BU YAĞIŞ
Döyür pəncərəmi payız yağışı,
Dəli sevgimizin göz yaşı kimi,
Səni arzulayır kövrək baxışım,
Neçə min illərin sirdaşı kimi.
Elə möhtacam ki, bax bu an sənə,
Qəlbimin ağrısın yağış da duyur.
Səngimək bilməyə bu yağış yenə
Bəlkə sevgimizin günahın yuyur.
Həsrət ünvanlıdı, vüsal gileyli,
Mənə gizli-gizli baxan bu yağış.
Baxışı Məcnundu, gedişi Leyli,
Sevdalı qəlbimə axan bu yağış.
Gəl tut əllərimdən ürəyimizi –
Yağışın altında boşaldıb, doyaq.
Gizlədək, yağışdan gileyimizi,
Özümüz sevginin günahın yuyaq.
MƏNƏ BİR NAĞIL DEYİN
Könlüm nağıl istəyir
Bir məhəbbət nağılı,
Mənə bir nağıl deyin.
Lap nənəmin nağlı tək
O nağıl ki,
içində qalım yarla təkbətək…
Kaş nənəm sağ olaydı…
Başımı dizi üstə
qoyaydım sübhə qədər.
Nağıllaşan dünyamda
əriyəydi gecələr.
Dinləyəydim nənəmin
şirin nağıllarını,
Onun nağıllarında tapır
yar öz yarını.
Mənə sevmək öyrətdi,
Nənəm nağıllarıyla,
qalıbdı yaddaşımda
nənəm nağılları tək,
düz əhdi-ilqarıyla.
Mənə bir nağıl deyin.
O nağıl ki, orada
görüm özüm – özümü
deyə bilim sözümü.
Gəlsin Ağ Atlı oğlan
Məni alsın tərkinə,
Dözsün bu məhəbbətin
əzabına, ərkinə.
Bağrını yara-yara
qalxsın ağ buludlara,
Aparsın bu dünyadan
məni çox uzaqlara.
Keçək ağ buludlardan
olaq ayrı aləmdə.
Bax, ayılam bu dəmdə.
Göydən üç alma düşə,
Biri mənim, biri nənəmin
Biri də mənim kimi
sevib-sevilənlərin.
ÇOX BAXACAQSAN
Küsmüşəm barışan deyiləm daha,
Çıxıb gedəcəyəm bir qərib yerə.
Sənsiz gözlərimdə doğan sabaha,
Baxıb hönkürəcəm gülüm min kərə.
Boylanıb qəlbimin pəncərəsindən,
Dikəcəm yoluna həsrət gözümü.
Diksinib qalxacam qəfil səsindən,
Yenə axtaracam özüm – özümü
Gecələr bürünüb hicran donuna
Vüsal yuxumuza lay-lay çalacam.
Yenə yuxularda qaçıb yanına.
Yenə də bir anlıq sənin olacam.
Ayılıb həsrətin qəm yuxusundan,
Eh… məni o qədər axtaracaqsan.
Yapışıb könlümün lal yaxasından,
Mən gedən yollara çox baxacaqsan.
Mən gedən yollara çox baxacaqsan.
SƏN GETDİN
Sən getdin göynədi sinəmdə ürək,
Yox olub əridi ömrün illəri.
Soldu qucağımda arzularım tək,
Dərib gətirdiyin sevda gülləri.
Sən getdin… arxanca baxan gözlərim –
Su səpdi yoluna aydınlıq üçün.
Dilimdə ilişib qalan sözlərin,
Bir haray salmadı, bilmədim neyçün?
Sən getdin… eşqinin bahar naxışı,
Min ilmə toxudu payız ömrümə.
Gözümdən süzülən sevda yağışı.
Sanki qılıncını çəkdi könlümə.
Get gülüm, – qınama sənsiz səbrimə,
Küləklər yan alar, sellər yan alar.
Get barı, tez qayıt, mənim xətrimə,
«Sənsizlik» dərd olub məndən can alar.
EŞQİMİN QIŞ HARAYI
Payız elə getdi, qış belə gəldi,
Ayrılıq küləyi əsdi bir ucdan.
Görüşə bilmədik, bu necə dərddi?
Qar da yolumuzu kəsdi bir yandan.
Sanki acıq çıxır təbiət bizdən,
Görüşmək vədəmiz uzanır yaman.
Həsrət də qar kimi gözlərimizdən,
Yağıb sinəmizdə qoparır tufan.
Bölündük sevginin fəsillərinə,
Eşqimiz, baharkən, özümüz qışıq.
Bəlkə ömrümüzün son illərindən,
Bəxtin yollarına atılmış daşıq?!
Eh… yenə səbrimin üstünə əsir,
Sənin göndərdiyin şaxta, qar, boran.
İnan ki, yolumu eşqimiz kəsir,
Yoxsa, bu yollarda kimdi ki, duran?!
“Ulduz” jurnalı, İyun 2012