Xalq şairi Nəriman HƏSƏNZADƏ.Seçmə şeirlər

Yuxuda ağladım səndən ötəri

Mənə dedilər ki, sizdə yas düşüb,
yuxuda ağladım səndən ötəri.
Dedilər, torpağa bir almaz düşüb,
gördüm göz yaşına çoxdu bənzəri,
yuxuda ağladım səndən ötəri.

Sənlə gözəl dünya, sənsiz qorxulu!
sənsənmiş dünyanın tarazlıq yeri.
Mən yuxusuz qaldım, dünya yuxulu,
yuxudan qaçdım mən səndən ötəri,
sənsənmiş dünyanın tarazlıq yeri.

Ayrılıb dünyaya baxıram, belə,
Yuxuda kim yaydı bu bəd xəbəri?!
Sənlə az danışan, ağıram belə,
Yuxuda dəliydim səndən ötəri.

Mən öz dediyimdən üzdə dönmədim,
üzdə çəkdiyimi saldın içəri.
Səni sevdiyimi sənə demədim,
yuxuda ağladım səndən ötəri.

MİNNƏTDARAM MƏN

Yenə səsin gəldi qulaqlarıma,
həyata, dünyaya minnətdaram mən.
Sən orda pıçılda, eşidim səni,
özgəsi çağırsa, ona karam mən.

Sən açdın bir qəlbin məhəbbətini,
mən duydum bir ömrün səadətini.
Sənsiz hər sözünü, hər söhbətini,
sənsiz hər ədanı xatırlaram mən.

Mənim bu aləmdə öz aləmim var,
sənlə sevincim var, sənsiz qəmim var.
Dünyadan qazancım bir qələmim var,
sənin xidmətində varam, varam mən.

Dünyanın heç kəsi yoxdu

Gülərüzlüm, çox ağlama!
göz yaşı məlhəm olmayıb.
İnsan göstər yer üzündə,
üzündə bir qəm olmayıb?!

Mən səndə səni görmüşəm,
saçında dəni görmüşəm.
Mən bu naləni görmüşəm,
mənim bu naləm olmayıb.

Yaxşı seç qaranı ağdan,
can üzülər ağlamaqdan.
Söz dilimə gəlib haqdan,
əlimdə qələm olmayıb.

Gedən getdi, səsi yoxdu,
təzəsi, köhnəsi yoxdu.
Dünyanın heç kəsi yoxdu,
heç kəsə məhrəm olmayıb.

Gözlərin bolluca qəmdi,
bu səbəbdən hava nəmdi.
Məndən ötrü cəhənnəmdi,
başqa cəhənnəm olmayıb.

FİKİR ELƏMƏ

Sən fikir eləmə, gözəldi həyat,
nə qədər mən sağam, fikir eləmə.
Bu gün yanındayam, sabah hardasa,
demə mən uzağam, fikir eləmə.

Sən fikir eləmə, yeri qar alsa,
göyü bulud örtüb, dumanlar alsa.
Mən odam-ocağam, fikir eləmə,
yenə yanacağam, fikir eləmə.

Sən fikir eləmə heç vaxt dünyada,
mən getsəm, sən qalsan… ayağın altda
onda da torpağam, fikir eləmə,
orda da dayağam, fikir eləmə.