Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
SƏN OLMASAYDIN
Ruhumu oxşayıb, güldürən gözəl,
Eşqini gözüylə bildirən gözəl,
Məni baxışıyla öldürən gözəl,
Susardı bu dilim, sən olmasaydın.
Düşməzdi bəxtimə taledən bir pay,
Qəlbimi didərdi acı hay, haray,
Sönərdi gözümdə nurlu günəş, ay,
Gəlməzdi xoş ilim, sən olmasaydın.
Bar, bəhər gəlməzdi güllü bağlara,
Qovuşa bilməzdim gözəl çağlara,
Uca zirvələrə, uca dağlara,
Yetişməzdi əlim, sən olmasaydın,
Çıxmazdım zülmətdən gün işığına,
Dönüb, dolanmazdım şamın başına,
Baxıb təbiətin yaraşığına,
Sevinməzdi elim, sən olmasaydın.
Sən oldun sevdirən dünyanı mənə,
Baxıb heyran oldum gözəlliyinə,
Vallah minnətdaram əzizim sənə,
Solardı tər güllər, sən olmasaydın.
ANA
Ana, həsrətinə tablaşmır ürək,
Sənsiz dünya, aləm nəyimə gərək,
Niyə sənə qıydı, o zalım fələk,
Yaşaya bilmirəm mən sənsiz, ana.
Qayğısız günlərim qaldı arxada,
Həsrətin qəlbimi salıbdı oda,
Sən məni çatdırdın şöhrətə , ada,
Yaşaya bilmirəm mən sənsiz, ana..
Sənsiz qırılıbdı qolum, qanadım,
Zirvə yollarında büdrəyib atım,
Sənsiz qəm-kərərdi ömrüm, həyatım.
Yaşaya bilmirəm mən sənsiz,, ana..
Ruhumu oxşamır açılan səhər,
Dilimi bağlayır acı bir qəhər,
Ömür, gün sürürəm indi bir təhər,
Yaşaya bilmirəm mən sənsiz, ana..
Gecələr cıxmırsan yuxumdan mənim,
Dərd, qüssə yapışır yaxamdan mənim,
Göylər alovlanır ahımdan mənim,
Yaşaya bilmirəm mən sənsiz, ana.