Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

/”Vətənimdir” – silsiləsindən/

Hisslər atəşlədi qəlbdəki odu,
Yoxdur sevincimin həddi, hüdudu.
Tanrıdan istəyim, bax gerçək oldu,
Əsgərəm, Ana!

Haqqında minlərcə xəyal qurduğum,
Səngərdə, sərhəddə hazır durduğum.
Vətənə ya qazi, şəhid olduğum,
Əsgərəm, Ana!

Oğul, ər böyütdün, öndə dayana,
Qurbandır gənc canım vətənə, sana.
Düşmən cavab versin tökdüyü qana,
Əsgərəm, Ana!

Hünərdir, zəfərdir axşam, sabahım,
Dilimdə təkbirim, qəlbdə Allahım.
Əynimdə polad don, əldə silahım,
Əsgərəm, Ana!

Görəvim düşməni yurdumdan qovmaq,
Az qalıb, səbr etsin doğma Qarabağ.
Sipərim Haçadağ, Soyuq, Murovdağ,
Əsgərəm, Ana!

Hər qaya yanımda bir çavuş, gizir,
Zəhmimiz, gücümüz, düşməni əzir.
Sayıq dayanmışam, əmrə müntəzir,
Əsgərəm, Ana!

Qıracam buxovun əsir dağların,
Öpəcəm Laçını, Ağdam torpağın.
Sancacam Şuşaya dövlət bayrağın,
Əsgərəm, Ana!

Əsgərəm. Əsgərəm.Əsgərəm Ana,
Darıxma heç zaman oğlundan yana!.