Təhminə VƏLİYEVA.”AXC-100: Keçən günlərin soyuq küləyi”

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi,
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.

valiyevatahmina@gmail.com

Fevral ayı… Bakı yenə küləklidir! Əsən külək küçənin ortası ilə gedən təxminən 60-70 yaşlarında olan qadını ayaq saxlamağa məcbur edir, külək nəinki onu irəli getməyə qoymur, hətta yolunda dayanmış sərt maneəyə çevrilir. Necə ki illər əvvəl əsən soyuq küləyin gətirdiyi bəla kimi! Səkiyə keçir və birdən canına üşütmə gəlir. Bu əsən külək sanki ona tanış gəlir və anidən keçən günləri xatırladırdı. Bəli, o soyuq qış səhərini! Artıq 50 il keçirdi, amma soyuğun hərarəti hələ də canında idi. Küləyin səngiməsi ilə yolu keçib binaya daxil olur. Çoxdandır bağlı saxladığı otağın qapısını açır və kitab şkafının üst rəfindəki dəftəri vərəqləməyə və o, keçənləri xatırlamağa başlayır.
Ucqar kəndlərdən birinə təyinat almış gənc müəllimə onun üçün ayrılmış evdə yır-yığış edib əşyalarını yerləşdirməklə məşğul olurdu. Gecənin zülmət qaranlığı kəndə hakim kəsilmiş, az da olsa səs-səmir, hənirti yox idi. Yalnız bir evdən zəif lampa işığının yandığı sezilirdi. Saat əqrəbi 3-ü vurur, 23 yaşlı gənc müəllimə isə öləziməkdə olan zəif lampa işığında gələcək barədə planlar qurur, dəftərində ara-sıra cızma-qara edirdi.
Ailəsinin tək övladı olan Aytən anasının ciddi cəhdlərinə baxmayaraq, atası sayəsində naz-nemətlə böyümüş, ərköyünləşmişdi. Mehriban, səmimi və ünsiyyətcil olmağı ilə istənilən kollektivdə seçilməyi və hamının sevimlisi olmağı bacarırdı. Inadkarlıq, cəsurluq və qəti qərarlılıq Aytənin xarakterinə hopmuşdur. Onun kəndə müəllim getmək qərarı valideynlərinin heç ürəyincə olmamış, onu qərarından döndərmək üçün nə qədər səy göstərdilərsə də boşa çıxmışdı. Indi isə o, kəndə necə uyğunlaşacağı barədə düşünür, dərs deyəcəyi sinif otağını görməyə və şagirdləri ilə tanış olmağa tələsir və olduqca həyəcanlanırdı. Gələcəyə sonsuz ümidlə baxan müəllimə bir gecədə min xəyal qurmağa o qədər aludə oldu ki, yerindəcə – stola başını söykəyib yuxuya daldı.
Səhər banı açılmış, kənd oyanmışdı. Xoruzun zil səsinə qalxan Aytən tezliklə səhər yeməyi üçün tədarük görüb dərsə hazırlaşırdı. Get-gedə həyəcanı artırdı. O, sanki dünən gecə dərsini necə quracağı barədə saatlarla düşünməmiş və yenidən dərsin planını hazırlayaraq onu bürüyən həyəcana təslim olmamağa, özünü ələ almağa çalışırdı. Budur, kəndxuda Mahmud, məktəb direktoru Qulamhüseyn və təhsil idarəsinin müdiri yoldaş Mixayılov gənc müəlliməni kənd camaatına tanıtdırmaq və dərs deyəcəyi məktəbə aparmaq üçün gəlib çıxdılar. Aytən cəld əynini geyib yola düşdü. Kənd camaatı tərəfindən yeni müəlliməyə yarısevinc, yarışübhə, hətta istehza dolu baxışlar tuşlanmışdı. Kənd əhalisi içərisində elmə, təhsilə önəm verənlər barmaqla sayılası qədər idi. Uşaqlarını mal, örüş otarmağa göndərən valideynlər isə təhsilə barmaqarası baxır, boş məşğuliyyət hesab edirdi. Hətta təhsilə dindən, millətdənçıxma vasitəsi kimi baxanlar da az deyildi. Aytən bu baxışlardan işinin çətinliyini anlayır, ancaq geri çəkilməyi ağlına belə gətirmirdi. Beləliklə, kənd əhalisi yeni müəllimə ilə tanış olduqdan sonra Aytən sinif otağına daxil olur və ilk dərsini keçir.
