Elə bulandırdın könül aynamı,
Düzəlib durulmaq illər apardı.
Söküb xatirəni tulladım yerə,
Küləklər sovurdu, yellər apardı.

Əslində nə idi, nə oldu adı,
Çəkib, çəkişdirdi doğması, yadı,
Çoxların qarsıdı alovu, odu,
Söhbətlər soyutdu, dillər apardı.

Gəlmişdim, qismətdə bir biyar ömür,
Bu biçilmiş ömrə di sığış, gömül,
Hər soyuq baxışdan çat verən könül,
Hər çatda nə boyda sirlər apardı.