USTAD Məhəmməd NƏRİMANOĞLU.” Unudulmuş unudulmazlar “

DAĞLARIN BƏXTƏVƏR DUSTAĞI

BU GÜN UNUDULMAZ ŞAİR-ALİMİMİZ ƏNVƏR RZANIN KƏLBƏCƏRDƏ DÜNYAYA GÖZ AÇDIĞI GÜNDÜR!

Xəzan vaxtı bahar bilin Ənvəri
Dağ çayı tək çağlamağa gələrdi…

Saflaşmaq, durulaşmaq, özümüzə, kökümüzə
– saflığımıza qayıtmaq istəyəndə Ənvər Rzanın şeirlərinə üz tuturam

Qəlbi poetik duyğuluların qəribə bir dünyası var: ümidsizləşəndə, qəlbini qəm-kədər, hətta, sevinc belə çuğlayanda təbiətə üz tutur: gözəllikləri yaşayır, hisslərini digərləri ilə – oxucuları ilə bölüşməyə tələsir. Çünki tutumlu poetik deyimlərdə təbiət gözəlliklərinə çulğaşmış insan mənəviyyatı, fərdi fəal düşüncələri boylanır. Hisslərin təbii axarında meşələr pıçıldaşır, çiçəklər öpüşür, qayaların göz yaşının ətri bulaqlardan dadılır.
Məqsədim heç də onların ümumilikdə haqqında söz açmaq deyil. Azərbaycan ədəbiyyatı tarixinə adları yazılanlardan biri, könlündəki silsilə dağlara söykənib, hələ sovetlər dönəmində Bakıda gözlərini Kəlbəcərə gedən yollara dikən, ulu yurdu üçün qəribsəyən Ənvər Rza ədəbi simalar arasında özünəməxsusluğu ilə sayılıb-seçildi desək, biz də haqqa tapınmış olarıq.
Şairin ədəbi bioqrafiyasına qısa nəzər salmaqla fikrimizə, məram və məqsədimizə körpü salmaq pis olmazdı: Ənvər İsmayil oglu Rzayev 1939-cu il martın 3-də Kəlbəcər rayonunun Aşağı Ayrım kəndində anadan olmuşdur. 1957-ci ildə Azərbaycan Dovlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis dili fakültəsini bitirmişdir. “Goz işığı” adlı ilk şeiri 1962-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilmişdir.1967-ci ildə məzunu oldugu həmin fakültədə müəllim, 1972-ci ildə kafedra müdiri, 1979-ci ildən isə dosent kimi fəaliyyət gostərmisdir.1985-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuş şairin ömrü də yolları kimi qısa oldu: 1987-ci il iyunun 8-də Moskvada vəfat edən şair-alim vəsiyyətinə əsasən, öz doğma kəndlərində dəfn edilmişdir.
“Göz işığı” adlı ilk şeiri “Ədəbiyyat və incəsənət” qəzetinin 10 fevral 1962-ci il tarixli sayında çıxdıqdan sonra o, bədii yaradıcılığa başlamışdır. Dövri mətbuatda şeirləri və bədii tərcümələri ilə çıxış edən şair Bayronun “Şilyon məhbusu”, “Mazepa”, “Parizina” poemalarını tərcümə etmiş, “İngilis poeziyasının Azərbaycan dilinə tərcümə məsələləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.
Ənvər Rza qəlbi poetik duyğularla cilalanmış şair və bacarıqlı tərcüməçi-alim idi. V.Şeksprin, G.Bayronun poemalarını ingiliscədən Azərbaycan dilinə tərcümə etmişdir. Bunlardan başqa, o, S.Vurğunun “Vaqif” dramını ingilis dilinə, G.Bayronun “Çayıld Haroldun Səyahəti” poemasını Azərbaycan dilinə tərcümə etmiş, vaxtsız ölüm imkan verməmişdir ki, onları tamamlasın.
Bəri başdan deyək ki, şair o bəxtəvərlərdən deyildi ki, “Seçilmiş əsərləri” cild-cild nəşr edilib kitabxanalarda oxucu gözləsin.

