Zirvələri göy üzünü qucaqlayan dağların arasında dolanbaclı yollarla üzü Allaha ən yaxın şəhərə, Şuşaya qalxırıq. Bizi Azərbaycanın mədəniyyət paytaxtına aparan Zəfər yolunu qürurla, fərəhlə qət edirik. Yolda əslən şuşalı olan həmkarım bizə Zəfər yolunu gedən ilk heyət olduğumuzu bildirir. Bu yol Füzulidən birbaşa Şuşaya çəkilən ən qısa yoldur. Səmasında müqəddəs ruhların dolaşdığı, yer üzünün cənnətinə yaxınlaşdıqca həyəcan bürüyür bədənimizi. Enli-ensiz tarix qoxan küçələrlə, məbədlərlə, savaş nişanələri ilə əhatələnmiş məmləkətə ilk addımlarımı atıram. Min illik tarixin səhifələri asta-asta aralanır önümdə. Şuşa savaşlarda təslim olmamış, yıxılmamış, amma yorulmuş döyüşçüyə bənzəyir. Hər şeyə rəğmən o diridir. Uçub-dağılan evlərin fonunda hələ də əsalətini qoruyub saxlayan şəhərin bu vəziyyəti insanın içinə bir kədər toxumu səpsə də, ruhu təmizləyən bir havası var.

Bizdən əvvəl gələn heyətlərdən fərqli olaraq Şuşaya gedən yol boyu yolumuzun üstündə nə bir rus əsgəri görürük, nə də bir erməni. Artıq müqəddəs torpaqlarımız şeytan yuvalarından tamamilə təmizlənib. Şuşaya girişdə cəmi bir post var idi, orda da Azərbaycan ordusunun əsgərləri dayanmışdı. Onların üzündəki xoş təbəssümlə Şuşaya daxil olmaq da bir başqa möhtəşəm hissdir. Güvəndə olduğumuzu hiss etdirən baxışların müşayiəti ilə Şuşaya daxil oluruq. Avtobusda alqış və şükür sədaları ucalır.

İşğaldan əvvəlki illərdə neçə-neçə mədəniyyətlərə ev sahibliyi edən Şuşanın 28 il mədəni abidələrinə divan tutulub. İşğalçıların “ley-pey” məkanına çevrilən Şuşa indi tarixi mədəni tədbirlərə yenidən ev sahibliyi edir. May ayında Cıdır düzündə keçirilən möhtəşəm Xarıbülbül Festivalından sonra Şuşada növbəti əhəmiyyətli tədbir, 39 il əvvəl əsası qoyulan Vaqif Poeziya Günləri keçirildi. Əsalətin, musiqinin, sənətin şəhəri yenidən qucağını şeirə, sözə, ədəbiyyata açmışdı. Yaddaşı şuşalı xatirələrlə zəngin söz adamları 39 il sonra yenidən Şuşada Vaqif məqbərəsinin önündə toplaşmışdı. Yaşından, ictimai-siyasi mövqeyindən asılı olmayaraq o gün hamı bir cərgədə idi. Hamının sevinci bir rəngdə idi. Təmiz idi, saf idi, ülvi idi hamının hissləri. Həmin gün heç kim Şuşadan böyük deyildi. Kənardan müşahidə edirdim. Bakıda iki addımlıq yolu gedəndə yorulan yaşlı qələm adamları Şuşanın yoxuşlu yollarını avtomobilsiz, nəfəs dərmədən qalxırdılar. Bu elə bir sevgi, elə bir sevinc idi ki, onu heç bir xoşbəxtliklə müqayisə etmək olmur.

Bir neçə ay bundan əvvəl cənab Prezident İlham Əliyevin ermənilər tərəfindən dağıdılaraq tanınmaz vəziyyətə salınan Vaqif məqbərəsinin xarabalıqlarında etdiyi çıxışı xatırlayıram. Onun 39 il əvvəl ümummilli lider Heydər Əliyevin Vaqif məqbərəsinin açılışından olan fotolarla məqbərənin xarabalıqlarında dolaşması çox təsirli səhnələr idi. Bu gün isə artıq Vaqif məqbərəsi öz əvvəlki əzəmətinə qovuşub. İlham Əliyevin məqbərənin açılışındakı nitqində də söylədiyi kimi tarix təkrarlanırdı o gün:

“Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq”.

