Sən dediyin vaxta sığmır arzular,
Aman ölüm, mən dediyim vaxtda gəl!
Təzə-təzə başlamışam uçmağa,
Aman ölüm, mən dediyim vaxtda gəl!

Selə dönüb yeriyəndə baxta su,
Gəlir ömrün qarı, buzu, şaxtası.
Hazırlansın tabutumun taxtası,
Aman ölüm, mən dediyim vaxtda gəl!

Gəl, arada kişi kimi şərt kəsək,
Şərtimizi dürüst kəsək, mərd kəsək.
Söhbət edək, qəm doğrayaq, dərd kəsək,
Aman ölüm, mən dediyim vaxtda gəl!

Gəlin görüm, qədəmləri sayalı,
Nəvə görüm, halal süddən mayalı.
Nəsil görüm, çiçəklərdən həyalı,
Aman ölüm, mən dediyim vaxtda gəl!

Ağlamasın sevgilimiz, yarımız,
Budağından kal düşməsin barımız.
Bir can borcu varımızdı, varımız,
Aman ölüm, mən dediyim vaxtda gəl!

Mən çiçəyəm, sən çiçəyə ac arı,
İnanmıram kimsə sənlə bacarı.
Vaxtsız ölüm bədbəxtliyin açarı,
Aman ölüm, mən dediyim vaxtda gəl!

Qapısını öz əlimlə döyərəm,
Əzrayıla “xoş gəlmisən” deyərəm.
Kəfənimi gülə-gülə geyərəm,
Aman ölüm, mən dediyim vaxtda gəl!