Əziz MUSA.”Baba”

em

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Olan düz bölünmür, artıb qalıqlar,
Yaxşılıq bilməyir daha balıqlar,
Gün-gündən çoxalır xarabalıqlar,
Dünyanın nizamı pozulub, baba.

Daha düz çəkməyir, bu daş tərəzi,
Yoxdu, ədalətin , haqqın əvəzi,
Bölünüb dağları, düzü, dənizi,
Dünyanın nizamı pozulub, baba.

Çoxalıb uçuran, azalıb quran,
Cənnət el-obalar olubdu viran,
Allahlıq eyləyir yerindən duran,
Dünyanın nizamı pozulub, baba.

Bayquşlar ulayır gül bitən yerdə,
Namərd quyu qaxır, tor qurur mərdə,
Düşübdü urvatdan xeyir də, şər də,
Dünyanın nizamı pozulub , baba.

Alovlar bürüyür torpağı indi,
Axan qan, göz yaşı torpaga dəndi,
Öldürmək, zülm etmək, bir təzə dindi,
Dünyanın nizamı pozulub, baba.

Xıxan dəvələri yükləyən yoxdu,
Yaxşı adamları təkləyən çoxdu,
Dünya kökdən düşüb, kökləyən yoxdu,
Dünyanın nizamı pozulub, baba.