Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar Bürosunun Rəhbəri

* * *

Uçuq daxma kimisən,
Tökülürsən başıma.
Nə gəlmisən, ay adam,
Bu itən yaddaşıma?!

Hələ qış ürəyimdə
Tükənməyib qar payı.
Sənə yer yox evimdə,
Təkadamlıq çarpayı.

Nə birlikdə həyat var,
Nə qaçmağa yerimiz.
Çoxdan intihar edib,
Qoşa şəkillərimiz.

Gedəcəksən, indi get,
Get! aldatma özünü.
Mən səni unutmuşam,
Xatırlatma özünü…

* * *

Adını bilmədiyi
fəsillərdə yaşayırdı,
Yaddaşını muharibədə itirən qoca.
Qış çoxdan haqlamışdı ömrünü,
Günəş də təsir etmirdi
kipriyin qırovuna.
Qəribə düşüncələri vardı;
Göylər-dəniz
Ulduzlar-balıq idi,
Və hər gecə göylərə tilov atardı,
Bircə “balıq” düşməzdi tilovuna

* * *

Yenə soyuqluğun cəllada dönüb,
Hələ almadığın neçə can durur?
Sənin buz ürəyin, qış nəfəsinmi
Mənim ürəyimi belə dondurur?

Ürəyim o qədər üşüyür, hətta
İsti göz yaşımı hiss edə bilmir.
Gözümdə bir soba dərd qalasam da,
Soyuq ürəyimi isidə bilmir.

Elə uzaqlaşır getdiyim qatar,
Arxamca ha səslən, ha yüyür indi.
Soyuyub arzum da, xəyallarım da,
Bütün xatirələr üşüyür indi.

* * *

Bu ayrılıq yük olurmu sənə də,
Əzablarım sol çiynini əyirmi?
Görən məni bitirən bu suallar,
Sənin bircə cavabina dəyirmi?!

Nə demədim sənə “unut”, “ayrılaq”,
Nə demədim, “dəli kimi sev məni”
Görən yenə tövbə edib gecələr,
Gündüzləri pozursanmı tövbəni?!

Fikirlərin qarışırmı arabir,
Xəyalların yenə duyuq düşürmü?
Mənim burda itirdiyim yuxular,
Sənin orda yastığını deşirmi?

Qaçmaq üçün gecələri kabusdan,
Verirsənmi yuxularda nəzir sən?
Baxışların soyunurmu əksimi,
Yoxsa yenə hamıda mən gəzirsən?

* * *

Nə biləsən, ayrılığın səhəri,
Gizli-gizli pıçıldaşır yağışlar.
Nə biləsən, əgər geri qayıtsan,
Tanrı səni göz yaşıma bağışlar.

Nə biləsən, soyuyubdur göz yaşım
Yanağıma kədər yağır, qar düşür.
Gözlərimdə iki dünya qovuşur,
Dodağımda ölüm necə öpüşür.

Nə biləsən, səndən sonra hamının
Mənim ilə davası var, dərdi var.
Çoxdandır ki, taleyimin yükünü,
Daşıyammır ömür adlı nərdivan.

Nə biləsən, bu bitməyən əzablar
Ürəyimi ac qurd kimi yeyirlər.
Bənizimdə həsrətindi saralan,
Həkimlərim “qanazlığı” deyirlər.

Nə biləsən, mənəm səni unudan,
Sənsən məni hər gün bir az itirən.
Nə biləsən, gözlərimdən tökülüb,
Yavaş-yavaş külə dönür xatirən.

Yurd yuvası talanmış yaxın Şərq ölkəsiyəm,
Sərhədlərə sığmayan bir dərdin kölgəsiyəm.
Bilməm, kimin “kaşki”si,
kimlərin “bəlkə”siyəm
Kimlərin dünəniyəm, kimin sabahıyam mən…

Gözlərimdən sürüşüb, ovcuma tökülürəm,
Açılmayan boğçatək içimdə bükülürəm
Gecələr edam olub, çarmıxa çəkilirəm,
Kiminsə duasıyam, kiminsə “ahı”yam mən.

Bilməm, harda itirdim o vicdanı qalnımı?!
Bilməm, harda unutdum o ürəyi yalnımı?!
Yoxluğunu büt edib, söykəmişəm alnımı,
Bütün günahsızların ortaq günahıyam mən.

Sənsiz bu boş şəhərdə, bu çatısız evdəyəm.
Tərk edilmiş kilsəyəm, güllələnmiş kəbəyəm,
“İncil”dəki yasağam, “Tövrat”dakı tövbəyəm
Nə deyim, bu həsrətin, dərdin Allahıyam, mən.

Gəlmə

Gəlmə, başına dönüm,
gəlmə, soyuq bir daşam.
Tərk edilmiş şəhərəm,
itirilmiş yaddaşam.

Töküldüm yarpaq-yarpaq,
söküldüm ilmə-ilmə.
Gəlmə, dərdim, dərmanım,
ölüm fərmanım, gəlmə.

Bilmə, başına dönüm,
bilmə, kiməm, nəçiyəm.
Öz dərdini yamayan,
ən naşı pinəçiyəm.

Gəlmə, sirrim, söhbətim,
Qəlbimdə qalanımsan.
Ən yalan həqiqətim,
ən gerçək yalanımsan.

Bilmə, necə yaşayıb,
sənsiz necə ölürəm.
Xəbərin yox, a zalım,
hər gün sənə gəlirəm.

Bir gün dinəcək inan,
qəlbindəki ağrılar.
Səni incitməyəcək,
Bu naxələf doğrular.

Biləndə ki, ən doğma,
ən yaxın, kəsin yoxdur.
Yəni intihar etsən,
ipini kəsən yoxdur.

Biləndə ki, bu dünya,
Hələ çox dəyişəcək.
Atmadığın tilova,
“Qızıl balıq” düşəcək.

Biləndə ki, səninki,
Yalquzaq tənhalığı.
dəryaya atacaqsan
O gün “qızıl balığı”.

Səni incitməyəcək,
işgəncələr zülümlər.
Adiləşəcək inan,
Ayrılıqlar, ölümlər..

Gözlərin dolsa belə
hönkürüb susacaqsan.
Bütün peşmanlıqları
gözündən qusacaqsan.

Tutacaq əllərindən
keçmişin əsa kimi
Çəkiləcək çarmıxa,
Ürəyin “İsa” kimi.

Dəyişə bilmədinsə,
Sən bu “ağ-qara” fonu
Bağlanacaq pərdələr,
Bu da filmin sonu…