Mövlud Mövlud

Gənc yazar Cəil Cavanşir saytların birinə verdiyi müsahibədə Azərbaycan Yazıçılar Birliyini, onun yarıtmaz ədəbi siyasətini, həmin birliyin rəhbərliyində təmsil olunan şair-yazıçıları tənqid edib. AYB katibi Fikrət Qoca isə Cəlil bəyə belə cavab verib: “Demaqoqluq eləməsin, səsini başına atmasın!”
Qəribə ittihamdır. Adam deməyə söz tapmır. Rusiyanın xüsusi xidmət orqanlarının əyilməyən, mənsəbə-şöhrətə satılmayan yazıçıları “ifşa” etmək və ədəbiyyatı rejimin nəzarətinə almaq məqsədiylə qurduğu, bu gün də həmin məqsədə can-dildən xidmət göstərən bir təşkilatın rəhbərləyində təmsil olunasan, bir-birini əvəz edən rəhbərlərin, bütün siyasi sistemlərin sevimlisi olasan, dövlətin ədəbiyyatın inkişafı üçün ayırdığı pulları özünə və yaxınlarına sərf edəsən… Sonra da halal-hümmət sözün yanında olan, yazıçı ləyaqətini qorumaq üçün heç bir təşkilata üzv olmayıb heç bir imtiyazı qəbul etməyən, əvəzində dolanmaq üçün beş sayta yazı yazan zəhmətkeş, istedadlı bir gənc yazarı demaqoqluqda, səsini başına atmaqda ittiham edəsən.

Dəhşətdir!

Nədir demaqoqluq? Şeir-hekayə yazıb, alman dilindən tərcümələr edib min bir zülm-zillətlə ailə saxlamaq, yoxsa şəhərin bir neçə yerində evi ola-ola oğlunu AYB-nin ev siyasına saldırmaq?
Siz elə bilirsiniz, bunlar təkcə evdən, puldan-paradan doymurlar deyə belə hərəkət edirlər? Əsla!
Əsas məqsəd müstəqil Azərbaycanın azad düşüncəli yazarlarını əzmək, küçələrdə qoyub içki düşkününə çevirmək, axırda da “serroz”dan ölən gənc şairin anım günündə – “Natəvan” klubunda yanıqlı-yanıqlı çıxış edib, amansız əcəli tənbeh etməkdir. Onlar bizi səfil, sərgərdan və boynubükük görmək istəyirlər. Budur məsələ.
Bu adamlarla neyləyək? Bunlardan hara şikayət edək? Dərdimiz kimə deyək? Yüksək çinli məmurların çoxu bunların tərəfindədir. Müxalifət liderləri bunları görəndə ayağa qalxır. Sadə insanlar isə deyir: “Ağsaqqal yazıçılardan nə istəyirsiniz?”
Bu adamlar hamını aldadıblar. Hamını inandırıblar ki, doğrudan da Sovet dövründə dissident olublar, qəlbləri Azərbaycan xalqıyla döyünüb. Doğrudan da yazdıqları dünya ədəbiyyatının şah əsərləridir.
Mən Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Ramiz Rövşən, Zəlimxan Yaqub heyranlarını başa düşə bilmirəm.
Anar böyük yazıçıdırsa, Sart kimdir? Çingiz Abdullayev yazıçıdırsa, Akutaqava kimdir? Ramiz Rövşən böyük şairdirsə, Bodler hansı yuvanın quşudur? Zəlimxan Yaqub tamada-aşıq yox, peşəkar şairdirsə, İsa İsmayılzadəni hansı dəftərə yazaq?
Mənim bu “agentura” şəbəkəsnin zəncir həlqələri olan yalançı ağsaqqal yazıçılardan və onların fanatlarından umacağım da yoxdur, onlara deməyə sözüm də. Mənim bircə xahişim var: AYB divarlarından asdığınız şəhid şair qardaşımız Ülvi Bünyadzadənin şəklini bizə – onun mənəvi varislərinə qaytarın. Sizə o təşkilatı Ülvini şəhid eləyən rus şovinizmi qurub.
Qoy, bu dünyanın malı-dövləti, yalançı şöhrəti sizin olsun.
Onun müqəddəs adından alver eləməyin.
Qaytarın şəklimizi!