İnsan ömrünün hər dövrünün öz şirinliyi, öz gözəlliyi və özəlliyi var. Yetər ki, ömrün hər kəsimini elə yaşayasan ki, hər anın şirin bir xatirəyə çevrilə bilsin, aradan illər keçəndən sonra dönüb arxaya baxanda peşman olmayasan.

Bununla belə, mənə elə gəlir ki, gəncliklə qocalığın arasında bir növ keçid mərhələsi olan 60 yaş ömrün ən yaxşı dövrüdür. Bunu ona görə demirəm ki, özüm də artıq ömrün bu mərhələsini arxada qoymuş, 60-ın şirinliyini yaşamışam. Ona görə deyirəm ki, 60 yaş ömrün elə bir məqamıdır ki, insan arxada qoyduğu onilliklər barədə cəmiyyətə, yaxın ətrafına və ən azından özü özünə hesabat verir, qarşıda görəcəyi işləri götür-qoy edir. Yəni bu yaş hələ əli işdən soyutmaq vaxtı deyil, əksinə, hər şeyə daha kamil, daha müdrik yanaşma vaxtıdır.

Bugünlərdə Millət vəkili, akademik, Azərbaycan filoloji elminin sütunlarından biri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, əməlində və sözündə bütöv olan şəxsiyyət, böyük alim, ən başlıcası isə həmişə göründüyü kimi olub, olduğu kimi görünən səmimi insan Nizami Cəfərovun 60 yaşı tamam olur. Nizami müəllimlə həmyaşıd olsaq da, o, həmişə mənim gözümdə ağsaqqal ucalığında, müdriklər mərtəbəsində olub və bu gün mənə elə gəlir ki, 60 rəqəmi sadəcə təqvim hesabıdır və onun yaşı daha çoxdur – xalqımızın əxlaqının, mənəviyyatının və mədəniyyətinin yaşı qədərdir. Eyni zamanda, o, həm də gəncdir – tükənməz enerjisi, coşqun əhval-ruhiyyəsi və gəncliyə xas yaradıcılıq əzmi ilə.

Nizami Cəfərovdan söz düşəndə, ölkəmizdə və onun hüdudlarından kənarda böyük hörmət və nüfuz sahibi olmasının səbəbləri haqda düşünəndə  alman filosofu Şopenhauerin bu sözlərini xatırlayıram: “Böyük zəkalar bəşəriyyətə nə verməlidirlərsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar”.

Bəli, Nizami Cəfərov istər elm aləmində, istərsə də cəmiyyətdə ilk gündən kimsəni yamsılamayıb, tapdanmış yolla getməyib, həmişə və hər yerdə özü olub, öz sözünü deməyi bacarıb, özü də cəsarətlə deyib: vətəndaş kimi də, ziyalı kimi də, alim kimi də, Millət vəkili kimi də.

Nizami Cəfərov sözün əsl mənasında şəxsiyyət və alimdir, ictimai xadimdir. Şəxsiyyət kimi bütövdür, alim kimi zəngin və dərin biliyə malikdir, ictimai xadim kimi cəmiyyətdə özünəməxsus çəkisi və yeri var.

Onunla söhbətdən, daha doğrusu, onu dinləməkdən adam doymur. O qədər şirin və məntiqli, tutarlı dəlillərlə danışır ki, saatlarla dinləmək istəyirsən. Sanki Həzrəti Əli də “gözəl və aydın danışanlar sehr kimi əsrarəngizdir” deyəndə məhz Nizami müəllim kimi şəxsiyyət-alimləri nəzərdə tutubmuş.

Hərtərəfli dərin biliyə və zəngin həyat təcrübəsinə malikdir Nizami müəllim. Bir neçə il bundan əvvəl “Ozan dünyası” jurnalı üçün müsahibə götürəndə mən onun həm də aşıq sənətini bütün incəliklərinə qədər dərindən bilməsinin şahidi oldum.

Azərbaycan poeziyasının qüdrətli söz ustadlarından olan Zəlimxan Yaqub haqqında danışanda deyir: “Zəlimxan Yaqub Azərbaycanın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi o böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olmasaydı o, Zəlimxan Yaqub olmazdı!..” Akademikin bu sözlərini mən tam məsuliyyətlə onun özünə də şamil edərək deyirəm ki, elə Nizami Cəfərov da mayasında ilahi istedadın enerjisi və Tanrının verdiyi güc və qüdrət sahibi olan böyük aydınımızdır.

Ömrünün altıncı onilliyinin tamamında Nizami müəllimi təbrik edir, uzun və sağlıqlı ömür arzulayır və fikrimi C.Ruminin sözləri ilə tamamlamaq istəyirəm: “Nə qədər ki, sağlam və qüvvətlisən işlə. İşindən qalma!”

Musa NƏBİOĞLU
Əməkdar mədəniyyət işçisi