Kitablarının sayına yox,
şeirlərinin sanbalına görə sevilən şair

Ənvər Rzanın cəmi 4-5 kitabı (“Sənsiz” (1969), “Könlümə bahar düşüb”(1970), “Nə yaxşı görüşdük”(1985), “Bəxtəvər dustaq”(şeirlər və poemalar,1994) və “Kəlbəcərə gedən yollar”(2010) nəşr edildi ki, onun da ikisini özü görmədi.
Sonuncu “Kəlbəcərə gedən yollar”ında demək olar ki, şairin külliyyatı toplanmışdır. Sağlığında o qədər də səxavətlə nəşr edilməyən bütün şeiri, poemaları, həmçinin ingilis dilindən birbaşa tərcümələri də bu kitabdadır. Canlı xalq yaradıcılığının içində böyüyən, dünya ədəbiyyatının klassik və müasir məzmun və mahiyyətini kamil bilən şairin əsərləri əbədiyaşar ədəbi bir irsdir.
Könlümə-gözümə, sözümə yazılan Ənvər Rza haqqında ustad Aşıq Qəmkeş Allahverdidən, şair müəllimim İdris Verdiyevdən, bacısı oğlu Bahadur Sadıq oğlundan (sonralar isə Azərbaycan Dillər Universitetinin müəllimi Səfər İsgəndərlidən, daim yana-yana danışan “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdan, şair-alim Adil Cəmildən, filologa üzrə fəlsəfə doktoru İlham Məmmədlidən, şair Yusif Hüsyndən, alim-şair Mirvari Verdiyevadan…) eşitdiklərim şairi mənə bir az da sevdirdi. Ona görə də istəyirəm ki, Əlövsət müəllimin fikirlərinə söykənim. Deyir ki, “Ənvəri yadına salırsanmı heç”? Bu sərlövhə ilə yazısını oxumaq olmur Əlövsət müəllimin. Açığı, göz yaşlarıma hakim kəsilə bilməyib sona kimi oxuyuram. Öz yazımı yarımçıq saxlamaq istəyirəm, Ənvər Rzanın qısadan-qısa, lakin dərin mənalı, nakam ömrü kimi. Nə yaxşı ki, qədirbilənlərimiz az deyil. Əlövsət müəllim deyir ki, cəmi üç dəfə görüşü olub şairlə. Hər üçü də qəlbinə ən əziz və unudulmayacaq xatirə kimi yazılıb:
Şairimizin adlarını yuxarıda çəkdiyim kitablarının hər birini, sadəcə, vərəqləməmişəm. Ənvər Rza şeirlərinin dillər əzbər olmasına kimsənin şübhəsi varsa, ən azı, kəlbəcərliləri dilləndirsin! Lakin bu yazını qələmə almaq üçün şairin 1994-cü ildə “Azərnəşr”də oğlu Pərvizin tərtibçiliyi, Əlövsət Ağalarovun redaktorluğu ilə işıq üzü görmüş “Bəxtəvər dustaq” kitabını yenidən vərəqlədim. Kəlbəcərdən didirgin düşdüyümüz 24 il ərzində bəlkə də şair bu qədər mənə doğma olmamışdı. Göz yaşlarımla suladığım hər səhifədən dağçiçəyi, novruzgülü, nərgiz, bənövşə cücərirdi, sanki… Kəlbəcərin bu məsum baxışlı çiçəkləri də Ənvərsizləşib elə bil, solğun idilər. Amma şeirləri elə təzətərdir ki:
Yaddışımı xatirələr kötəklər,
Yaddaşımda pöhrələnər kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq olam dağlara.
Aman Allah! Bakıdan Kəlbəcərə – ata yurduna dönəndə imana-dinə gələn şair geri qayıtmamaq üçün özünə ölüm diləyirmiş. Hələ bir siz şair fəhminə, duyumuna baxın: dağların yağı əlinə keçəcəyini o zamanlardan hiss edirmiş:
Dağlar oğlu, dağa qoyma yağını,
Aldatdılar, uzaq sandıq yaxını.
Əritmişəm ürəyimin yağını,
Ay batanda çıraq olam dağlara.
Əlövsət müəllim düz yazıb ki, Ənvər Rza Azərbaycan və ümumən bütün türk dünyasının böyük şairidir. Həmin kitabın ön sözünü şirin söhbətləri, şeiriyyəti, söz xəzinəsi incilərindən ərmağanları qalmış Məmməd Aslanımız yazıb: “Quzeydə qar sulandı”. Yenə də orijinal deyim, yenə də tapıntıı, yenə də Məmməd Aslan özünəməxsusluğu. Xatırlayıram ki, şair Yusif Hüseynin də bir kitabının ön sözünə də qeyri-adi bir sərlövhə seçmişdi: “Qarəməngül”. Amma açmasında yazmışdı ki, mart ayında qarı deşib boylanan həmin gülə Kəlbəcərdə peşəməngül də deyilirdi. Yusifi isə həmin gülə bənzədir, lakin onun dərdi eləcə əmib boylanan, böyüyən kimi təqdim edirdi:
Quzeydə qar sulandı,
Ürəyim qarsılandı.
Yaz gəlməyib, yalandı,
Anamsız da yaz olar?!
Ənvər Rza ruhunu hiss etdinizmi? Təbiəti də doğma anası kimi sevən şair anasızlığın ağrı-acısını şeirə görün necə hopdurub?

