
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Melanxoliya
Uzundur əcəlin əlləri, bil ki,
Yapışar yaxandan qəfil bir gecə.
Ölüm qeyri-adi durum deyil ki,
Yaşamaq ölümdən qəlizdi, məncə.
Çayım soyuduqca nəfəsin kimi,
Otağın küncləri üşüyür axşam.
Nə vaxtsa ən doğma bir kəsim kimi
Sənin xatirinə şeir yazmışam.
Yazıb oxumuşam və ağlamışam,
İçimdə, çölümdə eyni fəsildir.
Ha çıxıb bölmüşəm, ha toplamışam,
Bir yerim yenə də səndən kəsirdir.
Uzundur əcəlin əlləri, uzun,
Bir ani zamanda qərib kəs kimi
Qapının ağzında dayanar, quzum,
Dünyada qoyduğun son nəfəs kimi…
Hələ də bilmirəm nə idi həyat,
Çarpışıb vuruşdum ziyadan ötə.
Bir kimsə — sən daxil — etmədi rahat
Ruhumu, qəlbimi duadan ötə.
Görən, eşitdimi Tanrı səsimi,
Görən, Tanrı gözü məni gördümü?
Hərdən qum saatı sanıb özümü,
Tükətdim bir heçə insan ömrümü…
* * *
Mənim ürəyimdən yağır bu yağış,
Mənim ürəyimdə qara buludsan.
Bəxtimə calanan ən ağır qarğış
Sən idin — hayana yolunu tutsan.
Bilməz içimdəki çiskinin, sisin,
Üşüdən tərəfin tanımaz kədər.
Daha bir araya gətirməz bizi,
Bizi bir arada yaşadan illər.
Bir an saçlarımda qərar tutmamış,
Özgənin saçında sığal yeridi,
Mənim ürəyimdən yağır bu yağış,
Bəlkə də hiss edir əllərin indi…
Dünənlə bu günün arasındayam,
Ən şirin yuxuymuş acı aldanış.
Harda ayrıldıqsa, elə ordayam —
Mənim ürəyimdən yağır bu yağış…