Prezidentin ruh yüksəkliyi yaradan çıxışından sonra o təntənəli söz bayramına start verildi. Yazıçılar çıxış nitqləri söylədiyi zaman bəlkə də ilk dəfə bu qədər həyəcanlı idilər. Anarın, Elçinin, Nəriman Həsənzadənin gizlətməyə çalışdıqları həyəcan ən arxa sıralarda oturmağıma baxmayaraq mənə də sirayət edir və duyğulandırırdı. Yazıçı Anarın çıxışında söylədiyi fikirlər çoxumuzun ortaq düşüncəsi idi. Dedi ki, “2010-cu ildə bir mərasimdə çıxış edəndə, – cənab Prezident də iştirak edirdi orada, – dedim ki, mənim 72 yaşım var, amma söz verirəm ki, Sizinlə bir yerdə Şuşaya gedəcəyik və bu, baş verdi. O sözü desəm də, bir də Şuşanı görəcəyimə inanmırdım”. Necə tanış hisslərdir. Hansımız inanırdıq ki, bir gün yenidən üzü Şuşanın dağlarına sarı oturub Vaqifin məqbərəsi önündə “Qarabağ şikəstəsi”nə qulaq asacağıq. Yuxu kimi, nağıl kimi günlərdir. Amma həm də həqiqətdir. Biz Şuşadaydıq.

Nəriman Həsənzadənin uzun və rabitəsiz çıxışı belə adama ləzzət verirdi. Onun uşaq məsumiyyəti ilə söylədiyi şeir, həyəcandan bir neçə yerdə çaşması, misraları unutması və çıxışının sonunda vəziyyətdən yumoristik manevrlə çıxması belə Şuşanın fonunda möhtəşəm görünürdü. İnsanlar qismən daha sakit, təmkinli, mehriban idi. Hətta nəzarətçilərin tədbir başlamazdan əvvəl dəfələrlə “Zəhmət olmasa, telefonlarınızı söndürün” xahişinə rəğmən tədbirin ortasında arxa ciblərdən gələn sinir pozucu melodiyalar belə adamlarda qıcıq yaratmırdı. Halbuki Bakıda hansısa ciddi tədbirdə belə hallar baş verəndə bütün diqqətlər telefon zəngi gələn istiqamətə yönəlir və aqressiv baxışlarla qaydaları pozan şəxs linç edilir. Amma Şuşada bu baş vermədi. Şuşanın dağlarından gələn xəfif avqust mehi ilə ovsunlanmışdı elə bil insanlar. Başlarına gün döysə də heç kim oturduğu yerdən narazı deyildi. Məkan Şuşa olandan sonra harda oturmağın nə fərqi var ki?

Tədbirdən sonra Nəriman Həsənzadə ilə söhbət etmək fürsəti yaxaladım. Sevincini yerə-göyə qoya bilmir, uşaq kimi sevinir və bu sevinci hamı ilə paylaşmaq istəyirdi. Dedi, qızım, Şuşanın azadlığından sonra elə bil millət dəyişib. Pisikmişdik, gözdən düşmüşdük. İndi dirilmişik sanki.

Nəriman Həsənzadə düz deyirdi. Elə mən də düz hiss etmişdim. Söhbətimizin bu yerində qəfil yadıma Anarın illər əvvəl oxuduğum “Qarabağ şikəstəsi” adlı yazısından bir abzası düşdü: “Şahanə bir vüqarı var Şuşanın. Elə bil o, ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır”. Anarın da dediyi kimi, biz Şuşada gündəlik həyatımızın fövqündə idik.