Nə yaxşı görüşdük, nə yaxşı yenə!

Dağlar mövzusu Ənvər Rza poeziyasının ana xətti olub. Şəhərdə kənd üçün qəribsəyən Ənvər müəllimin burnunun ucu bilirsiz nələrdən ötrü göynəyirmiş? Doğulduğu el-oba, uşaqlığı, sadə insanlar, qohumlar-dostlar, ana təbiətin füsunkar guşələri…
Bu da yəhərləyib mindiyim boz daş,
Kövrəlmə, ürəyim, tab gətir, tablaş.
Ömrümün ləzzəti a köhnə dam-daş,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Nəyə vurğun olubsa onun poetic ifadəsini elə verib ki, qəlbimizə, köksümüzə bulaq suyu kimi süzülüb:
Vurğundur buy ala, yamaca Ənvər,
Meyl edər yarpıza, umaca Ənvər.
Ay quzu otaran balaca Ənvər,
Nə yaxşı görüşdük, nə yaxşı yenə!
Ənvər Rza poetikasının özünəməxsusluğu bir də ondadır ki, şairin şeirlərinə bəstələnən mahnılar zaman keçdikcə sanki müasirləşir, gənc nəslin ruhunu oxşayır və dillər əzbərinə çevrilir. Mərhum müğənnimiz Nəzakət Məmmədovanın ifasında “Elə baxma…” mahnısı isə özgə bir ovqat yaradır insanda. Baxışların söhbəti, sevginin, lal məhəbbətin tərənnümü dinləyicidə bax elə həmin müqəddəs anları yaşadır.
Nəhayət, onu da deməyi borc bilirəm ki, bu sətirləri ağ kağıza köçürməmişdən bir gün öncə Nazirlər Kabinetindən gələn zəng məni həm diksindirdi, həm də kövrəltdi. Ənvər Rza poeziyasını sevən, Kəlbəcərin ədəbi mühitinin təbliğində yorulmayan, kəlbəcərlilərin didərginlik illərində daim yanlarında olan, dərdlərini bölüşən Qurban Sadıqov idi bu dəfə zəng edib şairin doğum gününü unudub-unutmadığımızı soruşan. Sağ olsun. Amma bilmirdi ki, şairin “Kəlbəcərə gedən yollar” şeiri ilə mən onsuz da bir mənəvi yol başlamışdım, üzü dağlara.
Kəlbəcərin həsrətindən qovurulan şair onun yollarını elə incə notlarla təsvir edir ki, sanki qoşulub onunla o dağlara gedirsən. Amma birdən fikrin dolaşır, dumana düşüb azırsan. Haralardan keçib getmir ki, bu yollar:
Min bulaqdan içib gedir,
Qayaları biçib gedir.
Ürəyimdən keçib gedir,
Kəlbəcərə gedən yollar.
“Qala dərdim” kitabımda şairin bu şeirinə üz tutub yazdığım “Kəlbəcərə gedən yollar” rədifli gəraylı ilə fikrimə nöqtə qoyur və Ənvər Rzaya bir daha əbədilik, ölməzlik, kəlbəcərsizliyə dözməyənlərə isə həsrətlərinə son qoyulmasını arzulayıram.
Yazda əriş-arğac olur
Kəlbəcərə gedən yollar.
Yayda örüş-arxac olur,
Kəlbəcərə gedən yollar.
(Ənvər Rza)

Gör neçə ildi bağlıdır,
Kəlbəcərə gedən yollar?!
Sinəmiz kimi dağlıdır
Kəlbəcərə gedən yollar.

