QALIR

Ağırdır itkisi ilk məhəbbətin,

İzi acıların başında qalır.

Doğmasın axtaran yetim uşaq tək,

Bir əlin quruyub qaşında qalır.

Yaşamır həyatı sezmir ürəyin,

Özünə rahatlıq gəzmir ürəyin,

Qırılır içində, dözmür ürəyin,

Çatı torpağında, daşında qalır.

İrəli, gah geri sayırsan müdam

Əlliyə yetişəm, yetmişə çatam.

Nə illər ötsə də, böyümür adam,

O tərk edildiyi yaşında qalır…

BİRİNİ MƏN TUTUM, BİRİNİ SƏN TUT

Gülüm, əlimizdə iki ürək var,

Birini mən tutum, birini sən tut.

Nə qədər həyatda gözəl dilək var,

Birini mən tutum, birini sən tut.

Təklik, tənhalıqla axı nə işin,

Sala ömrümüzə zülümət dişin.

Gəzək işığında, Ayın-Günəşin

Birini mən tutum, birini sən tut.

Saraq yaramızın su salan yerin,

Öpək gözümüzün saralan yerin,

Sevgi qatarında boş qalan yerin

Birini mən tutum, birini sən tut.

Bizim də çevrəmiz, cızımız olsun,

Niyə içimizdə sızımız olsun?

Evlənək, oğlumuz, qızımız olsun,

Birini mən tutum, birini sən tut.

        UNUDANLARI

Könül, işığına tamarzı saxla,

Səni səhərində unudanları.

Ümid ver, içində nə arzu saxla

Unut təhərində unudanları.

Biz ki az görmədik çatıb qaşını,

Sıxıb ayağına gözün yaşını,

Qan-tərin içində yol yoldaşını

Minib kəhərində unudanları.

Bir ağız danışıb yatar kölgəyə,

Bənzəməz bildiyin yada, özgəyə,

Sayanda ilanla qoy bir cərgəyə,

Dilin zəhərində unudanları.

Əmək ver, sevgi ver il-il doyacaq,

Böyüt bir ağac tək, sanma duyacaq,

Sabah çöpünə də həsrət qoyacaq,

Bu gün bəhərində unudanları.

Nəyi gözləyirsən, elə de də sən…

Yol ara başını alıb gedəsən,

Daha sevincinə ortaq edəsən

Niyə qəhərində unudanları.

                           QƏZƏL

Gülüm, sözümdən incimə, ədavət etmirəm ki mən,

İl-il kəsirsən ömrümü, şikayət etmirəm ki mən.

Varaqla bir məcəlləni, ya sor müəllifin tapıb,

Sevincə qarə gözlərin cinayət etmirəm ki mən.

Bu aşiqin ki haqqıdır, nədəndi hiddətin sənin?

Görüşmək istədikdə hər qəbahət etmirəm ki mən.

Edib kitab gətirmisən qalaq-qalaq sən üstümə,

Olub bitən nağılları qiraət etmirəm ki mən.

Özün gəl istədikdə hər, özün də istədikdə get,

Qarışmıram ki, qəlbinə siraət etmirəm ki mən.

İnan yorulmuşam daha, nə var gecəm, nə gündüzüm,

Zülümdəyəm qəminlə, istirahət etmirəm ki mən.

A Valeh, istəyirsə yar deyim, düşünməsin dərin,

Nədir yolum, yönüm budur, siyasət etmirəm ki mən.

                          QƏZƏL

Çox çəkmə deyirdin hələ hicran bizə düşmür,

Heç ildə yolun bir dəfə, canan, bizə düşmür.

Olsan da bir addımlıq uzaqlıqda, sən ay tək

Nurun tutalı hüsnünü pünhan, bizə düşmür.

Gülşəndə küləklər şana, sancaq tikan olmuş,

Zülfün darayıb sevməyə imkan bizə düşmür.

Yarın gülüşü ömrü deyirlər uzadır bəs,

Neyçün de kəsirsən, belə dərman bizə düşmür?

Candan belə keçdik, nəyi nəsdir axı eşqin?

Fırlansa da lap tərsinə dövran, bizə düşmür.

Qəbul deyiliymiş, tökülən qanlara yazıq,

Qurban özümüzkən, demə qurban bizə düşmür.

Diqqətli at addımları, ölçün-biçin olsun,

Bundan belə, Valeh, daha nöqsan bizə düşmür.