TURAC

Çıxdı Kürün qırağında
Qarşıma bir bala turac.
Yada düşdü keçən günlər,
Kaş o dəmlər ola, turac!

Ürkək gözəl təkdi, keçdi,
Kolluqlarda səkdi keçdi.
Sinəmə dağ çəkdi keçdi,
Getmə bir an, qal, a turac!

A Muğanın gözəl qızı,
Unutdunmu andımızı?
At işvəni, burax nazı,
Qon yamaca, yala, turac!

Gəl səninlə səhər-səhər
Seyrə çıxaq biz bir qədər.
Ömrümüzdən keçən günlər
Bir də dönmür dala, turac.

Çöllər yanar Kür olmasa,
Qəlb boş qalar sirr olmasa,
İki ürək bir olmasa
Dostlar getməz yola, turac.

Kürçaylı adlanan kəsin
Dərmanıdır sənin səsin.
Sən oxu, o şeir desin,
Qıyma əhli-hala, turac!

1956

HƏYAT

Kiminə laləli seyrəngah olmuş,
Kiminə quyudur, tələdir həyat.
İnsanı üyüdür dəyirman kimi,
Sonra da ələkdə ələdir həyat.

Yolları gah nurlu, gah da dumandır,
Gah bəla gətirən, gah qəm alandır.
Kiminə dalğalı bir okeandır,
Kiminə damcıdır, gilədir həyat.

Kiminə şeş qoşa, kiminə dübir,
Kimini şah edir, kimi vəzir.
Kiminin gözündə kefdir, nəşədir,
Kiminə ağır bir şələdir həyat.

Gah qurur, yaradır, gah da sökdürür,
Gözü gah güldürür, gah yaş tökdürür.
Quzuya şir kimi nərə çəkdirir,
Şiri quzu kimi mələdir həyat.

Qəmə sevinc qatır, sevincə kədər,
Verdiyi nəşə də əzabdan betər.
Kürçaylı, bu giley, şikayət yetər,
Əzəldən belədir, belədir həyat!

1976