Haçalanmır neçə kəndə,
Yolçusu yox bircə bəndə.
Bir yaxşı bax, gör nə gündə,
Kəlbəcərə gedən yollar.

Düşməni azdıra bilmir,
Qəbrini qazdıra bilmir,
Yazısın yozdura bilmir
Kəlbəcərə gedən yollar.

Ot basıbdı, yoxdu izim,
Qırılıb taqətim, dizim,
Qurban olum sizə özüm,
Kəlbəcərə gedən yollar.

Sizdən keçib atam, anam,
Sizdən keçib, bacım, sonam,
Sizdən ötrü xəstə canam,
Kəlbəcərə gedən yollar.

Yox, deyəsən belə olarsa dağların bəxtəvər dustağının ruhu bizdən inciyər. Elə ilk və son söz də Ənvər Rzamızınkı olsun:
Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yazda nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.

Susuzyurdum tək məcməyi, tək sini,
Şair kimi sözlə hörüb köksünü.
Gözlə çəkib bu dağların əksini,
Ürəyimdə saxlamağa gəlmişəm.

Göy təpələr sarı örpək bürünür,
Duman, çiskin ayağıma sürünür.
Ata yurdu, qardaş yeri görünür,-
Bir doyunca ağlamağa gəlmişəm.

Naxış olur biçinçinin hər vəri,
Qızıl payız ilhamımın sərvəri.
Xəzan vaxtı bahar bilin Ənvəri,-
Dağ çayıyam, çağlamağa gəlmişəm.

“Ənvər Rzanı xatırlayarkən…”

Ənvər Rzanı xatırlamaq nə qədər savbdırsa, bir o qədər də ağrlıdır, acılıdır.Onu tanıyanlardan kim sakit, təmkinlə (Ənvər Rzanın özü kimi) onun haqqında söz aça bilər? Heç kim məncə…
Payızdı yenə də. şairin ürəkdağlayn şeirlərindən biri yaşatdı gözlərimi:

Dağlar elsiz, çöl tütəksiz, çəmən lal,
Mən bu dərdi oxlamağa gəlmişəm.
Yazda nə var, yaylaqların payızda,
Vəfasını yoxlamağa gəlmişəm.

Unutmayaq ki, aradan illər keçsə də, şairin həmin fikirləri bahar təravətini qoruyub saxlayıb. Daha dəhşətlisi isə odur ki, biz o dərdi oxlaya bilmirik. Dərd bizi hədəfə alıb, bir-bir çətən çubuğu kimi qırılırıq. Daha naxış olmur biçinçinin hər vəri, qızıl payız ilhaının sərvəri, çox da xəzan vaxtı bahr bilək Ənvəri, dağ çayı tək çağlamağa gəlmir ki…
Dönüb gözlərimdə yaşa,
Axam Kəlbəcərdən ötrü.
Övlad ola bilmədimsə,
Yoxam Kəlbəcərdən ötrü!

Yığmışam dərdi ürəyə,
Qəmnən əriyə-əriyə.
Dönüb şimşəyə, nərəyə
Çaxam Kəlbəcərdən ötrü?

Qurbanam dərə-düzünə,
Döyməsin bizsiz dizinə.
Düşməninin sağ gözünə
Oxam Kəlbəcərdən ötrü….

Bu günlərdə Ənvər Rza yuxuma gəlmişdimi deyim, yoxsa, mən Ənvər Rzalı illərin həsrətiynən yuxlamışdım, bilmirəm, gördüm ki, şairin səsi gəlir, həm də qəmgin-qəmgin:
Ayağında bir balaca yer verə,
Başmaq olam, dolaq olam dağlara.
Ya də əkib sinəsində cücərdə,
Palıd olam, qovaq olam dağlara.

Yaddaşımı xatirələr kötüklər,
Yaddaşımda pöhrələnər kötüklər.
Qayıdanda yol verməyə gədiklər,
Bir bəxtəvər dustaq olam dağlara.

