Vahid Əziz, o böyük xəbər,
nə vaxt xoşbəxt olub Yurdun dirçələr?
yatmış da, oyaq da acdı sərçələr –
yuxuda gördüyü darı xarabdı…

16.05.2019

Mənbə: http://www.edebiyyatqazeti.az