
Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri,
QARABAĞDA daş qalağına çevrilmiş evlərə
ELEGİYA
Mən bir daş qalağıyam,
qocalan keçmişimin ağ yaddaş qalağıyam,
axıb keçən zamanın içində bir kəsiyəm,
çapığıyam torpağın,
daş olan arzuların yosun tutmuş üzüyəm.
Üzüyümü quşların barmağına taxmışam,
Daşdan namə daşıyır.
Sükutum bir uçurum, səsim dərin quyudur,
Mən bir daş qalağıyam…
Boylandım uzaqlara, gələn kimin boyudur?
Divarları uçanda
kərpic-kərpic içinə tökülərmiş
insan da,
məni görməyə gəldin,
daş qalağı olsam da…
Saraydım, ölümsüzlük qoxusuyla yaşardım…
İndi daş qalağıyam,
səs gələndə daşardım…
Nə açar açır məni,
Nə zərbə, nə də yağış,
Mən bir evdə qalanam – qərinələr qarımış…
Gözlərim daşla doldu,
Ürəyimlə kök atdım,
Hansı yuxuda keçdim uzun-uzun yoları,
Gün batdı addım-addım…
Ən dərin kitab torpaq,
ən doğru imza daşdı.
Məni yenidən yazma,
tök qarşına daşları, qələminlə qarışdır…
Mən kiməm, mən nəçiyəm,
mən ki daşa dönmüşəm!
Elçi daşı, elçiyəm,
gəlmişəm ayağına,
ellə köçüb gedənlə –
məni mənlə qovuşdur…
QUM SAATI
Daşın da canı var, qumun da dişi,
Gəmirir ömrümü bu qum saatı.
Əqrəbə dönürdü boğazdan keçib,
Fikir tunelində uddum saatı.
Nə daşlar oynadı, nə qum töküldü,
Sevgiylə hörülən divar kimiydim.
Sən məni göylərə qaldıracaqdın,
Əsirdim üstündə, hava kimiydim.
Gün gəldi, divara qondu ürəyin,
Ritmini könlümdə hiss eləyirdim.
Sənin gəlişinə qurub qəlbimi,
Zamanı saata hissələyirdim.
Vaxt keçir qoluma qandal olurdu,
Bəxtin boğazından axıb düşdükcə,
Süzülüb içimə töküldü hər şey,
Quyuya dönürdüm dərinləşdikcə…
Birikdi dibimdə günlərin dağı,
Düşdü ürəyimə bir qəm dənəsi,
Zamandan zamana yol gələ-gələ,
Saata çevrildi bir qum dənəsi.
Daşın da canı var, qumun da dişi,
Gəmirir ömrümü bu qum saatı.
Oyanıb gələcəm, duyub gələcəm,
Özümdən sonraya qurdum saatı.
İKİ YOXLUQ ARASINDA
Yenə dolum başladı, yenə yaş üstünə yaş,
Ömrüm qum saatında əriyir yavaş-yavaş.
Ruhum inad eyləyən bir uşaq sayağıdır,
Ürək ki var, dünənin sınıq oyuncağıdır…
Nə keçmişə əl çatar, nə gələcək bir liman,
Bircə anlıq işığam, zülməti yırtan zaman.
Öz içimə qonağam canımın süfrəsində,
İçim içimi yeyir, bir köç ərəfəsində…
Nə gələn var, nə gedən, yol mənəm, yolçu mənəm,
Yol da uzanıb gedir, yolun əlacı mənəm.
Zaman kor bir dəyirman, üyüdür hər anımı,
Mən bir toz zərrəsiyəm, bürüyür dörd yanımı.
Ulduzların dili lal, göy üzü bir dar qəfəs,
Varlıq — iki yoxluqdan borc alınan bir nəfəs.
Gözümdən sual yağır, mən hara, bu yer hara?
Sirr mənəm, sirdaş mənəm, kim məni çəkir dara?
Məkan əbədiyyətin içində bir sancıdır ,
Varlığım yoxluğumun gecikmiş sevincidir.
Yer üzü bir aynadır, məni də bağlayarmı?
Mən sındım, ayna qaldı… Aynalar ağlayarmı?
Mənbə: https://zerifkolgeler.com/