Bizim nəsil Şuşanı ancaq böyüklərinin xatirələrində, ağ-qara fotolarda, videokadrlarda görən nəsildir. Ona görə də qocaman yazıçıların Şuşa ilə bağlı çıxışlarına, bir-birlərilə xəlvətə çəkilib etikləri söhbətlərə acgözlüklə qulaq kəsilirəm. Şuşanı tanımıram axı. Şəhəri gəzməyə çıxacam. Hardan, hansı küçədən başlayacam bilmirəm. Onların xatirələrindən mədət umuram sanki. Onlar isə çəkilib öz sükutlarının dərinliyinə. Şuşaya dalıblar. Gənclik xatirələrində Şuşa izləri olan qocaman yazıçıların Şuşa sevgisinin səmimiyyətini daha yaxından hiss etdim o gün. Səhər açılandan gecənin gec saatlarına qədər otelin həyətində oturub xatirələrini təzələyirdilər. Məni də ağuşuna alıb aparan maraqlı söhbətlərin axarından qonşu masada əyləşən Xalq şairi Vahid Əzizin dilindən səslənən bu misralar ayırır.

Bir bayatı çağırdılar xarabazar görəndə

Xan əminin ruhu idi pərvazından tanıdım.

Yağı düşmən fürsət tapıb məkanına girəndə

Qartal gözün çıxartmışdı yuvasından tanıdım.

Bu yerlərin doğma, əziz hər ağacı, hər daşı

Qara çınqıl parıldadı islananda göz yaşı

Bəyaz qarı saç qaraldar göz dərmanı yağışı

Şuşa çiskin içindəydi havasından tanıdım.

Söz bayramında ədəbiyyatın təntənəsi Zəfərin təntənəsinə qarışmışdı Şuşada. Aqil Abbasın nəql etdiyi səfər əhvalatlarına maraqla qulaq asırıq. Dəfələrlə eşitdiyimiz əhvalatları təkrar danışır yenə gülürük. Yadıma düşür ki, Aqil Abbas “Dolu” romanının sonluğunda qələbə müjdəsi vermişdi bizə. Bu gün biz Şuşanı işğaldan qol gücünə azad edən şəhidlərimizin ardınca doğma vətənə gələn “Dolu” romanındakı o adamlar idik.

Səfərin ikinci günündə Vaqif Poeziya Günlərinin növbəti hissəsini də təntənə ilə qeyd etdikdən sonra bir qrup gənc qələm adamları ilə birlikdə Şuşanı qarış-qarış gəzmək üçün yola düzəldik. İstiqamət haradır, bilmirik. Yol boyu qarşılaşdığımız əsgərlərdən başqa, qarşımıza ünvan soruşacaq bir şuşalı çıxmır. Onların da çoxu Şuşanı bizim kimi ondan-bundan eşidən nəslin nümayəndələridir.

Şəhərləri şəhər edən, doğmalaşdıran həm də o torpaqlara genetik balılığı olan adamlardır. Bəzi anlayışlar sirli şəkildə bir-birinə bağlıdır. Məşhur türk şairi Hacı Bayramı Vəli Həzrətləri bir şeirində deyir:

Çalabım bir şar yaratmış iki cihan arasinde

Bakıcak bir didar görünrür

                        ol şarın kenaresinde

Nagihan ol şara vardım

                        ol şarı yapılır gördüm

Ben dahi bile yapıldım taşu toprak arasinde.

Şeirdə şair onu vurğulayır ki, insan şəhəri qurarkən özünü də daş və torpaq arasında qurur. Ürəkdə nə varsa, bir şəhər kimi görünür. Qəlbi daş olanın şəhəri daş olacaq, ürəyi sevgi ilə dolu olanın şəhəri isə gülüstan.

“Şuşa bizim üçün niyə bu qədər müqəddəsdir?”, “Ermənilər 28 il bu torpaqları işğal edib niyə yaratmaq əvəzinə dağıdıb?” suallarının cavabıdır həm də bu misralar.

Bu torpağın üzərində bizim əcdadlarımızın imzası var. Bu şəhərin mayasında, tarixində mədəniyyət var. İndi bizim vəzifəmiz bu mədəniyyətə körpü olub onu gələcəyə daşımaqdır.

