Qəddar sevgi

                    (poema)

 

Görüşünə gəlmişdim,

qarlı bir qış səhəri.

Yarıb qaranlıqları,

Aşaraq sərhədləri.

Keçib çovgunu, qarı,

Əldə bayraq eyləyib,

düz əhdi, düz ilqarı,

Görüşünə gəlmişdim…

 

***

Elə çıxdın qarşıma

sanki yad adam kimi,

Nə “xoş gəldin” eylədin,

nə də əlimdən tutdun.

Yanında olduğumu

sanki tamam unutdun.

O solğun baxışından

əridim bir şam kimi.

Boğdum həyacanımı,

boğdum acı hissimi.

Elə sandım bir anda,

Gələn qarlı qışam mən.

Könlümüzü sızladan

Həsrət dolu yaşam mən.

Qəribə gəldi mənə,

Belə qarşılanmağım.

Dərd oldu ürəyimdə,

Gecə-gündüz yanmağım.

Elə sandım əbəsmiş,

Bu sevgi, bu məhəbbət

Yoxsa qara yel əsmiş?

Ötüb keçmiş səadət!

Həmişə gülə-gülə

Qarşılayardın məni.

Bir dəstə çiçək kimi

Bəzəyərdim sinəni.

 

İndi nə ağlayırdıq,

nə də ki, heç gülüdrük,

Axan göz yaşımızı

dərdimizlə bərabər,

içimizdə bölürdük.

***

 

Görüşünə gəlmişdim…

Qarşıladın soyuq məni.

Öz-özümü çox danladım,

Niyə bağışladım səni?!

Budurmu həsrətin şirin vüsalı,

Alışan o eşqin nə tez sönmüşdü?!

Sanki sevgimizin isti nəfəsi,

Odlu baxışında buza dönmüşdü.

 

Elə bil qəlbinə yağmış yağan qar,

Yoxsa təbiətlə bəhsə girmişdin?!

Qəfildən gəldiyim bu gəlişi də,

Özün də bilmədən sən gətirmişdin.

 

Mənim başımda tufan,

Gözümdə leysan yağış.

Sənin içində boran,

Gözündə buzlu baxış.

“Niyə gəldin” söyləyib,

Tərs-tərs baxdın  üzümə.

Deyəcəyim sözümü

Unutdurdun özümə.

 

***

Aman Allah məhəbbət-

Bir cəllada dönərmiş!

O gülüşlər, sevinclər

Ürəklərdə yox olub

birdəfəlik sönərmiş.

Məhəbbətin alovu

çəkilərmiş qınına,

Həsrət də sevgisini,

gizlicə haraylayıb

çağırarmış yanına.

Sevgi tərsə dönəndə…

 

 

Eşqin qığılcımları

qarsalayıb üzünü,

Deməkdə aciziymiş

səadət də sözünü.

Nə buluddan hay olar,

Nə göz yaşından haray.

Könül də yetim qalar,

Sevgi tərsə dönəndə…

 

***

 

Torpağın üstündə ağaran qar tək,

Qəlbimin telləri ağardı birdən.

Sakitcə lallaşıb axar sular tək,

Eşqin dəryasını bəzədim dərddən.

 

Sən demə sevgimə gəlibmiş bu qış,

Əlimi əlindən ayırmaq üçün.

Sən demə bəxtimə yağırmış yağış,

Həsrətin təşnəsin doyurmaq üçün.

 

Baxıb gözlərinə

Günahkar kimi.

Oldum bu sevdanın

Qəddar hakimi.

 

On ili bir günə döndərən sevgin,

Bəs niyə bu qədər tərsinə döndü?!

Bir günüm on ilə döndü həmin gün,

Səndəmi bəxtimin səsinə döndün?!

 

Bəxtimin qışına, qarına bir bax,

Ay  mənim ömrümün son baharlısı.

Yenidən leysan ol gözlərimdən ax,

Qoyma  bu sevginin bitsin “yarası”.

 

Bir zaman çalınan həzin bir laylan,

Bir zaman açılan səhərin idim.

İndi o yollara həsrətlə boylan,

Bu eşqdən özümə ölüm dilədim.

 

Soyuq baxışından elə səksəndim,

Elə bil ki, dünya uçdu başıma.

Nə sən sən idin, nə mən mən idim,

Bir qara bağlandı tale daşıma.

 

Bu yaşda sevginin dərinliyini,

Sən ölçüb biçmədin, mənmi günahkar?!

Bu yaşda sevginin şirinliyini,

Şərbət tək içmədin, mənmi günahkar?!

 

Təşnəydim bir kəlmə şirin sözünə,

Gözlədim, onu da mənə qıymadın.

Köz basıb vüsalın təşnə gözünə,

Bu eşqin qanını içib, doymadın.

***

Söylədim:- Budurmu əhdin, ilqarın?

Ay ilqar yiyəsi, vədə yiyəsi,

Ömrümü eylədin ömürdən yarı,

Beləmi sevirlər, sevilən kəsi.

 

And içib göylərə, and içib yerə,

Əyləşdin eşqinin şahlıq taxtına.

Asıb ürəyimi gündə min kərə,

Qanımdan gül düzdün çiçək baxtına.

 

Nə yerə sığışdı, nə göyə bu eşq,

Ruh olub göylərə çəkildi hərdən.

Dedilər dərmandı ürəyə bu eşq,

Sən demə, ürəyi sökürmüş dən-dən.

 

Dinmədin…dediyim acı kəlmələr,

Toxundu qəlbinin nazik yerinə.

Gördüm ki, çox yorur məni bəlkələr,

Qoymadım bu eşqin qəm ilə dinə.

