This image has an empty alt attribute; its file name is 79644024_835032433613820_2564097335432839168_n.jpg

QALMADI

Bu gün olanlar oldu ta,
Sabaha nəsə qalmadı.
Yollar yoxuşa dirəndi,
 Getməyə kəsə qalmadı.

Son ümid də axtalandı,
Gözlərdə qan laxtalandı.
Fələk satan, bəxt alandı, –
 Biz düşdük nəhsə, qalmadı.

Dan söküldü, qürub getdi,
Yalandan vay qurub getdi.
Gedənlər hayqırıb getdi,
 Bir söz də pəsə qalmadı.

Gülüm, saçların qulacdı,
Baxdım – gözümdə gül açdı.
Dünya yaxşıya qol açdı, –
 Heç zaman pisə qalmadı.

Bu son bir başlanğıc ola,
Eşidən başdan qıc ola,
Kim görüb ki, eşq qocala, –
 Adəmdən bizə qalmadı.

TÜNBƏTÜN OLMUŞ

Az qalır ödün ağzına
Gələ, a tünbətün olmuş.
Bu dünyada nə görmüsən
 Hələ, a tünbətün olmuş.

Sanma özünü bəy, ya xan,
Hələ didilməyib yaxan.
Bilirsənmi önün, arxan
 Tələ, a tünbətün olmuş?!

Əksilməz ki, dava başdan,
Gər çıxmasa hava başdan.
Günahını savab işdən
 Ələ, a tünbətün olmuş.

Əl atanın söz daşına,
Damarında köz daşınar.
Əməlini göz yaşına
 Bələ, a tünbətün olmuş.

Gil qarğış edir kəsəyə:
Bir yağış yağa, kəsməyə…
Vərdiş eyləmə kəsməyə
 Cələ, a tünbətün olmuş.

Civildə, miyolda getsin,
Nəyin var – bu yolda getsin.
Qoy adın bir yol da getsin
 Belə, a tünbətün olmuş.

Ulaqmısan, qatırmısan?!
Nə taxt qurub oturmusan?İ
Yəni belə qudurmusan,
 Ələ, a tünbətün olmuş?!

Çox güvənmə qarışına,
Çatan deyil ki, arşına,
Bir gün çıxacaq qarşına
 Kələ, a tünbətün olmuş.

NƏ DANIM

Daha titrək əllərindən
Üzülüb əlim, nə danım?!
Hamıdan ağıllı olan,
 Hamıdan dəlim, nə danım?

Qəlb didən oxun yox idi,
Sevgisiz yuxun yox idi,
Bir kərə “yox”un yox idi,
 Ay mənim “bəli”m, nə danım?!

Aramıza iblis girdi,
Girdi, özü də pis girdi.
Seryağublar şər püsgürdü,
 Vuruldu pəlim, nə danım?!

Daha düşmür pay qarmağa,
Baxıb gülür çay qarmağa,
Heymi qalıb hayqırmağa? –
 Olmuşam həlim, nə danım?!

Hanı o xoş anlı çağım,
Ötüb dəliqanlı çağım,
Ömürlə qanlıbıçağam,
 Gülür əcəlim, nə danım?!

Hər tərəf kor, hər yan sağır,
Göydən həsrət, nisgil yağır,
Bəlkə son deyil, sən çağır,
 Mən donüm gəlim… nə danım…

SÜBH ANA
Təcnis

Bu çayların yolu keçməz dərədən,
Suyu yoxsa, necə tutar dərə dən?
Sünbül olam, quşlar gələ dərə dən, –
 Yeyə, doya, şükr eyləyə Sübhana.

Birləşdimi, yumruq olar pənc ərən,
Dara düşsən, öndə durar pənc ər, ən,
Heç duydunmu döyüləndə pəncərən, –
 Gecə ata libasında, sübh ana.

Görən deyər beləsinə – möcüzə,
Belə buxaq, belə sinə – möcüzə.
Əl titrəyə, bel əsinə – möcüzə,
 Gözündəki zülməti də sübh ana.

ÇOXDANIN
Təcnis

Bu, çoxdanın yazısıdı, əzizim,
Yazıları oxunmaz ki, çoxdanın.
Hər açılan səhərlərə inanma,
 Arxasınca günəş doğmaz çox danın.

Zindan olar eşq əhlinə gecələr,
Göz yaşları yanaqlarda gecələr.
Tanrı göydən qəzəbini gec ələr, –
 Utanmayın, siz Allahı çox danın.

Çox da sənin topdağıtmaz varın var,
Çox da yığma gəl üstünə varın var.
Çox da… çox da… – bir fərqinə varın, var
 bir gün gedər güdazına “çox da”nın.
06.04.2020

ARTIQ

Yeni dünya düzəninin
Təməli görünür artıq.
 Şeytanların, iblislərin
 Əməli görünür artıq.

Bu sözə qul oldu bizlər:
“Nəfsi toxlar əyilməzlər”.
Min illərlə yeyilməzlər,
 Yeməli görünür artıq.

Bir “Xəndək” var, bir “Xeybər” var,
Gör nə qədər bixəbər var.
Nə “xeyir”dən bir xəbər var,
 Nə “bəli” görünür artıq.

Sonu varmış sabahların,
Göyə bülənd bu ahların,
Yerli, yersiz günahların,
 Bədəli görünür artıq.

ZALIM DOSTLARIN

Öldü sonuncu ümid də
Üzündən zalım dostların.
Yalnızlıq daha əfzəlmiş
 Yüzündən zalım dostların.

Min düşmən üstünə hürsə,
Dərd etmə ürəklər birsə.
Araz qurşağından, Kürsə
 Dizindən zalım dostların.

Cücərtməyir su hər dəni,
Qəbul etmir bu pər dəni.
Tanrım, qaldır bu pərdəni
 Üzündən zalım dostların.
08.03.2019.