Fərqanə SƏFƏRLİ.Yeni şeirlər (2026)


Yer -göy udub sarısını,
Yaşıllaşıb dağ-dərəsi.
Dünyanın dərdi göyərib,
Tutub qapı-pəncərəsin.

Unudub əlifbasını,
Qulaqların söz yaddaşı.
Bir daş dəyib canımıza,
Gedənlərin sinə daşı.

Havalanıb günahımız,
Qarışıb külək qatına.
Tanrıya çata bilməyib,
Çıxıb hərraca,satına…

Son ağacın altındayıq,
Çoxdan gəlib payızı da.
Yelləncəkdən asdı bu gün,
Təbiət bahar qızı da.


Yol qısadır, nə gördük ki,
Baxaq, Tanrıya söykənək.
Həqiqətə can qoyduq ki,
Dönək ,ağrıya söykənək?!

Boyu kiçildi dağın da,
Dua endi qucağından.
Bu dünyanın bucağından
Tutaq, doğruya söykənək?!

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir