10304351_268609333324646_7910328543693681828_n

Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.

***

Torpaqdı, – sonunda bir ovuc küldü,
Nəyinə gərəkdi ad, qəbirlərin?
Ölmə, qəbrin üstə bir gül bitər ki,
Sevdası titrəyər yad qəbirlərin.

Başını dik saxla düz ağac kimi,
Heç kim köç aramır yolun altında.
Gedəndə, elə get, büdrəmə, yoxsa,
Üç yerdən əzilər qolun, altında.

Onsuz da bu ömür köç yolu deyil, –
Tanrı, bu həyatı cır da, pul kimi!
…Mən sənə sevgimi ütülə dedim,
Demədim, çölə at xırda pul kimi.

***

Yaram qaysaq tutub, dərim dartılır,
Hicran sinəm üstə sac qoyub sanki.
Ruhum öz-özünü elə qınayır,
Üç körpə balasın ac qoyub sanki.

Gəl, gözüm ağrıyır, baxışını sürt,
Canımı canına sığışdır, gedək.
Daha yaşamalı halı da yoxdur,
Bu evi sil-süpür, yığışdır, gedək.

Gəl, birgə üz tutaq Allaha, soraq: –
Nədən zülm eləyir bəndə özünə?
Bizim günahımız ayrı-ayrıdır,
Mən özümə baxım, sən də özünə.

***

Ömür nə şeydi ki, – bir göz qırpımı,
Gəlmək də, getmək də bir anlıq olur.
Tale hər adama rəhm eləmir, qız,
Sevdasız ürəklər viranlıq olur.

Mən hələ yatıram – ruhum yuxulu,
Sübh tezdən üfürür şamı dan, xəlvət.
Dünyanın son günü bir xəstə qızla,
Kəbin kəsdirəcəm hamıdan xəlvət.

Nə çox boylanırsan bu yalqız kəndə,
Bu kəndin bir-iki pir adamı var.
Hardasan, ay ölmüş, gəl, qapımı aç,
Desinlər, bunun da bir adamı var.

***

Ərini nifrətə bulayıb
Özgə kişiyə meyl edən qadının
İştahı qədərdi sevgi.
Kama çatan kimi qurtarır.

***

Ömür yanımdan ötür,
Bir kölgə, bir fon kimi.
Arzular çəp görünür,
Sonuncu vaqon kimi.

Deyən, dərdə xoş gəlir,
Sifətimin ağlığı.
Nə qədər gözləyəcəm,
Burax bu uşaqlığı.

Ürəyin ağ varaqdı,
Bir kəlmə yaz, uzat, qız.
Mən gəlməyən yollara,
Gözünü az uzat, qız.

***

Mən də tərs sevdanın əsiri oldum,
Eşq məni çürütdü – leş elədi, qız.
Mən dörddən dörd çıxdım, sıfır elədi,
Sən birdən bir çıxdın, beş elədi, qız.

Məəttəl qalacaq bu sirrə hamı,
Yer tabut çoxaldır sinəsi üstdə.
Sənin beş arzunun çiçəyi açdı,
Mənim dörd arzumun binəsi üstdə.

Ömür hər adama bir qucaq yükdür,
Adamın ölüdən daş fərqi var, qız.
Sən vaxtı dayandır, mən sənə çatım,
Bizim aramızda yaş fərqi var, qız.

***

Ruhum vəcdə gəlir lal sevda kimi,
Cismimin altında təpə oynayır.
Sən elə süzürsən, elə bil ki, qız,
Suların qoynunda ləpə oynayır.

Kölgəmin tabutu elə cür durub,
Elə bil torpağa düz xətt qoyublar.
Sənə vermədiyim vədin altından,
İmza əvəzinə yüz xətt qoyublar.

Eşqdən kim yorulub, biz də yorulaq,
Deyəsən, gün keçir, boynum üşüyür.
Sanki xəzan vurmuş quru yarpaqdı,
Qızlar bir-bir düşür, qoynum üşüyür.

BİLMİRƏM

Həsrət – yoxluğu anmaqdır,
Sevmək – taleyi danmaqdır.
Ruhun sevdası yanmaqdır,
Yanım, yanmayım, bilmirəm.

Bəxt ki var, məzədir, meydir,
Lütdü, dur ruhumu geydir.
Həyat da pir kimi şeydir,
Danım, danmayım, bilmirəm.

Üstünə çıxma yaş daşın,
Olmur həyanı daş daşın.
Yuxuma girir başdaşın,
Anım, anmayım, bilmirəm.

***

Çoxdur təbiətin bakirə yeri,
Hər yol öz ağlığın saxlaya bilmir.
Dərdin kağızında imza yeri yox,
Dərd çürük diş kimi laxlaya bilmir.

Bir pəri boylanır hər səhər göydən,
Ona əl uzadın, şən ola bilsin.
Başının altına kətil qoyun ki,
Boyu kölgəsilə tən ola bilsin.

Baxma, mığmığalar şivən qoparır,
Bəzən pir sayılır su başı, adam.
Madam ki, üstündə gəzdirə bilmir,
Nə üçün saxlayır bu başı adam?

“Ulduz” jurnalı, Avqust 2013