AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Qəbələ Nic qəsəbəsi.

Qəbələnin turizm xəritəsində özünəməxsus yeri olan Nic qəsəbəsi qədim tarixi, zəngin mədəni irsi və çoxmillətli mühiti ilə seçilir. Bura Azərbaycanın əsrlər boyu qorunub saxlanılan mədəni irsi ilə yaxından tanış olmaq üçün ideal məkandır.

Qəbələ-Oğuz avtomobil yolundan Nic istiqamətinə dönərkən mənzərə tədricən dəyişir. Şəhərin səs-küyü geridə qalır, yol yaşıllıqların arasından keçərək qədim qəsəbəyə aparır. Qəbələdən təxminən 24 kilometr məsafədə yerləşən Nicə çatdıqda ilk diqqət çəkən sakitlik, yaşıllıq və özünəməxsus ab-havadır. Burada 6000 çox vətəndaş yaşayır və onların 3700 nəfəri udidir. Nic udilərin qədim yaşayış məskənlərindən biridir. Azərbaycanlılar, udilər, ləzgilər və digər xalqların nümayəndələri əsrlərdir bu məkanda birgə yaşayırlar. Bu müxtəliflik Nicin mədəni simasının əsas xüsusiyyətlərindən biridir.

Səyahətə “Cotari” Alban-Udi kilsəsindən başlamaq mümkündür. Ardınca Müqəddəs Məryəm Ana kilsəsini ziyarət etməklə qəsəbənin dini və tarixi irsi ilə daha yaxından tanış olmaq olar. Nicdə üç kilsə və iki məscidin yerləşməsi burada müxtəlif dini ənənələrin uzun illər ərzində bir arada icra olunduğunu göstərir.

Nicdə turistlərin marağına səbəb olan əsas ünvanlardan biri Azərbaycan Udi Ocağı tarixi-etnoqrafik park-muzeyidir. Açıq səma altında fəaliyyət göstərən muzeydə udi xalqının həyat tərzini əks etdirən qədim məişət əşyaları, milli geyimlər, təsərrüfat alətləri və digər etnoqrafik nümunələr nümayiş etdirilir.

Muzeyin diqqətçəkən nümunələrindən biri XVII əsrin sonlarına aid olduğu bildirilən ənənəvi udi evidir. Bu ev udi xalqının keçmiş məişəti və yaşayış mədəniyyəti haqqında təsəvvür yaratmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Qəbələyə yolunuz düşərsə, marşrutunuza Nic qəsəbəsini də əlavə edin. Çünki Nic Azərbaycanın tarixini, mədəni müxtəlifliyini və yaşayan irsini bir arada görə biləcəyiniz nadir məkanlardan biridir.

Müxbir – Rəşad Türkoğlu

Mənbə: https://azertag.az/files