Heydər Əliyev Fondundan zəng gəldi ki, adınız Şuşada keçiriləcək “Vaqif Poeziya Günləri”nə gedəcək heyətin tərkibinə daxil edilib.

Həmin anda, Şuşa azad edilməmişdən bir neçə gün öncə Fesbuk səhifəmdə paylaşdığım “Alo… Alo… Şuşaya cavab ver!” mətnli qısa, ancaq qürur və həyəcan dolu statusumu xatırladım. Və eyni həyəcanla da: “Bu cür mübarək dəvətin qarşısında, lütfən, “narahat edirik” ifadəsini işlətməyin. Məni o tərkibdə gördüyünüz üçün başda Fondun sədri Mehriban xanım olmaqla hər birinizə dərin təşəkkürümü bildirirəm. Minnətdaram. Bu mənim ən böyük arzularımdan biri idi. Əlbəttə, gedəcəyəm!” – deyə cavab verdim.

Və o gün gəldi!..

Azərbaycan Dövlət Filormoniyasının qarşısında qələbəlik idi. Adamlar fərqli, amma gözlərdən oxunan baxışlar eyni idi. Hərənin gözündən öz Şuşası boylanırdı. Heydər Əliyev Fondunun əməkdaşları protokol qaydalarını diqqətlə izləyir, bizi səfərlə bağlı təlimatlandırır, maşın karvanının sürücülərinə gərəkli tapşırıqlar verirdilər.  Hamı yüksək komfortlu və səfərlə bağlı hər cür ləvazimatla təchiz edilmiş avtobuslara əyləşəndən sonra karvanımız Şuşa deyib yola düşdü.

Mən 7 nömrəli avtobusda tanınmış ədəbiyyat adamları Elnarə Akimova, Aygün Bağırlı, Azər Turan, Mustafa Çəmənli, Zakir Fəxri, Etimad Başkeçid, Vaqif Aslan, Tehran Əlişanoğlu, Vaqif Yusifli, Ələmdar Cabbarlı, Sayman Aruz, Əyyub Əbdüləzimovun da daxil olduğu  ekipin tərkibində idim. Maraqlıdır ki, bu adamların bir-birləri ilə danışıb bölüşəcəkləri çox şeylər olduğu halda  avtobusda sükut hökm sürürdü. Ön sırada əyləşdiyimdən hərdənbir  əslən Şuşadan olan, Şuşa işğaldan azad ediləndən sonra bir dəfə ora səfər etmiş araşdırmaçı-yazar, ekipimizin rəhbəri Əyyub müəllimə bəzi suallar verir, bilmədiyim bəzi şeyləri öyrənirdim. Bir neçə saatdan sonra elə bu minval və mənzərə ilə İmişlidə bir restoranda günorta yeməyinə əyləşib, yenidən yola düzəldik. Füzuli rayonunun ərazisinə keçəndən az sonra maşın karvanımız “Zəfər Yolu”na daxil oldu. Bir neçə ay öncə “Xalq Qəzeti”ndə çap olunmuş “Şuşaya zəfər yolu ilə gedəcəyik” başlıqlı məqaləmi, orda qələmə aldığım arzu və istəklərimi xatırladım. Hamının gözləri avtobusun pəncərələrindən yola dikilmişdi. Şüşə kimi hamar asfalt yolla maşın karvanı sürətlə irəli şütüyürdü. Biraz keçəndən sonra gördüyümüz ürək dağlayan mənzərələri cənab prezidentimizin işğaldan azad edilmiş rayonlarımıza səfərləri zamanı televiziyadan izləmiş olsaq da bunları əyani görmək ayrı bir ağrı yaşadırdı bizə. Füzuli rayon mərkəzi, rayonun yol boyunca gördüyümüz kəndləri mərə kafirlər tərəfindən yerlə yeksan edilmiş, dağıdılmış evlərin yalın divarları arasında bitən ağaclar evlərin boyunu aşmışdı. Sakinləri didərgin düşmüş evlərə qaravul çəkirmiş kimi dayanan məyus ağaclar bizi görcək yarpaqlarını yelləyir, gəlişimizi duyduqlarını bildirdirdilər.