Çaşğın dövran əməlini azdımı,
Daş kitaba qanla tarix yazdımı?!
Kövrəltmərəm, özcə dərdi azdımı,
Bir yandan da mən dağ olam dağlara?

Dağlar oğlu, dağa qoyma yağını!
Aldatdılar, uzaq sandıq yaxını!
Əritmişəm ürəyimin yağını,
Ay batanda çıraq olam dağlara.

Könül, elə duyduğunu saf-çürük,
Bu dağlardan ayrı keçən ömür – yük.
Bir yer verə balasına ömürlük,
İstəmirəm qonaq olam dağlara.
…Bir şairdəki fəhmə bax, İlahi, tanrı?! Sən bu hikməti onun qəlbinə necə vermişdin ki, Kəlbəcərdə kəlbəcərsizlik dərdini, həsrətini yaşadırdın Ənvər Rzaya?! Hələ nə qaçğınlıq-köçkünlük vardı onda nə də o dağlardan ayrı keçən yük ömrü!
“Ənvər Rzanı xatırlayarkən”…. nələr düşmür ki, yada. Təəssüf ki, mənən Ənvər Rza ilə həmsöhbət olub dərdləşsək də, şirin hikmətli səsini maqnitafon lentindən eşitmişəm. S. Vurğunun, Dədə Şəmşirin nəfəsi, avazı kimi yaddaşıma hopub. Amma şairlə illərlə bir süfrə arxasında oturub onu dinləyən və yadadşına acılı-şirinli xatirələr yazan bir nəfər tanıyıram. İnsan loğmnı olduğunu kəlbəcərlilərdən savayı, ölkə əhlisi də bildi və tanıdı. Kəlbəcərin ağır və məşəqqətli mühasirə illərində lampa işığına belə cərrahiyyə əməliyyatı apararaq neçə-neçə növ-cavan könüllü və Milli Ordu əsgərlərimizi amansız və vaxtsız ölümün pəncəsindən xilas edən doktor Əli İsmayılovun könül adamı olduğunu bu günlərdə duydum və təsdiqlədi ki, vallah, kitab müəllifi olmaq üçün nə dilçi-ədəbiyyatçı olmalısan, nə də yazıçı-şair. Qəlbin və qələmin könül bulğından su içirsə sən fikrini düzüb-qoş bilərsən. “Ənvər Rzanı xatırlayarkən…” kitabını birnəfəsə oxuyub (həm də marşrut avtobusunda, 20 Yanvar-Müşfiqabad yolunda) dərindən nəfəs alanda kəlbəcərlilərin yaxşı tanıdığı Əli Müseyib oğluna minnətdrlığımı ifadə edə biləcək söz tapmadım. Fikrimi qəlmə alıb sözlə ifadə edib çatdırmaq üçün gecənin bir aləmində düşünmədən, fikirləşmədən, kağız-zad qaralamadan birbaşa kompyuterin klaviyaturasındakı hərflərə sığal çəkir barmaqlarım. Xəyallanmışam, rəhmətlik Əli Qurban Dastançı demişkən, məni məndən alıb aparan xatirə kitabının hər səhifəsindən dərd boylanır. Dərd bürüyüb dördbir yanımı.
Qalaq-qalaq qaldırmışam,
Qalaqlanıb qala dərdim.
Böyüyübdü, qocalıbdı,
Mənim kimi bala dərdim.

Dağdan aşıb düzə gəldik,
Həsrətlə üz-üzə gəldik.
Təhqir edən gözə gəldik,
Bir ney lazım çala dərdim.

