“Vektor” Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı,
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı

Əvvəli saxla yadında,
soruşma, ardı soruşma.
Nə zamansa mən adında
birisi vardı…soruşma…

Kimi kim itirdi necə,
Kiminki gətirdi necə…
Bu necə kətildi, necə,
bu necə dardı, soruşma…

Yadam səndən özgəsinə,
Qadam, səndən özgəsinə.
Nədən səndən özgəsinə
gözlərim kordu, soruşma…

Dünyadı, min dolağı var,
Min yolu var, yolağı var.
Bilmirsənmi qulağı var,
burası yerdi, soruşma…

Demişdim sənə, çəkirəm,
Gərmişəm sinə, çəkirəm.
Heç soruşma nə çəkirəm,
dərdlidən dərdi soruşma…