Şuşa bu gün şuşalılarsız yetim uşağa bənzəsə də, çox qısa zamanda bu küçələr yenidən canlanacaq. İnsanları ilə, keçmişimizin izləri ilə daha mənalı məkana çeviriləcək.

Səssiz küçələr, uçuq-sökük evlər, veteran binalar bizə, müharibədən çıxmış adamlara bənzəyirdi elə. Məsələn, evlər gördüm uçub-dağılmış yalnız divar daşları qalmışdı. İçində bir yaşıllıq meydana gəlmişdi ki, sanarsan cənnət bağıdır. Bax o ev mənim babam, bir başqa qarabağlının atası, anası idi. 28 il boyunca uçduq, dağıldıq, amma içimizdəki ümid məhv olmadı. Bu evlər tarixə divar daşları ilə tutunduğu kimi, biz də qayıtmaq ümidlərimizlə həyata tutunmuşduq.

Üstündə qıfıl olan evsiz qapılar, içində ağac bitən evlər, neçə-neçə xatirələrin, sevgilərin, ayrılıqların şahidi olan divarlar tablo kimi görünürdü. Erməni vəhşiliyini tam təfsilatı ilə ifadə edən bir tablo. Bir vaxtlar pəncərələri göy üzünə açılan evləri yıxıb dağıtsalar da, içindən gələn o işığı söndürə bilməyib düşmən.

Şuşanın mərkəzi küçəsinə enirəm. Yaddaşımın künc-bucağında vurnuxuram. Anam uşaqlığında yay tətillərini bu məhəllələrdəki evlərdən hansındasa keçirib. İndi bu küçədə evlərin çoxunun qapısı var, özü yox. Şuşa 17 məhəllədən ibarət ovuc boyda bir yerdir. Yəni səhərdən axşama kimi Şuşanı ayaqla gəzib başa çıxmaq mümkündür. Ovuc boyda yerdir Şuşa, amma həm də necə böyükdür. Küçələrin adları, təbii ki, indi bilinmir. Ona görə də tarixi əhəmiyyətli məkanların hansının hansı küçədə yerləşdiyini tapmaq xeyli çətindir. Hələ bizim kimi Şuşaya nabələd adamlar üçün lap çətin idi. İşğal zamanı ermənilər Şuşada tariximizin izlərini silmək məqsədilə 600-ə yaxın tarixi abidəni məhv edib.

Güllələnmiş heykəllərin qoyulduğu meydana çatıram. Bura Şuşa şəhər meydanıdır. Şəhərin əvvəlki ruhunu özünə qaytarmaq üçün qızğın abadlıq işləri gedir. Heykəllərin arxasından əzəmətli bir xarabalıq görürəm. Bura xan qızı Natəvanın sarayıdır. Şuşada ilk zamanlarda tikilən mülklərdən biridir. XVIII əsrə aid qədim tarixi memarlıq abidəsindən bu gün geriyə sadəcə evin divar daşları qalıb. Onu da qeyd edim ki, 1932-ci ildə Bülbülün təşəbbüsü ilə yaradılan Şuşa Musiqi Məktəbi xan qızı Natəvanın sarayında fəaliyyətə başlamışdı. Bir vaxtlar bu binadan ətrafa musiqi sədaları yayılsa da indi kədərli sükuta qərq olub. Amma çox qısa zamanda xan qızının ruhunun dolaşdığı bu mülk yenidən öz əvvəlki əzəmətinə qovuşacaq.

Küçələrə nabələdəm. Əsgərlərdən, polislərdən soraqlaşa-soraqlaşa Yuxarı Gövhər ağa məscidini tapıram. Bu məscid Şuşada tikilən ən qədim məscidlərdən biridir. Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilib. Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilib. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilir. XIX əsrdə Gövhər ağanın maddi dəstəyi ilə yararsız hala düşən məscidin yerində qoşa minarəli üçüncü məscid, 1883-cü ildə isə üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu, Cümə məscidi inşa edilir. Şuşanın işğalından sonra digər tarixi abidələr kimi, Yuxarı Gövhər ağa məscidi də zərər görmüş, minarələrinin dekoru zədələnmiş, interyerləri, demək olar ki, məhv edilmişdi.