Əlim yetmir ətəyinə,
Dağda çoban tütəyinə.
Bu fələyin kötəyinə
Dönüb qara qula dərdim.
Bir-birindən əziz və unudulmaz xatirələr dil açan kitabın nə redaktoru var, nə də ön sözü. Doğrusu, bu qeyri-adi, “standartlara baş əyməyən”, əslində, “sığışmayan” kitab, nədənsə, mənə çox doğma təsir bağışladı. Yalnız ona görə yox ki, eləcə ilk səhifələrdən şirin və bu xatirələr müəllifinin kimliyi, haradan gəlib hara getmələri barədə burda maraqlı tarix səhifələnir. Bir də ona görə ki, Ənvər Rza bütövlükdə şəxsiyyət olaraq təqdim olunur oxuculara. Məncə, hətta, kəlbəcərlilərin özlərinin çoxu bilmirdi ki, Ənvər Rzanın nəsil şəcərəsində neçə tarixi şəxsiyyətlər olub və bu gün də həmin ənənə şərəflə davam etdirilir.
Mən burada Kəlbəcərin son məskunlaşma tarixinin də izinə düşən müəllifin fədakarlığını yazmaya, qeyd etməyə bilmərəm. Əlbəttə, tarixi ulu olan yurdumuzda məskunlaşmalar bir neçə dəfə olub, əgər məşhur Zar kəndinin adı “Min bir gecə” nağıllarında çəkilirsə, Şəhrizadın adı Zar şəhərindən görürülübsə, demək, Kəlbəcər qaim-qədim yurdlardandır. Onun tarixi daşlara həkk olunub. Sadəcə, sonuncu məskunlaşma 400-500 ili əhatə edir.
Beləliklə, kitabı vərəqləyir və orada dil açan xatirələrlə o illərə dönürük. Ənvər Rzanın 5-6 yaşında olarkən mühribə illərində çəkdiklər (zülm-zillət və məşəqqətlər), Kəlbəcərin ötən əsrin 30-cu illərinin üsyanları, repressiya qurbanları, erməni daşnakların qəfil hücumları, Məşədi Cəmil kimi şəxsiyyətlərin Soltan bəylə dostluğu və bunun müqabilində el-elin arxa-dayağı olması, ermənilərin hücumlarının qarşısının alınması…
Kitabı, mənə qalarsa, Kəlbəcərin tarixinə giriş hesab edərdim, Ənvər Rza ilə bağlı xatirələrlı bağlı olsa da….
Cəmi-cümlətanı 4-cə kitabı işıq üçü görüb, onlardan ikisi sağlığında, ikisi isə son illər-Ənvərsiz qaldığmız və harayladığımız didərginlik, Kəlbəcərdən uzaqlarda, Kəlbəcər həsrətiylə göyüm-göynədiyimiz bu günlərdə. “Könlüə bahar düşüb” (bəxtinə xəzan yazılan şairin), “Nə yaxşı görüşdük, nə yaxşı yenə”, “Bəxtəvər dustaq” bizi yamnca ağladır, sinəmizi dağladır “Kəlbəcərə gedən yollar”. Kitabların işıq üzü görməsində elimizin və xalqımızın dəyərli ziyalıları Eldar Hümbət oğlu Həsənovla “Azərnəşr”in baş redaktoru, təəssübkeşliyi ilə kəlbəcərlilərinin sevimli və dərd ortağı kimi tanıdığımız publisist Əlövsət Ağalarovun xidmətləri, maddi və mənəvi dəstəkləri də xüsusi qeyd edilməyə dəyər. Əli Həkim bu incə məqama qədər həssaslıq göstərib.
Şairin Moskvada xəstəxanada yanına gedib, onu sonuncu dəfə ziyarət edən Əlövsət Ağalarovun da bu məqamı kədər hissilə öz yazılarında qeyd etməsi təsadüfi deyildi. Şair bakıda o zamanlar yaşayan cəmi 5-6 kəlbəcərli ziyalıların sevimlisinə çevrilmişdi. Onların arasından Əlövsət Ağalarovun seçilməsi də təsadüfi deyildi.
Şairin həm də alim kimi Azərbaycan ədəbiyyatdındakı xidmətlərini xatirələrində qələmə alan müəllif burada da ən lazımlı, ümummilli fikirləri önə çəkməklə, sanki özünün də elm və ədəbi tənqiddən xəbərdar ədəbiyyatşünas kimi hiss etdirir. “Dünya, səni ta almıram vecimə” sərlövhəli xatirəsində Əli həkim yazır: “…Ənvər Rza Vətənini, millətini ürəkdən sevən insan idi. Azərbaycanın ikiyə bölünməsini, işğal altında olmasını çox ağrılı qəbul edirdi. Ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi. Əfsuslar olsun ki, o, bu günləri –Azərbaycanın müstəqilliyə qovuşduğunu görmədi.
