Fransız yazıçısı Fransua Moriakın yaradıcılığına ədəbi səyahət

“Keçmiş zamanların yeniyetməsi” romanı. Roman atasını və gənc qardaşını itirmiş, anasıyla böyük bir malikanədə yaşayan Alen adlı yeniyetmədən və onun eşqlə etiqad arasında keçirdiyi iztirablardan bəhs edir. Alen mənsub olduğu burjua mühitinə nifrət edir, arzuları, xəyalları ilə yaşayır,təhsil almaq haqqında düşünür. Əsərdə yüksək katolik dairələrin həyatı bütün müsbət və mənfi tərəfləri ilə birgə qələmə alınıb. Əsər avtobioqrafik xarakter daşıyır, birinci şəxsin dilindən yazılıb. Görünür, Alen keşiş və ya sahibkar olmaqdan daha çox yazıçılığa can atır, daha çox mənəvi həyat sürmək istəyir. Müəllif insanın mənəvi yüksəlişi ideyasının ən inandırıcı təcəssümünə yeniyetmənin obrazında müvəffəq olur. İstənilən zamanın yeniyetməsi tamhüquqlu unikal şəxsiyyət, qeyri-məhdud mənəvi sərvətə sahibdir, özünə inam hissi olan maraqlı bir şəxsiyyətdir. Hər yaşda olan bir yeniyetmə saf və məsumdur, hörmətə, sevgiyə,şəfqətə layiqdir.

 “Sevgi səhrası” romanı. Səhranın istiliyi mənəvi ehtiyacı simvollaşdırır. Səhra müqəddəs yazılarda insanın Allahla görüşdüyü, tövbə, mənəvi yoxsulluq, seçim və mənəvi azadlıq əldə etdiyi bir yer kimi görünür. Bu, ikili obrazdır: məhrumiyyət, təhlükə, cəza yeri və Allahın insanları xilas etdiyi, özünü göstərdiyi yer. Səhra nemətə lənət kimi məskunlaşan torpağa qarşıdır. Səhra boşluqdur, yəni sevgi yoxdur, amma sevgi əbədidir. Səhra sakini bir sevgiyə rast gəlmək, rahatlaşdırıcı sərin suya qərq olmaq, həm bədənini, həm də hissləri sərinlətmək arzusundadır. Müəllifə görə, “sevgi Allahdır” və Allaha ehtiyacın dərk edilməsi yalnız əzab-əziyyətlə olur, buna görə də sevgisiz, səhra vəziyyətində əzab çəkən insan ruhunun sevgini tapmaq üçün yalnız bir yolu var, o da Allaha gəlməkdir. Əsl məhəbbət mümkündür, ancaq Tanrının vasitəsilə. Yazıçı əsəri ilə bunu demək istəyir. Onun qəhrəmanı Allaha cazibə və cismani, dünyəvi ehtiraslar arasında parçalanır. Allahın səsi səhranın səsidir, harada olursa, olsun-yerdə və ya qəlbdə. Allah insanı oturaq həyat tərzini tərk etməyə və köçəri həyat tərzini qəbul etməyə çağırır. Yalnız maddi dünyaya bağlılığı aradan qaldırmaqla insan Allahla münasibətini qaydaya sala bilər, çünki imtahan insanı elə vəziyyətə salır ki, o, əslində kim olduğunu insana göstərməlidir. İnsan Allahla tək qalır. “Sevgi səhrası” simvolunu yaradan zaman yazıçı kilsəni-onun başında duran ruhaniləri nəzərdə tuturdu. Kilsə də insanlardır, insanlar isə təbiətcə günahkardır, axı Tanrı sevgidir və hər şey Onun vasitəsilə mümkündür. Əsər din, günah, xilas mövzularından bəhs edir. Yazıçı tənhalığın tələyə düşdüyü 3 personajın psixologiyasını, uğursuzluq astanasında olan dünyada yaşadıqları bədbəxtliyi və hisslərinin sıxışdırılmasını, sevgi üçbucağını canlandırır. Kişilərin və qadınların yaşadıqları (eyni qadını sevən ata və oğul) xeyirlə şər arasındakı daxili mübarizənin psixoloji təhlilləri çoxdur.

Müəllif: Sərvanə DAĞTUMAS, ədəbiyyatşünas.

E-mail:ferecli404@gmail.com

Mənbə: https://yazarlar.az/