İlk dəfə getdiyimiz üçün heç kimin yola bələdçiliyi yox idi. Vaxtilə, işğaldan öncə dəfələrlə Şuşada olmuş qarabağlı dostlar Zakir Fəxri, Mustafa Çəmənli də “bu vaxtilə bizim getdiyimiz yol deyil” deyə bizə bələdçilik etməyə çətinlik çəkirdilər. Doğrudan da bu yol – Zəfər Yolu hər mənada başqa yol idi. Bizə bu yolu yaradan Uca Tanrıya şükranlığımızla bərabər, bu yolu yol eyləyən qəhrəman şəhidlərimizin ruhlarına dualar oxuyur, qazilərimizə sağlıq diləyir, ali baş komandanımıza minnətdarlığımızı bildiririk.

Və bir müddətdən sonra ömrümdə bircə dəfə belə görməsəm də, milyon dəfə başına döndüyüm, heyranı olduğum, adı gəlincə dodaqlarımız çatlayan, məmləkətimin başının tacı, millətimin ürək döyüntüsü Şuşa görünür. “Görünən dağa bələdçi gərək deyil”, görünən Şuşaya isə heç gərək deyil. Bax, o kənd Daşaltı olmalıdı. Başına daş düşmüşlərin xəyanəti ucundan necə igidlərimiz şəhid düşdülər bu adlı uğursuz əməliyyatda. Hər şeydən öncə onları xatırlamaq, ruhlarının şad olması üçün dualar etmək borcumuzu verək. Ruhlarından izin alıb, adlayaq Şuşamıza.

Budurmu Şuşa dediyin?! Budurmu illərlə adı gələndə dilimizi ağzımızda yandıran qala?! Budurmu səcdəsinə baş qoymaq istədiyimiz, indiyəcən əlimiz çatmayan, ünümüz yetməyən səcdəgah!? Şükür Sənə Xudaya!

İzin verin, müqəddəs şəhid ruhları!

                        Bu qala Sizin qala!

İzin verin, cəngavər qazilərimiz!

                        Bu qala Sizin qala!

İzin ver, cənab ali baş komandan!

                        Bu qala Sənin qalan!

…Hərbçilərimizin işarəsi ilə avtobuslar sürətlə irəliləyib şəhərə daxil olur. Ruhumuzun dolayları ilə gəlib Qarabağ otelinin qarşısında dayanırıq. Heydər Əliev Fondunun gənc əməkdaşları, otelin gülərüz personalı bizi mehribanlıqla qarşılayırlar. Odalarımızı müəyyən edib, tanıtım yaxalıqlarını təqdim edirlər. Sonra bərəkətli süfrəyə dəvət edirlər. Qarabağ oteli mənim üçün dünyanın ən yüksək ulduzlu otellərindən rahat, huzurlu, komfortlu və güvənli görünür. Odaların açarları paylanılsa da, demək olar heç kim odanı açarlamır, gec-gündüz hamının odası bir-birinə açıqdır. Etibar, inam, güvən, sayqı, sevgi ilə süslənib hər yan…

Zakir Fəxri, Etimad Başkeçid, Sayman Aruz və mən ayrı-ayrı otaqları olan bir odaya yerləşirik. Mətbəxdə münasib bir süfrə qurub duyğularımızı, fikirlərimizi bölüşürük. Hər kəs və hamı kimi biz də bu işi tez yekunlaşdırıb şəhəri gəzməyə, daha doğrusu küçələri, dalanları, tinləri gözümüzə təpməyə gedirik…

Bu cür anları tək yaşamağı xoşladığımdan təkliflərinə görə dostlara təşəkkür edib onlardan ayrılıram. Və mənim şuşualı anlarım, dəqiqələrim, saatlarım, günlərim başlayır. Şuşanın dağlarına baxıb bir zaman yazdığımı “Yurddaşlara” adlı şeirimi zümzümə edirəm öz-özümə…

Ürəyimə damanlar düz çıxdı,- deyirəm. Bizim də üstümüzə gün doğdu.

