Vüqar ƏHMƏD.Həyatı və Yaradıcılığı

1236670_469018896547356_2019245038_n

Vüqar ƏHMƏD (Vüqar Mikayıl oğlu Əhməd) 1963-cü il aprel ayının 17-də Bakı şəhərində anadan olub.
1984-87-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə «Novruz» qəzeti və «Azərbaycan dünyası» nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri həmkarlar komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2005-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb. Eyni zamanda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycan Müəllimlər İnstitutunun professorudur.
Azərbaycan Milli Dram Teatrının (Türk işçi teatrı) ilk direktoru və baş rejissoru Bilal Əhmədin qardaşı nəvəsi, bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır.
Ailəlidir, bir oğlu, bir qızı var.
1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu «Fərqlənmə» diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib.
1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
«Rus uşaq ədəbiyyatı və Azərbaycan» (Bakı, 1992), «Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı» (Bakı, 1998), «Azərbaycan uşaq ədəbiyyatı» (Bakı, 2006), «Ədəbiyyatşünaslıq» (Bakı, 2007) və s. kimi 25 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifidir.
Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir.
Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birlikləri, «Muğam» assosiasiyasının, Bakı şəhəri icra hakimiyyəti ali mədəniyyət şurasının üzvüdür.
«Araz» ali ədəbi, «Abdulla Şaiq», «Məmməd Araz», «İlin nəğməkar şairi», 2 dəfə «Zirvə», «İlin mahnısı» və s. mükafatlarla təltif olunub.

SƏNƏ QURBAN OLSUN CANIM, AY ANA

Ağaran saçların gümüşə çalır,
Düşünən gözlərin xəyala dalır,
Gecələr xəyalın özünlə qalır,
Sənə qurban olsun canım, ay ana.

Gecələr sübhədək qaldın sən oyaq,
Böyütdün zəhmətlə gör neçə uşaq,
Bütün arzulara sən oldun dayaq,
Sənə qurban olsun canım, ay ana.

Uşaqlığın düşüb müharibəyə,
45-də sevindin yad qələbəyə,
Qocalıq da düşdü müharibəyə,
Gülüstanı verdik dığa, gədəyə.

Xoş gün görməmisən, hər anın çətin,
Analar vüqarlı, analar mətin,
Sonunu gözləyin bu qiyamətin,
Sənə qurban olsun canım, ay ana.

Məktəbə gedəndə sevindin necə.
Gözünə yuxu da getmədi belə,
Dərsdən “2” alsam alardın vecə,
Sənə qurban olsun canım, ay ana.

Hər sözə,kəlməyə sən “can” deyərdin,
Biz yeyib doyanda sən də yeyərdin,
Əla geyinsəm də kasıb geyərdin,
Sənə qurban olsun canım, ay ana.

Namazda duanı bizə edərdin,
Bazara, dükana özün gedərdin,
Yıxılıb əzilsəm özün döyərdin,
Sənə qurban olsun canım, ay ana.

Heç bilmədim haçan, nə vaxt böyüdük,
Əllə yox, sözünlə hərdən döyüldük,
Sən olmasan bizdə indi veyildik,
Sənə qurban olsun canım,ay ana.

Şairlər, rəssamlar və bəstəkarlar,
Ana tək bir dahi ola bilmədi,
Südünü itirən qulaqlı karlar,
Allah, ana qədri, niyə bilmədi?

Hanı meydanlarda ana heykəli,
Heykəltaraşların yoxdu əməli,
Anadır dünyanın qiymətli ləli,
Sənə qurban olsun canım, ay ana.

Qızlar müdrikləşir ana olanadan,
Qızlar müdrikləşir ana olanadan,
Analar nigaran qalır baladan,
Ananı müqəddəs edib Yaradan,
Sənə qurban olsun canım, ay ana.