Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Şam Işığında

Gecələr bəyaz olsun,
Həzinləşsin duyğular,
Nəğmələr qanad açsın,
Şirinləşsin nağıllar,
Ürək yansın, alışsın,
Gülüm, şam işığında.

Həsrət, hicran ərisin,
Həyat nəşəli olsun,
Gözlər sevgi paylasın,
Baxışlar nurla dolsun,
Ömrümün mənasını ,
Bilim, şam işığında.

Dara qara saçını,
Tökülsün sinən üstə.
Qoy yox olsun qəm, kədər,
Sən məndən nəğmə istə,
Gözlərimin yaşını,
Silim, şam işığında.

Məni əsir eyləsin,
O baxışın, o gözün,
Nazlan bir mələk kimi,
Can olsun hər bir sözün,
Əllərinə toxunsun
Əlim, şam işığında.

Ətrindən bihuş olum,
Unudum bu dünyanı,
Sən məni xoşbəxt eylə,
Al əlimdən bu canı,
Gözəl, dizinin üstə,
Ölüm, şam işığında.

CƏBRAYIL

Bir cənnətdir Cəbrayılın qucağı,
Bir şərbətdir hər çeşməsi, bulağı,
Bir qaladı hər qayası, hər dağı,
Belə yerdə, könül barsız olarmı?

Cəbrayıldı şeir, sənət ocağı,
O yerlərin çoxdu piri, ocağı,
Sönməz heç vaxt el, obanın ocağı,
Nəğmə sözsüz, söz qatarsız olarmı?

Bu yerlərdə büsat qurub təbiət,
Qurbanidən bir dastandı məhəbbət,
Şərəflidir bu yerlərdə hər sənət,
Uca zirvə, söylə qarsız olarmı?

Kim vurulmaz bu gözəlin hüsnünə,
Heyran oldum gözəlliyin büstünə,
Şəfəq saçır, günəş hər gün üstünə,
Belə yerdə, insan yarsız olarmı?

O yerlərdə qalıb neçə xatirəm,
O gözələ mən Məcnunam,mən Kərəm,
Bu sevgidən heç vaxt dönən deyiləm,
Sevən könül yadigarsız olarmı?

Q dağlarda, hey dolaşır xəyalım,
İstəyirəm o diyarda mən qalım,
Doğma yerin qadasını mən alım,
Əziz Musa, etibarsız olarmı?