Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

***

Şeytan, közümdən götürüb
Közünün üstünə qoyur.
Günahı çörəktək öpüb
Gözünün üstünə qoyur.

Arzularım güvə tutub,
Dua evim damır ancaq.
Adam çörəyi tapdayır,
Günahı tapdamır ancaq.

Mən Adəm olandan, nəsə
Çaşır, bir daş atır hərə.
Adamda şeytanlığa bax,
Məni də öyrədib şərə.

Bir misralıq canı varmış əcəlin…
Çoxu ölüm əkəcəkdi orada…
Sən kölgəmin komasını uçurtdun,
Kimsə əzan çəkəcəkdi orada.

Dualarım ətəyimə ilişdi,
Kara yetdi səhv qurduğum tələ də.
Ruhum qatı gecələrə bulaşıb,
İşıq yoxdu üst-başında hələ də.

Barmaq vurma tətiyinə ölümün,
Tanrı qədər, balan qədər əzizsə.
Necə çıxım gözlərindən bu qızın,
Sevgi mənə yalan qədər əzizsə?!

Canım kilsə qapısıdı elə bil,
Çox açırlar onu həddən ziyada.
Bir gün məni axtarsalar, deyərsən:
– Pul atlıydı, o yazıq da piyada…