“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

Ədəbiyyat termin olmazdan öncə də vardı. O, hər insanla birgə doğulurdu. Amma adamlara ad qoyulurdu, o, adsızlığıyla böyüyürdü. Hər yeni gün ayrı donda, ayrı formada həyatımızda boy verirdi.

Bir gün adı “layla”ydı, səhərisi “oxşama”… Əkin tarlalarında “holavar”dı, yaylaqlarda “sayaçı sözləri”… Toyda “mahnı” olurdu, vayda “ağı”ya dönürdü. Hə, ədəbiyyat insan düşüncəsinin həyata nisbətində buqələmundu. İndi də elədi… Artıq adı olsa da, yenə buqələmunluğuna sadiqdir. Axı, həyata adaptasiya olmağa məhkumdur.

İnsanlara heç vaxt qara fondakı ağ nöqtə maraqlı olmayıb çünki. Bunun xüsusilik olduğunun fərqində olublar. Amma bu xüsusiliyi ya lənətləyiblər, ya da ondan qorxublar. Yalnız bəzi adamlar bu ağ nöqtəni anladan sözlər söylədikdən sonra yavaş-yavaş maraqlanmağa başlayıblar ki, “bu ağ nöqtə, görəsən, əslində nədir?”  Elə bu sualla da o bəzi adamların arxasına düşüblər, başına toplaşıblar. Həmin adamların bəzisinin söylədikləri xoşlarına gəlib; başına sığal çəkib, adına hörmət ediblər. Bəzisinin söylədiklərisə xoşlarına gəlməyib; onu birliklərindən qovub, çöllərə salıblar, adını “dərviş” qoyublar, ya da daş-qalaq eləyib, insanın zülm eləmək qabiliyyətinin yaşatdığı dəruni ehtirasdan həzz alıblar.

Xoşlarına gələn söylənənlər ağ nöqtəyə “ağ nöqtə” deməyib. Axı, ağ nöqtə olduğunu hamı onsuz da görürdü. Bəzi adamlar ağ nöqtəni “işıqlı gələcəyin müjdəçisi”, “zülmət saçlı gecənin qoynundakı sevgi ulduzu” kimi sözlərlə elə ahəngdarcasına anladırdılar ki… İnsanlar yavaş-yavaş beyinlərinin içində hansısa xoş, ülvi duyğunun tərpəndiyini, oyandığını hiss edirdilər. Bu, onlara xoş gəlirdi… Elə həmin xoşluqla da bəzi adamların söylədiklərinə həvəslə, maraqla qulaq asırdılar.

Beləcə, ədəbiyyat terminoloji ünvanına doğru yol başlayırdı… Və bu yol minilliklər boyunca uzanırdı. İndi də uzanır…

İkinci minilliyi tamamlamışıq, ədəbiyyatı öz adıyla tanıyırıq, sevib-sevməmək də əlimizdədir. Bizimlə birgə doğulan ədəbiyyata valideynlərimizin canının-qanının qarışdığını dərk edirik. Artıq ağ nöqtənin elmi, bədii, fəlsəfi,  sosial, ictimai, informativ, primitiv, estetik, etik və sair və ilaxır  aspektdən izahını verməyə qadirik.  Lakin zülm eləmək qabiliyyətinin yaşatdığı dəruni ehtiras hələ bizim genlərimizdə özünü axtarışdadır. Elə buna görə də qəfildən, üçüncü minilliyin başlanğıcında ədəbiyyatda “zorlama” prosesi “bumm” elədi.

Bu proses ədəbiyyata ad qoyulduğu gündən başlamışdı. Nə vaxt ki, ədəbiyyat elm kimi qəbul edildi, öyrədilməyə, öyrənilməyə başladı, ədəbiyyatın özülünü idrakında, ruhunda yaradan o bəzi adamlar anlamalıydı növbəti döngədə nələr olacağını…

Demək, onlar anlamamışdılar. Yaxud anlamaq istəməmişdilər. Məsuliyyəti öz üzərlərinə götürmək istəməmişdilər. Ədəbiyyatın faciəvi aqibətini növbəti zaman döngəsinə – övladlarına ötürmüşdülər. Təbii, burda “özünüqoruma instinkti”ni müdafiə etmək labüddür. Lakin ədəbiyyatı çərçivələrə salıb, qanun-qaydalara bölüb, terminologiyanın məngənəsində sıxanlar “təbii” sözünü çoxdan quylamışdılar.

Həmin quyunun kənarında da bir ağac vardı, bir də onun köklərini gəmirən iki siçan. Eynilə “Kəlilə və Dimnə”də anladılan kimi. O siçanlar ağacın kökünü gəmirdikcə, arı yuvasından süzülən baldan barmaq-barmaq dadmaq “həyat eşqi” adlanırdı.

“Zorlama prosesi” ağ nöqtə haqqında bütün deyilmişləri inkarla təzahür etdi ilk dəfə. Çünki daha ağ nöqtə haqqında deyilməmiş xoş söz yoxuydu. İndi də başlandı, bəd sözlərin dilə gətirilməyinə. Bu da ədəbiyyatı çirkinləşdirməkdən başqa heç nəyə yaramadı. Beləcə, zövqsüzlük yarandı…

Prosesin ikinci mərhələsi bir addım öndəkini aşağılamaqla davam etdi. Bir vaxtlar ağ nöqtə haqqında ən xoşagəlimli sözləri söyləmiş bəzi adamların nəvələri babalarının adının əvvəlində çirkin sözlər yazmaqdan çəkinmədilər. Bu, onların öz-özlərinə qarşı etdiyi mərhəmətsizlikdi…

Üçüncü mərhələdə ədəbiyyat termininə sığınan kəlmələrin əksəriyyəti insan hisslərinin adını dəyişdirməyə meylləndi. Bir vaxtlar insanların beynində oyanan xoş duyğulardan birinin adı “sevgi” idi… İndi ölüb-öldürməyin, asıb-kəsməyin, sevgidən məhrum olan hər şeyin adına “sevgi” deyilirdi. Bu da sevgisizliyin özüydü…

Atalara sadiqliyin yeganə əlaməti onların hər şeyi “üçdən deməsi”nin  lazımi məqamda “qızıl qayda” olmasıdı. Və üçüncü mərhələdə hər şey yenidən ilkə – birinci mərhələyə qayıtdı. Bu dövrilik üçüncü minilliyə başlayan insanın şüurundan yaşamına hopdu…

Bu gün mən də yazıram… O da, o birisi də yazır… Yazılanları gün-gün, an-an müqayisə etdikcə zövqsüzlüyün, mərhəmətsizliyin, sevgisizliyin bir-birinə olan ədasından başqa heç nəyi tapa bilmirik. Ümumiyyətlə, heç axtarmırıq da…

Əgər ağ nöqtə haqqında deyilən bütün “sizlik”lər bu günün insanının xoşuna gəlirsə, demək, yeni ictimai formasiyanın astanasındayıq. Demək, ədəbiyyatdakı ədəbsizliyimizlə zombiləri yaratmağa nail oluruq… Hətta, nail olmuşuq…

Gəncə, 21 mart 2018