Dərsdən evinə qayıdan müəllimə şagirdləri içərisində nisbətən yaşca böyük olan Mehribanla kəndi qarış-qarış gəzib kəndin hər yerinə, guşəsinə bələd olmağa çalışırdı. Fevral soyuğu onları buz kimi kəsirdisə də Aytənlə Mehriban dişləri bir-birinə dəyə-dəyə danışmaqda davam edirdilər. Küçənin sol döngəsində uçuq-sökük bir tikili Aytənin nəzərini dərhal özünə cəlb etdi və tikili barədə Mehribandan xəbər aldı:
– Mehriban, bəs bu tikili nədir belə?
– Deyilənə görə, əvvəllər bura kitabxana imiş, yaxşı da kitablar olarmış. Amma yanğından sonra bura heç baxan olmadı. Kənd əhlinin də ən sonuncu dərdi kitabxanasının olmaması olar deyə belə vəziyyətə qaldı,- dedi və dərin bir ah çəkdi.
– Mən içəri keçib baxmaq istəyirəm, – deyə, Aytən cavab verdi və bir qədər fikrə dalaraq astadan dedi:
– Kim bilir, bəlkə də indi orda nə xəzinə yatıb!
– Gəlin birlikdə baxaq! Tək girməyin! Ora toz-torpaq içindədir və həm də içərisi çox qaranlıqdır.
– Elə isə gedək evə lampanı gətirim.
Evə daxil olan müəllimə cəld lampanı yandırdı. Sonra canlarına istilik gəlsin deyə Aytən şagirdini bir stəkan çaya qonaq etdi. Daha sonra lampanı götürüb köhnə kitabxanaya doğru yola düşdülər. Tikiliyə daxil olanda gördüyü mənzərə Aytəni dəhşətə gətirdi. Bura Mehribanın dediyindən daha betər bir vəziyyətdə idi. Hörümçək torları arasından keçib zülmət qaranlığa daxil oldular. Qaranlıq iki gənc qızı istər-istəməz qorxuya salır, lakin onlar cəsarətlərini toplaya bilib divarları uçmuş, pəncərələri qırılmış kitabxananı xeyli dolaşdılar. Kitabxanadakı kitabların bir qismi tamam yanmış, bəzilərinin yalnız bir neçə səhifəsi sağlam qalmışdı. Lakin hələ də sağlam qalan kitablar da az deyildi. Aytən kitabxanadan çıxmaq istəyərkən ayağı nəyəsə ilişir. Lampanın işığını tutub baxdıqda onun M.Ə.Rəsulzadənin “Cümhuriyyətimiz” adlı kitabı olduğunu görüb vərəqləməyə başlayır və evə aparıb oxumağı qərara alır. Uçuq-sökük kitabxanada gördüyü mənzərədən dəhşətə gələn gənc müəllimə lazımi tədbirlərin görülməsi üçün birbaşa kəndxuda və təhsil idarəsinin yanına gedir. Kəndxuda Mahmud bu işə nəinki yanaşmır, “Ay qız, sən allah get dərsini keç, belə işlərə baş qoşma! Nə mənim başımı ağrıt, nə də özününkünü” deyib heç onu dinləmir də. Əlac yoldaş Mixayılovun yanına getməyə və dərdini ona açmağa qalır. Aytən həm də onun nitqində təhsilə, maarifə necə önəm verdiyini bir az öncə eşitmişdi, məsələnin həll ediləcəyi ümidi ilə bir qədər uzun olan məsafəni də yeyin addımlarla keçib ünvana çatır.
İdarəyə daxil olan kimi 50-55 yaşlarında bir kişi Aytənin qarşısında dayanıb, dedi: “Obed vaxtıdır, indi olmaz! Get, sonra gələrsən”. Aytən isə qaşlarını çataraq “Nə obed vaxtı?! Hələ bir saat var” deyib, içəri daxil oldu.