Şuşada hər məhəllədə məscidə, bulağa və meydana rast gəlmək mümkündür. Eyni zamanda Şuşanın xristian əhalisinin ibadət etdiyi Qazançı kilsəsi də var. Şuşada həyata keçirilən bərpa işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir. Qeyd edək ki, Qazançı kilsəsi Şuşa şəhərinin kənarında, hazırkı yuxarı hissəsində yerləşir. Ermənilər Qazançı kilsəsinin erməni kilsəsi olduğunu iddia etsələr də, bütün tarixi mənbələrdə kilsənin 1868-ci ildə qədim zərdüşt məbədi üzərində inşa olunduğu bildirilir.

Əvvəldə də dediyim kimi, Şuşaya nabələd olduğum üçün keçdiyim məhəllələrin hansı məhəllə olduğunu bilmirəm.  Mamay məscidini görəndə Mamay məhəlləsində olduğumu anlayıram. Bu məscid XIX əsrdə tikilib. İkimərtəbəli bina adi yaşayış evlərini xatırladır. Sovet dövründə Mamay məscidi uzun illər Poeziya evi kimi fəaliyyət göstərib.

Mamay məhəlləsində vaxtilə Şuşa şəhərində yaşamış şair, rəssam, azərbaycanlı alim Mir Mövsüm Nəvvabın yaşadığı evin qalıqlarını da ziyarət etmədən keçmək olmazdı. Əfsuslar olsun ki, erməni vandalları bu tarixi əhəmiyyətli memarlıq abidəsini də dağıdaraq məhv etməyə çalışıblar. Nəvvabın ev-muzeyindən ona məxsus 100-dən çox əşya düşmən tərəfindən qarət edilib.

Şuşanın tarixi mərkəzində Qarabağ Xanlığının əsasını qoyan Pənahəli xanın iqamətgahının qalıqları qarşılayır bizi. Saray dediyimiz yer isə bir neçə divar qalıqlarından ibarətdir. Xan sarayı dağılmış olsa da, bütövlüyünü qoruyub mühafizə etmiş bir gözəlliyə malikdir. Ona bu bütünlüyü verən isə tarix və mədəniyyət idrakıdır. İndi biz burda nə vaxtsa əzəmətli qalaları olan iqamətgahın təsəvvürünü belə edə bilmirik. Amma tarixçi Mirzə Adıgözəl bəyin məlumatlarına görə, Pənahəli xanın hakimiyyəti dövründə Şuşada xan ailəsinin üzvləri üçün geniş binalar və hündür saraylar tikilib.

Gəzə-gəzə gəlib çatdıq Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən Şuşa qalasına. Onu da qeyd etmək yerinə düşər ki, Şuşa qalasının inşasına Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif şəxsən özü nəzarət edib.

Günün sonunda Cıdır düzünə gəlib çıxdıq. Möhtəşəm mənzərə qarşısında heyrətdən donub qalmaq imkansızdır. Dəniz səviyyəsindən 1400 metr yüksəklikdə özümü Allaha daha yaxın hiss edirəm. Bütün qəlbimlə şükür edirəm ona bu gün üçün. Hər bir qarabağlının mütləq Cıdır düzündə bir xatirə fotosu var.  Qaçıb anamın 7-8 yaşlarında üstünə çıxıb şəkil çəkdirdiyi qayanı tapıram. Necə tapdığımı bilmirəm. Bütün daşlar bir-birinə oxşayır. Bəlkə də heç o daş deyildi. Qəribə də olsa qayıdandan sonra anamın həmin fotosunu tapıb diqqətlə baxıram. Həmin daş idi. Arxadakı mənzərədən tanıdım. Daşın yaddaşı var deyirdilər, inanmırdım. Bəlkə də mən daşı yox, daş məni tanımışdı. Onu da deyim ki, burda hər istiqamətin mənzərəsi fərqlidir. Bir tərəf sıldırım qayalıq, bir tərəf Xankəndiyə, Xocalıya açılan pəncərə kimidir. Bir tərəf isə yaşıl uçurumdur. Arxa qayalıqda oturub telefonla danışan bir kişinin söhbətinə qulaq mehmanı oluram.