Şuşanın hər qarışı ilə dil tapmağa, onlarla həmsöhbət olmağa, oxuduğum Qarabağnamələrdəki məqamları bir-bir ağlımın və ruhumun süzgəcindən keçirməyə çalışıram. Şəhərdə tam sakitlikdi. Qarşıma çıxan hərbçilərimizin birindən Saatlı məhəlləsinin yerini soruşuram. Molla Pənah Vaqifin yurdunu, məhəlləsini. Yönləndirir məni…

Sonra Şuşanın dahilərini bir-bir xəyalımda canlandırıram. Bir vaxt onların bu küçələrdə necə dolaşdıqlarını şəkilləndirmək istəyirəm gözlərimdə, səslərini axtarıram Şuşanın səmasında. Bunun mümkünsüz olduğunu duyub, hər gələn nəsil bura öz töhfəsini verməlidir, tarix isə şərəf kitabı olaraq yazıla-yazıla getməlidir,- deyə düşünürəm. Gecə yarıdan keçəndən sonra otel odasına qayıdıb, eyvandan Şuşanın mübarək gecəsini seyr edirəm! Bir Şuşa gecəsinin fotosunu çəkib; “Şuşada axşamlar yanar ulduzlar” mesajı ilə səhifəmdə paylaşıram. Yuxum gəlmir. Statusu görən uzaq-yaxın dostlar, əqrabalar telefon açırlar. Onların səslərini duydururam Şuşanın göylərinə: şəhid anası Ceyran xanım, şəhid bacısı Səltənət xanım, ustadım şair Əşrəf Veysəlli, mənə indiyəcən ən çox Şuşa nağılı danışmış şair Ofelya Babayeva, şair dostlarım Elçin İsgəndərzadə, İlham Çərgəzoğlu, “Azərbaycan bayrağı” şeiri ilə bizləri əfsunlamış şair Ramiz Qusarçaylı minnətdarlıq edirlər onları Şuşa ilə calaşdırdığıma görə. Gecə keçir. Sabah möhtəşəm bir etkinlik – “Vaqif Poeziya günü”ün açılış mərasimi gözləyir bizi…

Vaqifin yenidən qurulmuş, olduğu kimi bərpa edilmiş möhtəşəm məqbərəsi önündə tədbirə hər cür hazırlıq görülüb. Əvvəlcədən müəyyən olunmuş yerlərimizi alandan sonra meydana Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva daxil olurlar. Onları ayaq üstə sürəkli alqışlarla qarşılayırıq. Cənab prezidentin Molla Pənah Vaqifin ədəbiyyatımıza və xalqa xidmətləri, eyni zamanda Ulu Öndər Heydər Əliyev tərəfindən bu məqbərənin qurulması ilə bağlı tarixi çıxışı hər kəsi duyğulandırır, AYB sədri, Xalq yazıçısı Anarın, Xalq yazıçısı Elçinin, Xalq şairi Nəriman Həsənzadənin bu günü bizi yaşatdıqlarına görə şəhidlərimizin ruhuna, qazilərimizə, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqla dolu nitqləri hər kəsin ürəyincə olur.

Sonra həm cənab prezident İlham Əliyev, həm də Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva tədbir iştirakçıları ilə səmimi söhbət edirlər. Ədəbiyyatımızın tarixi, taleyi ilə bağlı maraqlı söhbətlər edirik. Cənab Prezident də, Mehriban xanım da müraciət edən hər kəsi dinləyir, onların suallarını və təkliflərini dinləyib münasibət bildirirlər.

Nahardan sonra hamı Cıdır Düzünü seyr etməyə dəvət edilir. Hiss olunur ki, hər kəs oradan Xankəndinə baxmaq istəyir. Ürəyimizdən nələr keçdiyini isə Azərbaycan oxucusuna deməyə ehtiyac yoxdur. O gün də gəlir deyə düşünürük hamımız. Cıdır Düzündən geri dönərkən elə avtobusdaca gənc istedadlı şair və jurnalist Şahanə Müşfiq məni haqlayır, telefonunun diktafonunu açıb: “Şuşaya səfərlə bağlı təəssüratınızı qəzetimizin oxucuları ilə bölüşərdiniz”, – deyir. Cavabında ilk sözüm bu olur: “Şuşayla bağlı təəssürat olmur, Heyrət olur! Mən heyrət içindəyəm”

Növbəti gecəni də Şuşada yaşamaq nəsibimizdir. Sabahısı gün bu möhtəşəm və tarixi Poeziya günündə çıxış etmək üçün mənə də söz verilir. “Zəfər Marşı” şeirimi oxuyuram və ordumuzu yeni zəfərlərə səsləyib, Zəfər yolu ilə paytaxta dönürük.

Zəfər həmişə səninlə olsun Azərbaycan! Ruhun şad olsun, Vaqif babamız! Biz səninik gözəl Şuşa, mərd Şuşa, ilahi Şuşa!

Mənbə: https://edebiyyatqazeti.az/