İşin gərginliyindən başı ayılmayan yoldaş Mixayılov güzgü qabağına keçib təzə hədiyyə olunmuş qalstukunu səliqəyə salırdı. Elə bu vaxt Aytən otağın qapısını döyüb nəzakətlə içəri daxil oldu. Müəlliməni başdan-ayağa süzən yoldaş Mixayılov ona əyləşməyi təklif etdi. Aytən bu baxışlardan narahatlıq duysa da bəlli etmədi və birbaşa mətləbə keçdi. Aytən gördüyü mənzərəni bütün təfərrüatı ilə təsvir edib, “bir halda ki, kəndin sahib olduğu yeganə kitabxana bu vəziyyətdədir, elə isə camaatı təhsilə, maarifə necə çəkmək olar? Bu kitabxananın bərpası digər kəndlərdən də qız və oğlanlarımızın kitabxanaya və onun vasitəsilə də təhsilə cəlb olunmalarına şərait yaradacaq. Beləliklə, savadlı gənclərimizin sayı birə beş artacaq, savadlı cəmiyyət, millət yaratmaq arzusu təmin olacaqdır. Savadlı cəmiyyətin yaranması isə uğurlu gələcəyin bünövrəsinin qoyulması deməkdir”. Müəllimə fikrini yekunlaşdırdıqdan sonra yoldaş Mixayılov ona yeni mədəniyyət evinin tez bir zamanda kənddə açılacağı və kitabxanadakı bütün kitabların oraya daşınacağını dedi. Aytən bu xəbəri eşidən kimi öz minnətdarlığını bildirir və sevincək halda əlindəki kitabı ona göstərir. Kitabın cümhuriyyət dövrünə aid olduğunu yəqin edən yoldaş Mikayılov hiyləgər baxışlarını Aytənə yönəldir və deyir:
– Bəs bu kitab nədən bəhs edir? Bağışlayın, sizə də zəhmət verirəm, ancaq mən bu barədə o qədər də məlumatlı deyiləm.
– Elə buna görə də dediyiniz mədəniyyət evinin tezliklə inşa ediməsinə və insanların bu cür yandırılmış, məhv edilmiş kitabxanalarda gizlənən mədəni sərvətimizlə tanış olsun. Saxtalaşdırılmış, dəyişdirilmiş tarix əvəzinə həqiqəti öyrənsin. Tariximizin ən şanlı səhifələrini vərəqləsin. Rəsulzadələrin, Xoyskilərin Şərqdə ilk demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətini yaratdığını bilsin və əsarətdən qurtulmağa can atsın. Bu qəbildən olan kitablar çox fayda verəcək
Aytən bütün bunları böyük coşğu və şövqlə deyir və ehtiyatlanmadan “əsarətdən qurtulmaq” ifadəsini işlədir.
– Əsarət? Kimdir əsarətdə olan? Sovetlər Birliyi beynəlmiləlçilik bayrağı qaldırıb, xalqların dostluğuna çalışır, sizsə əsarətdən danışırsınız! Bizim ölkədə “dost”, “birlik” anlayışı var, düşmən yox. Hər kəs halından razı, xoşbəxtdir, bircə siz narazısınız deyəsən, düz anlamışam?
– Xoşbəxt? Bu xalqın nəyi xoşbəxtdir? Onun hər şeyi – maddi-mənəvi hər nə varsa hər şeyi əlindən alınıb, bir millət olaraq öz kimliyindən, tarixindən uzaq düşüb.
– Belə çıxır ki, siz bura təhsil vermək adı altında inqilab təşkil etməyə gəlmisiniz. Yoxsa nəyinizə lazımdır azadlıq, müstəqillik.
– Bu tək mənə deyil, bütün xalqa lazımdır. O da Babəyi kimi bir gün azad olmağın sevincini dadsın deyə, müstəqilliyin dəyərini bilsin deyə lazımdır. Əlbəttə, sizin kimi məmurlar bu vəzifələrdə var olduqca biz inkişaf yox tənəzzülə, müstəqilliyə yox əsarətə düçar olacağıq. Xoşbəxt o xalqdır ki, onun məmuru da, ziyalısı da, müəllimi də öz mövqeyi və vəzifəsindən sui-istimal etmədən xalqın inkişafı, tərəqqisi üçün çalışır. Yoldaş Mixayılov sizin kimilər isə nəinki xalqı inkişafa qaldırmağa çalışar, hətta baltanın birini də elə o özü vurar.
