Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

/”Könül dəftərim” – silsiləsindən/

Zaman dursun, dayansın,
Vaxtsız yaşa dolmayım.
Dünyam od tutsun yansın,
Amma sənsiz olmayım.

Kərəmin Haqq sazıyam,
Hər cəfana razıyam.
Fərz et şəhid, qaziyəm,
Amma sənsiz olmayım.

Cünun təkin saç yolum,
Zəncirlənsin əl-qolum.
Eşqinlə Məcnun olum,
Amma sənsiz olmayım.

Sənsən əhvalım, halım,
Gəl ol şəkərim, balım.
Qırx il zindanda qalım,
Amma sənsiz olmayım.

Vuruldum göz, qaşına,
Sevən baxmaz yaşına.
Durum dönüm başına,
Amma sənsiz olmayım.