Ə.Rza şeirlərində yaşadığı dövrə, ictimai quruluşa etiraz notları çoxdur. Sovet quruluşunun ədəbiyyata, şeirə tələbi belə idi: “yazılan hər bir əsər partiyalı olmalıdır”. Hətat, aşıqlard a o vaxt yüksək tribunalardan oxuyardılar: ”Qəminizmə (kommunizmə) gedirik biz!. Lakin o zamanlar xalq arasında geniş yayılmış belə bir bir şeir də vardı:
Başımızda motal papaq,
Əlimizdə zoğal çomaq,
Ağ şalvarda qara yamaq
Kommunizmə gedirik biz”!
“Dünya, səni ta almıram vecimə” şeirinin sonuncu bəndini oxuyuram. Şair görün necə “tərənnüm” edir o dövrü və bu gün üçün necə də səslənir. Şeiriyyətin də sevilməyi məhz bundadır ki, bütün dövrlərdə öz aktuallığını təsdiqləmiş olsun:
Şah Xətaim namus, qeyrət səhifəm,
Dilimizə heykəl qoyduq “Qorqud”u.
Kim deyir ki, mən acizəm, zəifəm?!
Köləliyin bir adı da qorxudu.
Qorxunun da gücü çatmaz gücümə,
Dünya, səni ta almıram vecimə.
Kitabın dəyərini artıran, maralılığını artıran səbəblər az deyil. Onlardan biri də Əli İsmayılovun (bu xatirələr müəllifinin) haqqında ayrı-ayrı nəşrlərdə müxtəlif imzaların sahiblərinin dəyərli fikirlərinin yer almasıdır. Burada kimlərin adı yoxdur k… Abdulla Qurbaninin, “Murovun qəm karvanı”, Aslan Meyramlının, “Biz gedərik, xeyirxahlar qalandı”, “” Şamil Dəlidağ, “”Kəlbəcərin qəm dastanı, viran olan gülüstanı”, Zimistan Həsənovla Məhəmməd Nərimanoğlunun, “KƏLBƏCƏR-Azərbaycanın qala qapısı”, Əli Uluxanlının, “Qartallı dağlar”, Ələsgər Ağdabanlının, “İbrət” kitablarında Əli həkimin Kəlbəcərin o ağır, mühasirə illərində göstərdiyi təmənnasız xidmətlərindən söz açılır.
…Hə, gecə keçir…Mən isə “Ənvər Rzanı xatırlayrkən” kitabı ilə üz-üzəyəm. Əslində, mən kitabın müəllifi ilə həmsöhbət olmaq, ona bu misilsiz xəzinəni bir araya gətirdiyi üçün minnətdarlıq etmək istəyirdim. Buna macal vardımı? Telefonun “Vatsapp” xidməti ilə müəllif məni kitabın təqdimatına dəvət etdiyini yazdı. Məmnum oldum. Bütün bu təmənnasız xidmətlərinizə görə Sizə, sadəcə, təşəkkür eləmək azdır, həkim, çünki şəfalı əllərinizlə belə bir müqəddəs işi də gördünüz. Bunun əvəzini heç kim, heç bir mükafat ödəyə bilməz. Sizin qızıl kimi əliniz olduğunu bilirdik, qəlbinizin də elə bu cür olduğunu öyrəndik. Buna görə var olun!
…Bu da son. Yox, hələ heç nəyin sonu olmayıb. Ənvər Rza xalqın sevimli şairidir, rəsmi ad ona qıyılmasa da… Mərhum şairimiz Bəhmən Vətənoğlunun 70 illik yubileyində bakıdakı indiki Heydər Əliyev Sarayında (o zamanlar “Respublika” adlanırdı) Xalq şairi, kəlbəcərlilrin də sevimlisi Zəlimxan Yaqub bir tutarlı və yaddaşlara yazılan fikir işlədərək dedi ki, “….Bəhmən, sən qəm eləmə ki, səni təqdim edəndə “Xalq şairi” fəxri adı demədi. Amma, siz bu ada xalq tərəfindən çoxdan layiqsiniz. Ona görə ki, sazın sinəsinə yazılan eirlərin müəllifi xalqın əsl şairləridir. Bu sırada, Ənvər Rza, Dədə Şəmşir, Məmməd Aslan… kimi söz azmanları da var.

Məhəmməd NƏRİMANOĞLU