Hekayə saatı Coşqun Xəliloğlunun “Sükan arxasında” hekayəsi ilə

“Ədəbiyyat və incəsənət” portalının “Hekayə saatı” rubrikasında bu gün sizlərə Azərbaycan Yazıçlar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Sükan arxasında” adlı qısa hekayəsi təqdim edilir.

COŞQUN XƏLİLOĞLU

 SÜKAN ARXASINDA

QISA HEKAYƏ

Ceyhun babanın altmış beş illik ömründə heç vaxt  maşını olmamışdı. Gəncliyində kasıbçılıq, sonralar isə ailə qayğıları ona bu barədə düşünməyə belə imkan verməmişdi. Düzdür, təqaüdə çıxmağa az qalmış bir az vəsaiti var idi. Amma fikirləşirdi ki, artıq gecdir. Maşın sürməyi öyrənmək üçün xeyli vaxt, təcrübə və bacarıq lazımdır. Onun üçün maşın sürmək həmişə əlçatmaz,  məsuliyyət tələb edən və həyəcanlı bir məşğuliyyət idi. Amma hər şey beşyaşlı nəvəsi Muradın   onlara qonaq gəlməsi ilə dəyişdi.

Həmin gün parkda gəzərkən Murad rəngbərəng  attraksion maşınlarının olduğu meydançanı gördü. Balaca əlləri ilə babasının pencəyindən dartıb, “Baba, mən də sürüm!” –  yalvarışa bənzər səslə dedi. Meydançada uşaqlar maşınları bir-birinə çırpır, gülüş səsləri, şən qışqırıqlar ətrafa yayılırdı. Murad hələ çox balaca idi, maşını tək idarə edə bilməzdi. Nəzarətçi gülümsəyərək dedi: “Əmi, Siz də minməlisiniz, uşaq hələ kiçikdir.”

Ceyhun baba birdən duruxdu. Ətrafa boylandı. O, yaşlı bir adamın  oyuncaq maşına minməsini ayıb, bir az da gülünc hesab etdi. “Yox, a bala, mən hara, maşın hara? Ayıbdır, camaat baxır,” deyə tərəddüd etdi. Amma Muradın nəmlənmiş gözlərini görəndə tab gətirə bilmədi. Utana-utana, əynindəki təzə, səliqəli kostyumla balaca, qırmızı maşına tərəf addımladı və güclə də olsa, Muradın yanında əyləşdi.

 Siqnal səsi eşidildi və maşınlar işə düşdü. Murad sevinclə sükandan yapışdı, amma maşını döndərə bilmədi. Ceyhun baba böyük əlləri ilə balaca sükanı bərk-bərk tutdu, ayağını isə ehtiyatla qaz pedalına basdı. İlk toqquşmada maşın titrədi və onlar silkələndilər. Baba diksinən kimi oldu, amma Muradın bərkdən gülməsi onun ürəyinə sərinlik gətirdi. Digər maşın gəlib onlara dəyəndə, baba artıq özü də bilmədən sükanı sola burdu, cəld manevr etdi. Üç-dörd dəqiqə ərzində o, illərdir unutduğu, bəlkə də heç yaşamadığı bir hissi – uşaqlıq sevincini dadırdı. Çöhrəsindəki o ciddi, qaraqabaq ifadə yox olmuşdu – uşaq kimi gülümsəyirdi.

 Növbəti gündən başlayaraq hər gün axşamçağı baba nəvəsi ilə parka gəlir, bilet alıb maşına minirdilər. Bu zaman təkcə balaca Murad yox, həm də baba sevinirdi.  Ceyhun baba artıq qazı vaxtında verməyi, toqquşmalardan yayınmağı öyrənmişdi. O, sanki itirilmiş uşaqlığını bu balaca meydançada tapmışdı.

Amma hər gözəl nağılın bir sonu olur. Bir neçə gündən sonra Muradın valideynləri gəlib uşağı öz evlərinə apardılar. Muradsız  ev birdən-birə  sanki boşaldı, səssizləşdi.

Ertəsi gün Ceyhun baba yenə parka gəldi. Ayaqları onu ixtiyarsız maşın meydançasının yanına gətirdi. Kənarda dayanıb rezin altlıqlı maşınların səsinə, uşaqların hay-küyünə qulaq asdı. İçindən qəribə bir istək keçdi: “Gedim bir bilet alım, yenə sürüm”.

 Amma yanında nəvəsi yox idi. Təkbaşına o maşına minsə, kənardakılar nə düşünərdilər? “Ağsaqqal kişidir, deyəsən, başı çatmır”, deyərdilər.

Cibindəki pulu yoxladı. Pulu var idi. Amma özündə cəsarət tapıb nəzarətçidən xahiş edə bilmədi. İndi o, meydançanın dəmir barmaqlıqlarından yapışıb içəridəki maşınlara baxan kasıb və oyuncaqsız qalmış uşaqdan fərqlənmirdi. Uşaqlığında kasıbçılıqdan oyuncaq maşınlarla oynaya bilmədiyi günlərin həsrəti, qocalığın gətirdiyi “ayıbdır” qorxusu ilə birləşmişdi.

Ceyhun baba dərindən ah çəkdi, əllərini pencəyinin cibinə qoyub, sakitcə evlərinə tərəf addımladı. Amma əllərində o balaca sükanın istisini hiss edir, Muradın dünən maşından düşərkən çöhrəsini bəzəyən gülüşünü xatırlayırdı.

“Ədəbiyyat və incəsənət”

(23.06.2026)

Mənbə: https://edebiyyatveincesenet.az/

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir