Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

ŞÜKÜR EYLƏ

Günəşdən qamaşır həmişə üz-göz,
Ürək işıq içir göz bəbəyindən,
Xoş gündə Allahı unuduruq biz,
Dar gündə tuturuq tez ətəyindən.

Əslində borcu yox bizə Allahln,
Əslində heç bizə ehtiyacı yox.
Yeri ürəklərdi nalənin, ahın,
Şeytana uyanın bir əlacı yox.

Gərək qırılmasın kəndiri göydən,
İnsan nəçidir ki, bəxtini yaza.
Kim ayıra bilər təndiri yerdən,
Qış ötüb keçməsə, çıxmarıq yaza.

Taxtı da, baxtı da o göylər verir,
Tanrı bağışlayıb cənnəti bizə,
Hər sözü eşidir, hər şeyi görür,
Odur qiymət verən hər kəlmə sözə.

Hər şeyi nizama salan da odur.
Özün bu dünyada zəhmət çək, ək, ye.
Gəldin bu dünyaya yaxşısı budur,
Allaha şükr eylə, halal çörək ye.

AĞLAMA

Göz yaşınla gəl kövrəltmə məni sən,
Dərd olmasın, yolumuzda çiləkən,
Bilirsən ki, dərd çəkənəm, dərd çəkən,
Qoyma dinsin, ağrım, acım, ağlama.

Sən şəkərim, sən şərbətim , balımsan,
Sən sevgilim, sən qanadım, qolumsan,
Demirəm ki, sən insafsız, zalımsan,
Təkcə sənsən, ehtiyacım, ağlama.

Haqq özüdü, hər insanın pənahı,
Aşiqinin vallah yoxdu, günahı,
Hər gecənin, gülüm, vardır sabahı,
Əlindədir hər əlacım, ağlama.

Sevgi varsa, yoxdu hicran, dərd, kədər,
Boylanacaq nurlu günəş hər səhər,
Gül ki, döysün, qapımızı xoş xəbər,
Yoxdu daha anam, bacım, ağlama.

Göz yaşına dəyməz vallah bu dünya,
Mələkləri gəl çağırma bu haya,
Şükür eylə, bu qismətə, bu paya,
Tale yazan bar ağacım, ağlama.

Sən güləndə, gülür yer- göy, bu cahan,
Qoyma gəlsin üstümüzə qəm , hcran,
Əziz deyir, qurban olsun, sənə can,
Ömrüm, günüm, taxtı- tacım, ağlama.