– Müəllimə nə dediyinizin fərqində deyilsiniz deyəsən?! Biz xalqa xidmət üçün burda- vəzifə başındayıq.
– Çox təəssüf edirəm! Vaxtınızı aldım! Nə də olsa bu nemət sizə xalqınıza xidmət edəsiniz deyə verilib. Kaş bunun dəyərini anlaya biləydiniz.
Yoldaş Mixayılov söhbət zamanı Aytənin idarədə doğma Azərbaycan dilində danışmasına ikrahla baxırdı və nəhayət ona müraciət etdi:
– Belə görürəm, siz qara camaatın dilinə vurğunsunuz! Axı siz ziyalısınız. Ziyalının ana dili Sovetlərin bizə bəxş etdiyi ən böyük nemət – rus dili olmalıdır. Hələ bir cəsarət edib Təhsil İdarəsində qara camaatın dilində danışırsınız. Bura sizin üçün kənd məhəlləsi deyil.
Getməyə hazırlaşan müəllimə ayaq saxladı və:
– Məgər siz azərbaycanlı deyilsiniz? Siz ana dilində dil açmamısınız? sizə ananız laylanı rus dilində oxuyub? Nə tez unutdunuz öz dilinizi?! Nə vaxtdan Sovetlər əmanəti nemətimiz oldu? Axı bizim bu nemətə ehtiyacımız belə yoxdu.
Aytənin dediyi sözlərin yoldaş Mixayılova heç təsir belə etmədi və etinasız halda cavab verdi:
– Eh, camaatdan biri olmaq başqa, vəzifədə olmaq başqa! Sizə də məsləhət görürəm ki, millətçilik, şovinizmdən uzaqlaşıb xalqlar dostluğuna çalışasınız!
Söylədiklərinin qarşısındakı üçün heç bir məna kəsb etmədiyini və onun yatmış vətənpərvərliyini oyatmaq üçün indiki cəhdlərinin heç bir bəhrə verməyəcəyini anlayan müəllimə sağollaşıb evə tərəf yola düşdü.
Yoldaş Mixayılov isə fürsəti əldən verməyib öz vəzifə borcunu yerinə yetirmək üçün kəndə yeni təyinat almış gənc müəllimə barədə nazirliyə yazılı məktub göndərdi. Məktubda müəllimənin siyasi məqsədlə gəldiyini qeyd edir, niyyətinin inqilab təşkil etmək olduğunu və dərhal onun barəsində əməli addımların atılmağının gərəkliliyini vurğulayır. Məktubu gizli təxribat işinin üstünü açdığına görə daha yüksək vəzifəyə yüksələcəyinə əmin halda bağlayıb, poçtla göndərdi. Məktub indi onu yeni “uğurlara”, yeni vəzifələrə daşıyacaq ümid çırağı idi.
Aytən bu “maarifpərvər” insanın simasını və sözlərini xatırlayaraq bütün gecəni yata bilmədi. Nə edə bilərdi axı? Kiməsə nə deyə bilərdi ki? Sabahkı dərsini cümhuriyyət öndərlərinə həsr etməyi qərara aldı. Heç olmasa, şagirdləri bu tarixi həqiqət barədə az da olsa məlumat alsınlar. Dərsi üçün bəzi qeydlər götürüb yuxuya getdi. Səhər ayıldıqda sanki dünənkiləri unutmuş və özünü daha gümrah hiss edirdi. hazırlığını görüb məktəbə inamlı və əmin addımlarla yola düşdü. Ona bu əminliyi verən də AXC sevgisi, müstəqillik duyğusu idi. Öz şagirdlərini cümhuriyyət öncülləri tanış etmək, tarix səhifəsindən çıxarılan şanslı səhifələrə nəzər salmaq bu gün amalına çevrilmiş və ona hədsiz güc bəxş etmişdi.
