Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

/”Ömürdən- gündən” – silsiləsindən/

Hisslərim qərq olub sisə,dumana,
Taleh dönüb baxmır, sevinc umana.
Qəm məni döndərib əyri kamana,
Görən gözlədiyim nədir qədərdən?
Göz aça bilmədim qüssə, kədərdən.

Hər dərdim qəlb sökən ovxarlı qəmə,
Anlada bilmədim dərdi həmdəmə.
Dizlərim qatlanıb dəydi çənəmə,
Qaldım səhralarda tənha, sərgərdən,
Göz aça bilmədim qüssə, kədərdən.

Yaxınlar oldular uzaqdan baxan,
Olmadı həmdərdim, bir qəhmar çıxan.
Oldu qoşa çeşməm , gözlərdən axan,
İçdim qətrə-qətrə qübar, qəhərdən,
Göz aça bilmədim qüssə, kədərdən.

Bitib tükənmədi fələyin xıncı,
Namərdcə arxadan çəkdi qılıncı.
Eylədi atdöşü, əldə qırmancı,
Vermədi heç zaman fürsəti əldən,
Göz aça bilmədim qüssə, kədərdən.

Bəxt yırta bilmədi qara pərdəni,
Ələndi saçlara illərin dəni.
Tərk etdi əlli qış, əlli yaz məni,
Bir ömür puç olub getdi hədərdən,
Göz aça bilmədim qüssə kədərdən.

Talesiz bir ömür yaşandı,-bəlli,
Duyğular ruhumda etdi təcəlli.
Dövranın yazdığı,qəlbə təsəlli,
Heç qaçmaq olarmı, “atılan zərdən”?
Göz aça bilmədim qüssə, kədərdən