Kənan AYDINOĞLU

SƏN MƏNİM QƏDRİMİ BİLMƏDİN, DÜNYA!

Mən sənin nəyinə inanmalıyam,
Sən mənim qədrimi bilmədin, dünya?!
Nə vaxtı tökdümsə gözüm yaşını,
Gözümün yaşını silmədin, dünya!

Şükür ki, dayaqdı mənə YARADAN,
Seçmədin heç zaman ağı qaradan.
Bir gün dağılassan onsuz aradan,
Sevinci mənimlə bölmədin, dünya!

Kəlmənə aldanmaq bilirəm hədər,
Sənə aldanmaq da özü bir kədər.
Yenə yaranışdan bu günə qədər,
De, niyə ölmədin, ölmədin, dünya?!

Doğrunu gizlətdin doğru gözündə,
Ucaltdın özünü oğru gözündə.
Həqiqət yox imiş bircə sözündə,
Doğrunu heç doğru görmədin, dünya!

Daşlardan başına gərək min dəyə,
Gah dağa çevrildin, gah da kündəyə.
Haqqın yolun tutan mömin bəndəyə,
Sevinc sarayını hörmədin, dünya!

MƏNİ AYIRMAYIN ŞEİR DÜNYAMDAN!

Dastanlar torpağa düzülən zaman,
Göz yaşım dodaqla büzülən zaman,
Qəlbimdən incilər süzülən zaman,
Məni ayırmayın şeir dünyamdan!

Torpağa gətirsəm, yurdun daşını,
Salamat görərsiz şair başını.
Həsrətdən tökdümsə, gözüm yaşını,
Məni ayırmayın şeir dünyamdan!

Torpağım canına hopdumsa, yenə,
Tufana çevrilib qopdumsa, yenə,
Özümü özümdə tapdımsa, yenə,
Məni ayırmayın şeir dünyamdan!

Sarayda dan kimi sökülən kimi,
Qəlbimdən nəğmələr tökülən kimi,
Dağı görən belim bükülən kimi,
Məni ayırmayın şeir dünyamdan!