Hər səhər məktəbə gedəndə səliqə ilə geyinmiş, gülərüz bir kişi ilə rastlaşırdım. Yolun xeyli hissəsini yanaşı gedirdik. Bu kişi çox mehriban və söhbətcil idi. Dərslərimi necə oxuduğumu soruşar, bəzən suallar da verərdi.
Bir dəfə Gülağa dayı ilə tanış olduğumu valideynlərimə bildirəndə atam:
–Hə, çox yaxşı adamdır–dedi.
Belə mərifətli adamla tanış olduğuma görə çox sevinirdim
Yay tətilinə buraxıldıq. Kənddə yaşadığımızdan oynamaqla yanaşı, ata-anama ev işlərində kömək də edirdim. Biz mal-qara saxlayır, toyuq-cücə bəsləyirdik. Çoxlu qazımız var idi. Onlar evimizdən bir az kənarda otlayır, axşama yaxın ya özləri qayıdır, ya da mən gedib gətirirdim.
Bir gün rayon mərkəzində yaşayan bibimin xəstələndiyini eşitdik. Gedib bibimə dəydik, axşama yaxın evə qayıtdıq.
Evə çatar-çatmaz anam dedi:
–Ay bala, bax gör qazlarımız haradadır?
Tez qazlarımızı axtarmağa getdim. Onlar çox zaman balaca bir axmazda olurdular. Axmaza yaxınlaşanda qazların bir yerə toplaşdıqlarını, qəribə səslər çıxartdıqlarını gördüm. Tez onları saymağa başladım. Biri çatmırdı. Təkrar saydım. Doğrudan da, biri yox idi. Ətrafa baxdım. Bir az aralıda bir nəfərin axmazın dayaz yerindən qamış biçdiyini gördüm. Çox sevindim:
– Salam, Gülağa dayı.
– Salam, Əhməd! Nə axtarırsan?
– Qazımızın biri yoxdur. Çoxdan buradasınız?
– Hə, amma qaz görməmişəm.
Nədənsə onun səsinin titrədiyini hiss etdim. Elə bu an biçilmiş qamışın üstünə tökülmüş qan ləkələri diqqətimi cəlb etdi. Bir az yaxına getdikdə qamışın altında nəyinsə ağardığını gördüm. Lap qaz qanadına oxşayırdı. Qamışı araladım. Səhv etməmişdim.
Qazı qaldırdım, onun kəsilmiş başından hələ də qan axırdı.
Başımı qaldıranda Gülağa dayını yerində görmədim. Ağlaya–ağlaya qazlarımızı həyətə gətirdim. Əhvalatı valideynlərimə danışdım. Amma onlar mənə dedilər ki, sən yəqin səhv etmisən, axmazda gördüyün Gülağa ola bilməz. O elə adam deyil.
Daha nə deyəcəkdim ki… Deməli, kiçiklər kimi, böyüklər də səhv edirlər.