Sabahın soyuq küləyi bütün bədəninə işləyirdi. Əlləri tamam donmuşdu. Məktəbə gedərkən kənd camaatı hərəsi bir yandan, hərəsi bir dillə gənc müəlliməni dindirir, rəğbət bildirirdilər. Havanın get-gedə istiləşməsi yerinə daha da soyuqlaşması kənd əhlinin əhvalını yaman təlx edirdi.
Sinifdə şagirdləri ilə salamlaşan müəlllim bugünkü dərsinə başlayır. Dünya xəritəsini açıb orada Azərbaycanı və Şərqi göstərən müəllim kiçik xalqın böyük tarixi xidmətlərini sadalayır. Şərqin ilk demokratik respublikasının, bayrağımız, himnimiz, ordumuzun, ilk ali təhsil müəssiəsinin – Bakı Dövlət Universitetinin yaranışı məhz Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. Cəmi 23 ay yaşamış Cümhuriyyətin əsası böyük çətinlik hesabına 28 may 1918-ci ildə Tiflisdə qoyulmuş, paytaxt Gəncə, daha sonra Bakıya köçürülmüşdür. AXC-nin digər tarixi xidməti ilk dəfə qadınlara seçki hüququnun verilməsi idi. Sovet ideoloji maşınının Azərbaycanda möhkəmlənməsi AXC-nin süqutuna və milli-mənəvi dəyərlərimizə əl qoyulmasına səbəb olur. Bu tarixi faktları sadaladıqdan sonra cümhuriyyət öncüllərinin fəaliyyəti barədə şagirdlərində təsəvvür yaradır. Bəli, artıq müəllimə üzərindən ağır mənəvi yükün qalxdığını hiss edir.
Evinə təzəcə çatmış müəllimə dincini almamış qapı döyülür. Budur, xüsusi geyimli üç nəfər komandir qapı arxasında dayanıb. Müəllimə qapını açdıqda ondan zəhmli səslə zabitlərdən biri soruşdu:
– Aytən Mirzəzadə sizsinizmi?
Aytən heç nədən xəbərsiz və çaşqın halda cavab verdi:
– Bəli, mənəm.
– Bizimlə gəlməlisiniz!
– Axı niyə? Nə baş verib?
– Sual verməyin, orda hər şey sizə aydınlaşacaq!
Aytənin bədəni əsməyə başlayır, axı o nə edib?, hansı günahı işləyib ki, onu günahkar qismində aparmağa bir dəstə əlisilahlı gəlib. Getməyə də bilməzdi, çarəsi tükənir və dərin nəfəs alaraq paltosunu geyib maşına tərəf gedir. Maşın hərəkətə gəldiyi zaman içindən bir səs bir də bu evə, bu kəndə qayıtmayacağını deyir. Şagirdlərini bir də görə bilməyəcək, onlara dərs keçə bilməyəcək və yenə hər şey yarıda qalacaqdı. Bu fikirlərin onda necə yarandığına özü də şübhə edir, bir anlıq başını dik tutaraq nikbin olmağa çalışır. Onun ki heç bir təqsiri yox idi.
Təzəcə təyinat aldığı və arzusunu reallaşdırdığı məktəbin önündən keçəndə Aytən maşını durdurmağı xahiş edir və son görüşün gətirdiyi həyəcan və kədərlə məktəbə, dərs dediyi sinif otağına baxmaq üçün tələsik maşından düşür. Qəhər boğur onu, ağlamaq istəyir, amma…. bacarmır. Indi daha aydın hiss edirdi ki, bu, sondur! Bir də bu məktəbə, bu dərs otağına gəlməyəcək. Kaş, kaş indi şagirdlərini də son dəfə görə biləydi, onları qoynuna basıb qucaqlaya, vidalaşa biləydi….
Məktəbin qarşısında dayanmış direktor Qulamhüseyn onu bu vəziyyətdə görüb yanına yaxınlaşır və təəssüfü üzündən bəlli olurdu. Əlini qızın çiyninə qoyaraq deyir:
– Axı sənin nəyinə lazım idi cümhuriyyət dövrü, ana dili…. Niyə belə elədin? Gəncliyinə salıb emosionallığa qapıldın, axırı da bu…
Aytən göz yaşlarını saxlaya bilmir. Hönkür-hönkür ağlayır və nəhayət özünü toparlayaraq deyir:
– Deməli, o… o mənim millətimdən, mənim qanımdan olan o nainsaf … Mən, mən inqilab edək, dövlət yaradaq demirdim ki. Mən öz tariximizi, dilimizi, kökümüzü, özümüzü bilək deyirdim. Yalanlara aldanmayaq, həqiqəti bilək və həqiqət uğrunda mübarizə aparaq deyirdim. Deyirdim bu milləti əsarətdən çıxaraq. Bu da ancaq maariflə olacaq. Savadlı, vətənpərvər ziyalılarımız xalq üçün yeni, möhkəm bazası olan gələcək inşa edəcək.