 

Qayıtdım… Bu eşqin qara yoluyla

Yolboyu daşlara dedim dərdimi.

Gözümdən süzülən qanlı yaşlarım

Düzüldü sinəmə mirvari kimi.

 

Qayıtdım… dumanlı fikirlərimi,

Gəldiyim yollara çəpər  eylədim.

Ən böyük səbrimi sinəmdən asıb,

Bu acı görüşə sipər eylədim.

 

Qayıtdım… cavabsız qayğılarımın,

Göynətdi qəlbimi acı tüstüsü.

Min yerdən qan verən könül bulağım,

Oldu bu eşqimin çiçək dəstəsi.

 

Gileyim, güzarım haray çəkərək,

Döndü dağ zirvəli dağ şəlaləyə.

Hər qaya köksündən bir nalə qopdu,

Dinlədim, eşqimin səsidir deyə.

 

***

Döndü xəyallarım sısqa yağışa,

İlqarım ağladı, əhdim ağladı.

Döndüm yollarımda qarlı naxışa,

Yenicə dil açan bəxtim ağladı.

 

Sən demə aldanıb yaz vədəsinə,

İndi də baxıram qışa dönmüşəm.

Uymuşam eşqimin bülbül səsinə,

Yuvası dağılmış quşa dönmüşəm.

 

Yazdığım məktublar düşdü yadıma,

Danladı üzümü yazdığım sözlər.

Nələr yazmamışdın mənim adıma,

Göynətdi qəlbimi qoyduğun izlər.

 

Eh…həyat yalanmış, sevgi yalanmış,

Oldum bəyaz ömrün bahar yorğunu.

Gələn səadət də üzdə olanmış,

Çəkmədi sinəmdən sevda oxunu.

***

Həsrət varağıma töküldü qan yaş,

Yenidən közərdi külü dərdimin.

Dil açdı həsrətim, ürəyində daş,

Min yerdən ah çəkdi dili dərdimin.

 

İnlədim vəfalı bircə yar deyib,

Sevda yolum olub tufan, qar deyib,

Sığındım mən sənə dünyam var deyib,

Nə tez yıxdı səni əli dərdimin?!

 

Döndüm laylasına yar deyən kəsin,

Sevməyən nə bilər sevgi naləsin?!

Açdın ürəyimin qəm pəncərəsin,

Yoxsa tufan oldu yeli dərdimin?!

 

Ürəyim qəm yeri, dolu daş kimi,

Sevdam gözlərimdən axdı yaş kimi,

Asıldım yaxandan bir sirdaş kimi,

Sənə dərd oldumu əli dərdimin?!

***

İkimiz bu yolda necə yanmışıq,

Bilir dostlarımız, bilir tanışlar.

Bu eşqin yolunda alovlanmışıq,

İndi bu yollarda sevgimiz qışlar.

 

Söylədin xəyaldı, bu sevgi deyil,

Bu  yolda hər sözə layiq bilindim.

Yar deyib sığındım isti köksünə,

Sən demə yenidən iki bölündüm.

 

İkiyə bölünmüş sevən ürəyim,

Min yerdən dağlanıb, aha büründü,

Mənim tək sevənin, ya sevilənin,

Taleyi özündən beləmi döndü?!

 

Mən elə bilirdim, elə bilirdim,

Bu sevgi ömrümə bahar gətirmiş.

Tale ağlatdıqca elə gülürdüm,

Sən demə gülmək də ayrılıq imiş…

 

Sevirdim…gözümün qorası idin,

Sevirdim…gözümün qarası idin,

Sevirdim…qəlbimin parası idin,

İndi nə təbibimim, nə loğmanımsan.

 

Sənsiz  Günəş çıxar, nə Ay batardı,

Sənsiz  gözüm görər, nə də yatardı,

Sənsiz quru söz də məni tutardı,

İndi nə səhərim, nə də danımsan.

 

Bahar da sən idin, yaz da sən idin,

Ağzımda bir kəlmə söz də mən idin,

Qəlbimi oxşayan naz da sən idin,

İndi nə ürəyim, nə də canımsan.

 

Güldürə-güldürə ağlatdın məni,

Ağlaya-ağlaya gülürəm indi.

Sənin həsrətinə neçə can verib,

Özümü min yerə bölürəm indi.

 

İndi xəyallarım közə qarışıb,

Bir ömür göz yaşım gözə qarışıb,

Düşmüşəm yollara izə qarışıb,

Açılmış gül idim, soluram indi.

 

Bir dünya sevgiyəm, bir  ömür yolu,

Sındı bu eşqimin qanadı, qolu,

Bir dünya nəğməydim, bir ürək dolu,

Bulud tək boşalıb doluram indi.

 

***

 

Ölümə nə var ki, gedəcəm bir gün,

Gəlib məzarıma nə deyəcəksən?!

Xəyal tək ömründə qalacam hər  gün,

Bax, onda sevgimə baş əyəcəksən.

 

Şaxtalı ömrümə əlvida deyib,

Sığındım mən sənə çətində, darda.

Bu ülvi sevgimi kəfən eyləyib,

Rahat yatacağam soyuq məzarda.

 

Nə məzar ağlayıb, nə də ki, torpaq,

Mənə yas tutacaq, ağı deyəcək.

Xəzəl tək üstümə tökülən yarpaq,

Sevdalı ahıma  baxıb  güləcək.

 

Bitəcək üstümdə güllər, çiçəklər,

Bitəcək ömrümün sənli baharı.

Torpağım üstünə düşən ləçəklər,

Olar sevgimizin quzeyli qarı.