Qız uşaqlarının erkən yaşda ərə verilməsinin arxa planında sosyomədəni və iqtisadi səbəblər, lüzumsuz mental dəyərlər yatır. Yoxsulluğun, cəhalətin yüksək,  təhsilə verilən əhəmiyyətin az olduğu cəmiyyətlərdə qız uşaqları sorğu-sualsız qurbandır. Bu nə din, nə irq, nə millət fərqi tanımayan qlobal bir bəladır.  BMT-nin ötən il açıqladığı statistika dəhşətlidi, hər il dünyada təxminən 12 milyon qız uşağı 18 yaşına çatmamış evləndirilir.

Erkən yaşda ailə qurmağa ailəsi tərəfindən məcburiyyət faktlarından başqa, bir də qız uşaqlarının özlərinin bunu istəməsi faktları da var. Bunun təməlində isə əsasən ailədaxili şiddət dayanır. Ailə daxilində fiziki zorakılığa məruz qalan qızlar ərə getməyi özləri üçün xilas yolu bilir.

Uşağın bioloji inkişafını tamamlaması, öz hisslərini tanıması, həyatını necə davam etdirəcəyinə qərar verməsi bəlli bir olqunluq tələb edir. Bu təbii prosesi tamamlamadan ərə getməyə, uşaq dünyaya gətirməyə məcbur edilən qızların çiyinlərinə daşıya bilməyəcəkləri məsuliyyətlər yüklənilir. Onların böyük əksəriyyəti normal olaraq bu yükü daşıya bilmir və bu gün xəbər lentlərində görüb dəhşətə gəldiyimiz hadisələrə yol açır.

Təəssüf ki, ölkəmizdə rastlanan  belə hallar cəmiyyəti içindən çıxa bilməyəcəyi xaosla təhdid  edir. Bu gün hələ də az da olsa, nəsildən-nəsilə ötürülən bu travmanın payı böyükdür. Azərbaycanda hər 10 adamdan 7-8-ni dindirsək görərik ki, nənəsi ilk övladını 15-16 yaşında dünyaya gətirib. Nə qədər uşaq anasız böyüyüb. Çünki erkən yaşda dünyaya uşaq gətirən qadınların əksəriyyəti doğuş zamanı dünyasını dəyişib. Anasız böyüyən uşaqlar qohum-əqrabanın əli altında ömür keçirtdiyi üçün həyata qucaq dolusu mənəvi zərbə ilə qədəm basırlar. Damla-damla ruhlarına hopan şiddət, əziklik, sevgisizlik onları mənən əzir. Aqressiv, şiddətə meyilli, sevgisiz bir topluma çevrir. İlk baxışdan bunların fərqinə varmaq mümkün deyil. Ancaq baş verənləri analiz etdikdə bunun bir reallıq olduğunu dana bilmərik.

Bu günlərdə bütün ənənəvi və sosial mediada Ağcabədi rayonunda 15 yaşlı qızın ana olması xəbəri uşaq yaşda zorla ərə verilən qızların faciəsini yenidən gündəmə gətirdi. Təbii ki, bu ilk hadisə deyil. Hələ aylar əvvəl 13 yaşlı qızın nişanlanması da bizi dəhşətə salmışdı. İllər əvvəl doğuş zamanı həyatını itirən 16 yaşlı qızın faciəsini də xatırlayırıq. Erkən yaşda baş tutan evliliklərin faicəvi nəticələri gün keçdikcə artmaqdadır.

Hələ uşaqlığını yaşamadan ərə verilən, ana olan qızlarımız psixoloji travmalara məruz qalır. Bu vəziyyət təkcə psixoloji deyil, eyni zamanda sosioloji bəlalara yol açır. Erkən məcburi nikahlar ötən əsrlərdə nə qədər uzunömürlü olsa da, indiki dövrdə erkən yaşda qurulan ailələrin təməlinin çox da sağlam olmadığını sübut edən bir çox faktlarla qarşılaşırıq. Xəyanətlər, evdən qaçan gəlinlər, intihar hadisələri, övladından imtina etmə halları, namus cinayətləri hardasa hər gün mediada qarşımıza çıxan faciəvi nəticələrdir. Cəmiyyəti çıxılmaz xaosa sürükləyən bu bəladan xilas olmaq üçün məsələyə daha çox diqqət ayrılmalı və gündəmdən düşürülməməlidir. İlkin olaraq davamlı və məcburi təhsil ciddi şəkildə həyata keçirilməli, məktəb-ailə-uşaq üçbucağı daha da möhkəmləndirilməlidir. Erkən nikahların çox olduğu bölgələr üzrə bir risk xəritəsi hazırlanmalı və həmin riskli bölgələrdə bu istiqamətdəki işlərə daha çox diqqət yetirilməlidir.