Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

/”Vətənimdir” – silsiləsindən/

Bilinmir tarixi, bilinmir yaşı,
Heyrət, möcüzədir hər qaya, daşı.
Yurdun əfsanəsi, yurdun sirdaşı,
Olub zəvvarların daş qibləgahı-
Əshabi-Kəhf ziyarətgahı.

Qüdrətdən heyrətli,əsatir dağı,
Əbədi qurtuluş, nicat ocağı.
Sirlər aləmidir qoynu, qucağı,
Haqqa sığınanın ümüd, pənahı-
Əsahabi-Kəhf ziyarətgahı.

Şanından söz açır Qurani- Kərim,
Misilsiz hikmətlər, mənası dərin.
Yeddi Kimsənənin ayaq izlərin,
Tapa bilməyibdir dövrünün şahı-
Əshabi-Kəhf ziyarətgahı.

Arzular, diləklər,dualar, niyyət,
Könüllər qazanır saflıq, ülviyyət.
Burda hüzur tapır ruhi-zehniyyət,
Qayalar qoynunda bir cənnət bağı-
Əshabi-Kəhf ziyarətgahı.

Hər gün minlərlədir onun qonağı,
Daşdandır məscidi, daşdır otağı.
Nurlu buludlardır qübbəsi, tağı,
Tanrı qapısıdır, Haqqın dərgahı-
Əshabi-Kəhf ziyarətgahı.

Sıxıntı edərkən qəlbi qəmxana,
Ülvi niyyətlərlə üz tutdum Ona.
Yalvardım Ya Rəbbim , yol göstər mana,
Qalmasın Dövranda dövrün günahı-
Əshabi-Kəhf ziyarətgahı.