– Eh, sən xəyallarda yaşayırsan, ay qız! Bu millət belə gəlib, belə də gedəcək.
– Yox, yox mənim kimi neçə gənclər bu cür mənən sarsılacaq, amma ayağa qalxmağı, mübarizə bayrağı qaldırmağı bacaracaq və mənəvi əsarətə son qoyulacaq!
– Sənin sürgünə ya da həbsə göndərilməyinə mane olmağa çalışacağam. Amma birdən mən barədə sorğu-sualda nəsə soruşsalar heç nə danışma. Yaxşı?
– Aha.
– Allah özü yardımçın olsun və özü sənə rəhm eləsin!
– Hələlik!
Aytən maşına əyləşir və pəncərənin önündə soyuq küləyin bütün hərarətini hiss edir. Soyuq, bumbuz külək onu yandırır, için-için yandırır. Gözlərində iki damla yaş gilələnib, yanağına süzülür və aram-aram yuxuya qərq olur.
Zabitlərdən ucaboylu olanı Aytəni oyatdı. Maşın dayanmış, ətraf sükuta qərq olunmuş, arabir gözətçi əsgərlərin səsi gəlirdi. Aytən əliqandallı halda, yanında iki əlisilahlı zabit bölməyə daxil oldu. Hər kəs ona günahkar, xalis cinayətkar kimi baxır, ikrah dolu nəzərlərini qıza yönəltmişdilər. Bu vəziyyət gənc müəlliməyə o qədər ağır gəlirdi ki… başını aşağı salıb yeyin addımlarla gedirdi. Onu qaranlıq bir otağa gətirdilər və enlikürək bir gənc zabit içəri daxil oldu. Güzəştə getməyən, zəhm dolu baxışlarını qıza yönəltdi və sorğu-suala başladı. Saatlarla sürən sorğu-sualda neçə hədə-qorxu, neçə təhqir, neçə böhtan deyilmiş, necə dözülməz fiziki və mənəvi zülmə, əzaba düçar olmuşdu… Illər sonra bu acı xatirənin yada salınması ilə ürəyinə bir dözülməz sancı gəlir. Xatirələr isə aman vermir və o günü yada salmamağa çalışır və dəftəri bağlayıb sandığa qoyur. Bu zaman nəvəsi Aynişan otağa daxil olur, nənəsinin nəyisə gizlətdiyini zənn edib soruşur:
– Ay nənə, qızılmı gizlədirsən sandıqda?
Aynişanın bu sualı nənəyə sanki güc, cəsarət verir. Yaşlı nənə birdən qərara gəlir ki, hər şeyi- o günləri, o xatirələri, o yaşanmışları nəvəsinə danışsın. Qoy o da bilsin, Azərbaycanın acı dünəni barədə və bugünkü müstəqilliyin necə zəhmət hesabına əldə olunduğunu. Dəftəri ona göstərir və nəfəsini dərərək o ötənləri danışır. Haqsız yerə sürgünə məruz qalması, öz arzularının bir anda puç olması barədə kədər və təəssüflə danışsa da öz inam gücünü AXC-dən aldığını etiraf edərək deyir: Ancaq mən heç zaman geri çəkilmədim, qızım! Bir gün müstəqil olacağımıza inanırdım. Bu gücü, bu inamı da verən Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdiyim dərsimdə şagirdlərimin o vətənpərvər ziyalılara rəğbətini görmək, azadlığa can atma meylini yəqin etmək idi. Mən inanırdım, inanırdım ki, onlar bizə AXC kimi demokratik respublikanı yaratmaq üçün çalışacaqlar. Və biz bunu bacardıq!