“Hə, hə getdim tapdım evi. Darvaza qalıb. Evi söküblər, amma qaraj durur. İndi oturmuşam Cıdır düzündə. Bilirsən harda? Xuramanın özünü atdığı qayanın üstündə oturmuşam”.

Dözməyib dayıya yaxınlaşıram. Təxmin etdiyim kimi şuşalı idi dayı. 70 yaşı var. 28 ildir Şuşanı tək ürəyində yox, həm də yaddaşında gəzdirib. Harda nə var idi, hansı qaraltı kimin evi olub dəqiq bilir. Əlimə düşən fürsəti fövdə verməyib şuşalı dayı ilə həmsöhbət oluram. Məlum olur ki, dayının dayandığı qayanın üstündən Molla Pənah Vaqifin həyat yoldaşı Xuraman özünü ataraq intihar edib.

Cıdır düzünün aşağısında yerləşən dərədə bir zamanlar Qotur su adlı şəfalı bulaq olub. İşğal dövründə ermənilər həmin bulağı qurudub. Cıdır düzünün kənarındakı cığırda bir vaxtlar mövcud olan qırx pilləkəndən də əsər-əlamət qalmayıb. Bu pilləkənlər insanları Daşaltı dərəsinə və Xan mağarasına aparırmış.

Şuşanı möhtəşəm edən yerlərdən biri də Cıdır düzüdü. Xatırlayıram, iki-üç il əvvəl Paşinyanın Cıdır düzündə yallı gedib, içki içməsi hamımızı necə hiddətləndirmişdi. Ermənilərin bu hərəkəti bizim səbr kasamızı daşdıran son damla oldu. Bu gün bu tarixi məkan yenidən öz sahiblərinin addım səslərinə qovuşub.

Axşam saat 9-da Şuşada komendant saatı olduğu üçün gəzintimizi 8-də tamamlamalı olduq. Məlum hərbi rejim səbəbindən çox yeri gəzə bilmədik, təbii ki. Amma qəm etmirəm. Bilirəm ki, Şuşa artıq bizimdir və hələ qarşıda gəzmək üçün çox illərimiz var.

Deyirlər, hər şəhərin ruhu var. Bu ruhu görmək, anlamaq və hiss edə bilmək üçün onu idrak etmək lazımdır. Hələ bu şəhər bir mədəniyyət şəhəridirsə, onun ruhunu hiss edə bilmək üçün Övliya Çələbinin müşahidə və həssaslığına sahib olmaq lazımdır. Əgər belə bir həssaslığınız yoxdursa nə olduğunuz şəhərdən xəbəriniz olar, nə də görməyi arzu etdiyiniz o şəhərin ruhunu hiss edə bilərsiniz. Bu ruhu hiss edə bilmək üçün mədəniyyət təsəvvürünə sahib olmaq lazımdır. Bu təsəvvür yaxşı-pis, gözəl-çirkin, doğru-yanlış hökmlərini meydana gətirir, eyni zamanda da yansıdır. Belə bir təsəvvürünüz varsa şəhərinizin ruhu ilə rabitə yarada bilərsiniz.

Şuşa bizim arzularımızın şəhəri idi və arzumuza çatdıq. Mən Şuşada gün batımının seyrinə dalıram və hardansa xoş bir avaz ucalır:

Şuşada axşamlar yanar ulduzlar

Onlardan gözəldir gəlinlər, qızlar

Oturub yol üstdə yarını gözlər.

Fotolar: Günel Musa

Mənbə: https://edebiyyatqazeti.az/